Prezidentin köməkçisi: "Beynəlxalq təşkilatların dağıntılarla bağlı hesabatını görmək istərdik"
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisi: "Beynəlxalq təşkilatların dağıntılarla bağlı hesabatını görmək istərdik"

"Bu məscid erməni işğalçıları tərəfindən dağıdılıb. Bura erməni vandalizminin nümunəsidir. Ancaq biz bütün dağıdılan ərazilərimizi bərpa edəcəyik".

Publika.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Cəbrayıl və Zəngilan rayonlarına səfər edən diplomatik korpusun nümayəndələrinə və hərbi attaşelərə ermənilərin vəhşicəsinə dağıtdığı Zəngilan şəhər məscidindən danışarkən deyib.

H.Hacıyev qeyd edib ki, yaxın zamanda işğaldan azad edilən və ermənilər tərəfindən dağıdılan ərazilərimiz "ağıllı şəhər" və "ağıllı kənd" layihələri çərçivəsində yenidən qurulacaq.

Prezidentin köməkçisi əlavə edib ki, yenidənqurma işlərində beynəlxalq şirkətlərin iştirakını görmək xoş olardı:

"Çox istərdik ölkəmizlə əlaqəli şirkətlər bu prosesdə bizimlə birlikdə iştirak etsinlər. Biz həmçinin beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun və digər təşkilatların faktaraşdırıcı prosesdə iştirak etməsini çox istərdik. Onların işğaldan azad olunan ərazilərimizdəki dağıntılarla bağlı hesabatını görmək istərdik. Bu təşkilatların dağıntıya məruz qalan dini-mədəni və tarixi yerlərimizi, onların Ermənistan tərəfindən hansı şəkildə dağıntıya məruz qoymalarını sənədləşdirmələrini istəyirik.

Təəssüf ki, 30 ilə yaxındır biz beynəlxalq təşkilatlara faktaraşdırıcı missiyaların ölkəmizə göndərilməsi ilə bağlı müraciətlər edirik. Lakin bu gün onların bu prosesdə iştirakı üçün hər cür imkan və şərait var. Onlar işğaldan azad olunmuş ərazilərimizə gələ bilərlər".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm