Azərbaycan diasporu Kanada rəsmiləri ilə görüşlər keçirir - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan diasporu Kanada rəsmiləri ilə görüşlər keçirir - FOTO

Kanada Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) İdarə Heyətinin üzvləri ilə bu ölkənin qadınlar, sülh və təhlükəsizlik məsələləri üzrə səfiri Jaklin O’Nil və ölkənin Yeni Demokrat Partiyasından olan parlament üzvü Cek Herris arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, görüş zamanı 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı bildirilib.

Bu ərazilərdən olan məcburi köçkünlərin bu illər ərzində yaşadığı məhrumiyyətlərdən söz açılıb. Qeyd olunub ki, Ermənistanın təxribatı nəticəsində ötən ilin sentyabrın 27-dən etibarən başlanmış 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb.

Görüşdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hərbi əməliyyatlar apardığı və öz ərazi bütövlüyünü təmin etdiyi bildirilib.

Görüşlər əsnasında əslən Qarabağ bölgəsindən olan KAŞ üzvləri müharibənin onların həyatında buraxdığı izlər barəsində söhbət açıb və Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara qayıtmağı səbrsizliklə gözlədiklərini qeyd ediblər.

Bildirilib ki, KAŞ üzvləri tərəfindən 44 günlük müharibə zamanı Kanada siyasi dairələri ilə aktiv iş aparılıb. Qurum bu ölkədə yaşayan azərbaycanlıları narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorları, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub. Həmçinin bu istiqamətdə intensiv görüşlər təşkil edib.

Vurğulanıb ki, KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.

Qeyd edək ki, KAŞ Kanadada yaşayan azərbaycanlıların bu ölkədə maraqlarının təmsil edilməsi məqsədilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm