Yaponiya qəzeti ermənilərin Azərbaycan şəhərlərini viranə qoyması barədə yazdı
Bizi izləyin

Nida Xəbər

Yaponiya qəzeti ermənilərin Azərbaycan şəhərlərini viranə qoyması barədə yazdı

Yaponiyanın “Shugoku Shimbun” qəzetində 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış Azərbaycan şəhərlərinin və kəndlərinin ermənilər tərəfindən viran qoyulmasına dair məqalə dərc edilib.

Publika.az-ın məlumatına görə, “Qayıtmağı arzulasalar da, doğma şəhərlərini dağıdılmış vəziyyətdə gördülər” adlı məqalədə ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmasından bəhs edilir. Cari il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibə nəticəsində Azərbaycan qoşunları tərəfindən azad edilən ərazilərə şəxsən səfər etdiyini bildirən müəllif Şinuci Haşimoto bu ərazilərdə böyük dağıntıların şahidi olmasından yazır. O, “ruhlar şəhəri” adını almış Ağdam və Fizuli rayonlarında evlərin və digər sosial obyektlərin yalnız divarlarının qaldığını bildirir. Müəllif tərəfindən təqdim edilən fotolarda dağıdılmış evlər, məscidlər, partlamamış raket aydın görünür.

Həmin rayonlara getmək üçün yola təqribən beş saat vaxt sərf etdiyini qeyd edən müəllif yol boyunca əkin sahələrinin yerləşdiyini, bu sahələrin xüsusən pambıq əkini üçün səmərəli olduğunu bildirir. Vurğulayır ki, yolboyu qarşılaşdığı yaşayış məskənlərinin hamısında ermənilər tərəfindən dağıdılmış obyektlərin, viranə qoyulmuş yaşayış məskənlərinin şahidi olub.

Yazıda müəllifin yerli sakinlərlə söhbətinə, onların doğma yurdlarına qayıtmaq üçün necə can atmasına, lakin geri döndükləri zaman xarabalığa çevrilmiş yaşayış məntəqələri ilə qarşılamalarına da xüsusi yer ayrılıb.

Məqalədə Azərbaycan Ordusunun cəmi 44 gün davam etmiş müharibə nəticəsində böyük əraziləri azad etməsinə də toxunulur. Qeyd edilir ki, Ermənistan ordusunun 30 il ərzində bu ərazilərdə qurduğu çətin keçilən istehkamlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ciddi döyüş əzmi nümayiş etdirərək işğal altında olan torpaqların böyük bir hissəsini azad edə bilib. Daha üç rayonu – Ağdam, Kəlbəcər və Laçın rayonlarını Ermənistan ordusu üçtərəfli razılaşmaya müvafiq olaraq, döyüşsüz tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm