YAP-a qoşulan partiya sədrləri DANIŞDI
Bizi izləyin

Nida Xəbər

YAP-a qoşulan partiya sədrləri DANIŞDI

Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a birləşməsinə dair müraciətlərinə müsbət cavab verildi. Bu proses isə ictimai-siyasi mühitdə xüsusi maraq və müzakirələrlə davam edir.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bildirib ki, partiya bu qərarı birdən-birə verməyib:

“Bu, qərar təkcə mənim deyil, digər partiya üzvləri və nümayəndələrinin də ortaq qərarıdır. Biz belə qərara gəldik ki, eyni düşünür, eyni amala xidmət ediriksə, niyə YAP-dan ayrı fəaliyyət göstərək? Bu baxımdan bizim böyük partiya kimi YAP-a qoşulmağımız müsbət dəyişiklik yarada bilər. Cənab Prezident ötən gün Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söylədi ki, partiyaların YAP-a qoşulması hakim partiyanı daha da gücləndirəcək. Biz də o qənaətdəyik ki, bizim bu addımımız YAP-a yeni nəfəs verəcək.

Biz yeni bir dövrə qədəm qoymuşuq. Mən və mənsub olduğum Milli Qurtuluş Partiyası inanırıq ki, bizim kimi digər qüvvələr də cənab Prezidentin milli birlik çağırışına cavab verəcək”.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov deyib ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz bu gün ölkənin daxili siyasətində də yeni reallıqlar yaradıb:

“Ölkəmizdə bərqərar olmuş milli birliyə, həmrəyliyə dəstək olmaq məqsədi ilə partiyadaşlarımızla qərara gəldik ki, Yeni Azərbaycan Partiyasına qoşulaq. Dünən Yeni Azərbaycan Partiyasının VII qurultayına biz də iştirak etdik. YAP-ın sədri Prezident İlham Əliyevin çoxşaxəli nitqi oldu. Cənab Prezident tapşırıq verdi ki, yaxın günlərdə hakim partiyaya qoşulan yeni partiyalar ilə bağlı yeni proqram hazırlansın. Yəqin ki, bu proqramda da çox şeylər nəzərə alınacaq. Düşünürəm ki, YAP-la birlikdə fəaliyyətimiz uğurlu olacaq. Təbii ki, hər şeyi zaman göstərəcək”.

Azərbaycan Yurddaş Partiyasının sədri Gülayə Səfərova deyib ki, illərlə yaşadığımız həsrətə son qoyan, Qarabağımızı qaytaran, dünyada böyük nüfuza malik olan liderin rəhbərlik etdiyi ən güclü partiyanın sıralarına qoşulduğumuz üçün özümüzü xoşbəxt hiss edirik:

“Bundan sonra siyasi fəaliyyətimizi YAP sıralarında davam etdirəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm