Əfsanəvi şəhidin həyat yoldaşı: "Məni məcbur etdi ki, o biri dünyaya zəng edim" - FOTO
Bizi izləyin

Nida Xəbər

Əfsanəvi şəhidin həyat yoldaşı: "Məni məcbur etdi ki, o biri dünyaya zəng edim" - FOTO

Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova

Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür. Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Buna görə də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı Qadınlar iki halda gedir: ya yoldaşı ilə nə isə seçmək üçün, yada mənim kimi çarəsiz halda, "evin kişisi də, qadını da mənəm" deyib, məcbur olur.

Nə isə, getdim mağazaya, qapını açıb içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdır deyirlər satıcıya, o da təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi, yanında da 18-20 yaş aralığında bir oğlan uşağı köməkçi dayanmışdı. Növbə mənə çatdı.

"Buyur, qızım nə lazımdır?", - satıcı dayı məndən soruşdu.

"Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdır" dedim və davam elədim: "çəkic, silikon yapışqan tapançası ilə, kəlbətin, mismar və sair". Dayı onları yığdıqca məyus bir formada diqqətlə üzümə baxırdı. Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi.

Pulu ödəyəndən sonra dayı mənə dedi: "Qızım, olar sənə bir sual verim?"

Dedim: "Buyur, dayı”.

"Bunları nə üçün alırsan? Mismarın ölçüsü olur, silikon yapışqan verdim sənə, amma nə yapışdırmaq üçün lazımdır? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü-filan, yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də... Zəng vurub soruş, mən də bilim sənə nə verirəm, qızım",- deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma. Nə edim? Necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də, qadını da özüməm, yoxsa mən nə gəzirdim burada?..

Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdur, şəhid olub. Bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm.

Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü-filan o anda yadıma sala bildim. Dayı, sən demə, hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş.

Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim, dedim "dayı, əllilik mismar lazımdır, yapışqan da oboyun kənarları üçün". Dayı başa düşdüyünü işarə edib, gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm dayı bir telefonuna baxır, bir mənə. Ağsaqqalın gözləri dolub,"bala bir dəqiqə gözlə" dedi. Gözlədim, nəsə özünü pis hiss etdiyini hiss elədim.

"Yaxşısınız, dayı?”, deyə sual verdim.

"Yaxşıyam, narahat olma, qızım", - dedi. Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə.

"Bu nə deməkdir, dayı? Niyə qaytardınız mənə pulu?, - dedim.

"O pul ödənilib, qızım", - deyə cavab verdi. Anlamadım mən də. Düşündüm ki, yəqin, kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, yox, dayı, çox sağolun, özüm ölməmişəm ki, kimsə ödəsin. Düzü, pisimə gəldi bir az. Dayı pulu götürdü, amma heç nə demədi, üzümə baxmaq istəmirdi nədənsə. Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur?

Axı mən büruzə verməməyə çalışıram. Birdən dayı başladı söhbətə ki, bala, bir şey deyim sənə, mən səndən mismarın ölçüsünü-filan qəsdən soruşdum ki, görüm nə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışdın, hiss elədim bunu. Səni tanıyıram, qızım, səni görmüşəm çəkilişlərdə. Bayaq telefonumu ona görə götürdüm ki, bir də baxım görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdur.

Bu sözlər mənə bir ox kimi dəydi, elə pis oldum ki... Ağlamayacam dedim. Nə fayda? Onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyari öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam. Çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardır mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram. Bir az özümə gəldim, salafanı açdım ki, işimə başlayım. Və orada gördüklərim məni yenidən yıxdı...

Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası... Dünyam yenidən yıxıldı sanki.

Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm