Deputat döyüşçülərə səsləndi: “Səbrli və təmkinli olmaq lazımdır”
Bizi izləyin

Nida Xəbər

Deputat döyüşçülərə səsləndi: “Səbrli və təmkinli olmaq lazımdır”

“Mən birinci Qarabağ müharibəsinin veteranı, bir vətəndaş kimi sözümü bizim qəhrəman döyüşçülərimizə belə deyərdim ki, siz ən yüksək mükafata layiqsiniz. Sizin ən yüksək mükafatınız qazandığınız qələbədir. Vətən torpaqlarını işğaldan azad etməyinizdir. Sizin ən böyük təltifiniz o torpaqların azad olunmasıdır, qələbəmizdir. Hesab edirəm ki, müəyyən şəxsi məsələlər və təltiflərin heç biri diqqətdən kənarda qalmayacaq. Bütün bu narazılıqlara görə, cənab Prezidentimizin tapşırığı ilə müvafiq qurumlar tərəfindən lazımı dəqiqləşdirilmələr aparılacaq”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, keçmiş döyüşçü Elman Məmmədov deyib.

Milllət vəkili bildirib ki, hər kəs layiq olduğu mükafatı alacaq. Sadəcə bir az təmkinli və səbrli olmaq lazımdır: “Tələsmək lazım deyil. Hər şeyin zamana ehtiyacı var. Hər şey öz yerini alacaq. Müharibə qurtarandan qısa müddət sonra cənab Prezidentimizin fərmanları ilə 90 minə qədər, hələ bəlkə də bir az artıq hərbçimiz, əsgərlərimiz, zabitlərimiz müxtəlif orden və medallarla, ən yüksək adlarla təltif olundular. Cənab Prezidentimiz də qeyd edir ki, heç kim diqqətdən kənarda qalmayacaq. Hər kəs xidmətinə görə, təltifini, mükafatını alacaq”.

Elman Məmmədovun fikrincə, müəyyən narazılıqlar olur, o da başa düşüləndir: “Həmin narazılıqlar içərisində elələri var ki, onları müvafiq qurumlarımız həll edə bilər. Müdafiə Naziriliyi və başqa aidiyyəti qurumlar bu işləri həll etmək iqtidarındadır. Həmin qurumlar çox həssaslıqla, diqqətlə araşdırmalar, dəqiqləşmələr aparmalıdırlar. Bəlkə həqiqətən də deyilənlər, narazı olanlar haqlıdırlar. Bəlkə həqiqətən də kimlərsə diqqətdən yayınıb, kiminsə haqqı tapdanıb. Bunlar təcili aradan qaldırılmalıdır”.

Deputat bildirib ki, Vətən müharibəsinin getdiyi 44 gün ərzində və ondan sonrakı dövrdə, hətta 2016-cı ilin aprel hadisələri, ondan sonrakı müəyyən əməliyyatlarda da cənab Prezidentimiz bütün çıxışlarında, müraciətlərində, müsahiblərində bir məqamı xüsusi vurğulayıb:

“Ölkəmizin başçısı deyib ki, biz nə qədər müasir, güclü silah-sursata malik olsaq da, müharibənin taleyini Azərbaycan əsgəri, zabitlərimiz həll edir. Biz bütün uğurlarımıza görə Azərbaycan hərbçilərinə minnətdarıq. Bu, Ali Baş Komandanımızın Azərbaycan əsgərinə və zabitinə verdiyi çox yüksək dəyərdi. Bu qiymət Azərbaycan xalqı, hər bir vətəndaşımız tərəfindən də verilir. Bununla cənab Prezidentimiz demək istəyir ki, bütün hərbçilərimiz, döyüşlərdə iştirak edən hər bir döyüşçümüz diqqət mərkəzindədir."

Elman Məmmədov onu da əlavə edib ki, dövlətimiz onların qayğı və problemləri ilə ən yüksək səviyyədə məşğuldur: "Bu, Ali Baş Komandanımızın fikirləridir, onun dediklərinin məntiqi nəticələridir. Bu həqiqətən də belədir. Hesab edirəm ki, əyninə hərbi forma, mundir geniyib döyüşə gedən oğlanlarımızın hamısı həm dövlətimiz, həm də xalqımız tərəfindən bir nəfər kimi xüsusi qayğı və diqqətə layiqdir. Bu yanaşma əbədi olaraq belə qalacaq. Dediklərimizin bariz nümunəsi olaraq şəhid ailələrimizə, qazilərimizə, əlillərimiz, döyüşçülərimizə, onların ailələrinə dövlət tərəfindən qayğı, diqqət göstərilir. Cənab prezidentimizin sərəncamı ilə YAŞAT fondu yaradıldı. Bu fond həmin kateqoriyadan olan insanlara, onların ailələrinə kömək etmək üçün formalaşdırıldı. Başqa vasitələrlə də köməkliklər olunur və bu davamlı olaraq edilməlidir. Çünki hərbçilərimiz ən yüksək diqqətə və qayğıya layiqdirlər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm