İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı

Son 17 ildə ölkəmizdə həyata keçirən uğurlu daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib. Regionlara, eləcə də xarici ölkələrə səfərləri zamanı sadə vətəndaşlar, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla görüşüb onların problemləri ilə yaxından maraqlanan Prezident İlham Əliyev məhz bu keyfiyyətlərinə görə hər bir azərbaycanlının etimad və rəğbətini qazanıb.

Bu fikirləri Publika.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu.

Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi dövrdən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramlar, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı imzalanmış sərəncamlar üzrə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Ölkədə 1 milyondan artıq yeni iş yerinin yaradılması əhalinin həyat tərzinin yüksəldilməsində və gələcəyə olan inamın möhkəmləndirilməsində mühüm rol oynadı. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ölkəmizdə keçirilən prezident seçkilərində xalq dövlətimizin başçısına inandığını və güvəndiyini seçki məntəqələrində səsvermə ilə sübut edib. Son 17 ildə bölgələrimizin siması sürətlə dəyişdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin ən mühüm parçasına çevirdi.

Bu müddət ərzində dünyada və regionda baş verən hadisələr də təsdiqləyir ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. Azərbaycanın milli maraqlara əsaslanan, bərabərhüquqlu, bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş xarici siyasətin həyata keçirilməsi Ermənistanı işğalçı, ölkəmizi isə sülhsevər dövlət kimi tanıtdı.

Həyata keçirilən xarici siyasət kursunun prioritetini Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edib. Bu da Azərbaycanın mövqeyini dünyada gücləndirmiş, nüfuzunu artırmışdır. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz maraqların qətiyyətlə müdafiə edən, layiqli yeri olan, prinsipial mövqeyi ilə seçilən, qlobal proseslərdə fəal iştirak edən ölkədir.

Dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Ölkə başçısının xalqımızın ən yaralı yeri olan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qarşıya qoyduğu məqsəd, - Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək, – dünya birliyi tərəfindən də dəstəkləndi.

Söz yox ki, dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiya, o cümlədən Ermənistanın qeyri- konstruktiv mövqeyi, işğal siyasətindən əl çəkməməsi və “böyük Ermənistan” iddiası münaqişənin 30 ilə axın bir müddətdə davam etməsinə rəvac verdi. Ancaq bu müddət ərzində Qərbin bir sıra qərəzli dairələrinin təzyiqlərinə baxmayaraq, dövlətimizin başçısı geriyə çəkilmədi və ərzi bütövlüyümüzün təmin olunması yolunda prinsipial və qətiyyətli mövqeyini sona qədər davam etdirdi. Nəticədə 2020-ci il Azərbaycanın tarixinə Qələbə ili kimi həkk olundu. Eyni zamanda, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradı bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini, xalqımızın siyasi iradəsini, dövlət başçımızın qətiyyətini bir daha nümayiş etdirdi. Azərbaycanın tarixinə o da həkk olundu ki, ölkəmiz XXI əsrdə ilk və yeganə Zəfər paradı keçirən dövlətdir.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.

Yola saldığımız il həm kədərli, həm də sevincli notlar üzərində kökləndi. 2020-ci ilin əvvəlindən dünyanın başı üzərini almış koronavirus pandemiyası bizim də ölkəmizdən yan keçmədi. Ancaq dövlət başçımızın düşünülmüş siyasi kursu ölkəmizi bu bəladan ən az sərər çəkən dövlətlər sırasına qoşdu. Üstəlik, Azərbaycan pandemiyadan ciddi zərər çəkən 30 –dan çox ölkəyə humanitar yardım etdi və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində ianə etdi. Dövlət başçımızın təşəbbüsü ilə keçirilən Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşləri bir daha təsdiqlədi ki, ölkəmiz və onun başçısı COVID-19- la beynəlxalq səviyyədə mübarizə aparmağa hər zaman hazırdır. Dövlət başçımızın pandemiyaya qarşı mübarizəyə həsr olunmuş BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi Prezident İlham Əliyevin dünya birliyində artan reytinqinin göstəricisi idi. Xüsusi sessiyada dövlət başçımızın çıxışı böyük maraqla dinlənildi.

2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi həkk olundu. Dünyanın ən reytinqli təşkilatlarının, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin nizamlaya bilmədikləri münaqişəni dövlət daşçımızın rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində yerinə yetirdi və dünyanın lider siyasətçisi olduğunu bir daha təsdiqlədi.

Vətən müharibəsi dövründə 2020-ci ilin sonlarında Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bu müsahibələr Qələbəmizi reallaşdıran amillərdən biri oldu. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən Prezident İlham Əliyev bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirdi. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

İşğal edilmiş torpaqların azad edilməsi Azərbaycanı beynəlxalq münasibətlər sistemində regionun aparıcı siyasi və hərbi gücü kimi təsbit etdi. İşğalın sona çatması regionda yeni geosiyasi reallıqlar yaratmaqla bölgədəki bütün xalqların sülh, əmin-amanlıq, inkişaf və iqtisadi rifahı üçün yeni imkanlar yaratdı.

İnanırıq ki, yeni ilimiz də yola saldığımız il kimi zəfərlər ili olaraq, yadda qalacaq. İşğaldan azad edilmiş ərazilərimizdə abadlıq, quruculuq işləri başlayacaq və böyük qayıdışa start veriləcək. Bu işlərin də uğurla həyata keçiriləcəyinə əminik. Çünki ölkəmizin İlham Əliyev kimi müdrik Prezidenti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm