• USD 1,7000 0,00% EUR 2,0681 0,00%
    • GBP 2,3774 0,00% RUB 0,0230 0,00%

ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz

ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yeni reallıqları əks etdirə bilməz

ATƏT- in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) bu günlərdə yaydıqları bəyanatla tanış olanda heç də təəccüblənmədim. Çünki 30 ilə yaxındır ki, daha dəqiq desək, 1995-ci ildən bu vaxta qədər ümumi sözlərdən ibarət belə bəyanatlarla çox rastlaşmışıq. Əsl reallığı, münaqişənin nizamlanmasını özündə əks etdirməyən bəyanatları yaymaqda əsas məqsəd guya Minsk qrupunun üzərinə düşən vəzifəni yerinə yetirdiyini əks etdirir. Əslində isə reallıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxındır işğalçını öz adı ilə çağıra bilir, ikili standartlar və islamofobiya mərəzindən əl çəkmir, tərəfkeşlik edir və işğalçı Ermənistanın daha da həyasızlaşmasına şərait yaradırdı. Minsk qrupunun həmsədrlərinin bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını bəyan etmələri barədə yaydıqları bəyanat onları gülünc vəziyyətinə qoyub.

Publika.az-a bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Bu bəyanatla tanış olandan sonra dərhal Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun fəaliyyətini qiymətləndirərkən dediyi sözlərin gözlərinin önündə canlandığını deyən Çingiz Qənizadə vurğulayıb: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

Komitə sədri bildirib ki, 30 ilə yaxın idi Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hegemonluğu xalqımız üçün sağalmaz yaraya çevrilmişdi. Bu müddət ərzində münaqişənin dinc yolla tənzimlənməsi ilə əlaqədar ulu öndər Heydər Əliyev və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlər, aparılan danışıqlar, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlar heç bir fayda vermədi. İşğalçı ölkə öz havadarlarına və dünyada baş alıb gedən ikili standartlara güvənərək “böyük Ermənistan “ yaratmaq iddiasından əl çəkmirdi. Tarixi torpaqlarımızın danışıqlar yolu ilə qaytarılcağına dair müxtəlif vədlər verilsə də, bir sıra beynəlxalq təşkilatların siyasi riyakarlığı, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun işğalçını öz adı ilə çağırmaması təcavüzkarı daha da quduzlaşdırırdı. Ermənistanın quldur silahlı qüvvələrinin sərhədboyu ərazilərdə törətdikləri vəhşilikləri, dinc əhalini qətlə yetirmələrini, yaşayış məntəqələrini viranə qoymalarını Minsk qrupunun həmsədrləri sanki nə görür, nə də eşidirdi. Bəzən isə söz yığımından ibarət bəyanatlar verməklə “vəzifələrini icra etmiş” hesab edirdilər.

“Bu müddət ərzində çoxsaylı qətnamələr qəbul edilsə də, Ermənistan bunlara əhəmiyyət vermədi, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam etdi, sərhədboyu ərazilərdə vaxtaşırı təxribatlar törətdi, atəşkəsi pozdu, dinc əhalini qətlə yetirdi. BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər aparıcı beynəlxalq qurumların qərar və qətnamələrinin qəbul edilməsi, o cümlədən son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradıldı. Ancaq yenə də münaqişə müsbət həllini tapmadı. Bu məsələdə haqlı olaraq ən çox tənqid atəşinə tuş gələn münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu oldu”, - deyə Ç.Qənizadə əlavə edib .

Vurğulanıb ki, əslində, münaqişənin nizamlanmasının uzadılmasında, bəzən isə “dondurulmuş münaqişə” adlandırılmasında ən çox tənqid hədəfinə ATƏT-in Minsk qrupu çevrilirdi. Bu da başadüşüləndir. Çünki bu qurum münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirməli idi. Ancaq Minsk qrupu bu müddət ərzində bir dəfə də olsun Ermənistana işğalçı demədi. Halbuki, Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın idi işğal altında saxlanılırdı. Bir milyondan çox soydaşımız doğma ata-baba yurdlarından didərgin salınmışdı. Dünya birliyinin gözü qarşısında baş verən bu işğalı ATƏT-in Minsk qrupu necə görməyə bilərdi? Bu siyasi korluq deyildimi?

Bildirilib ki, bu müddətdə qurumun nümayəndələrinin “əsas vəzifəsi” regiona turist səfərlərindən və çeynənmiş sözlərdən ibarət eyni məzmunlu bəyanatlar yaymaqdan, bahalı otellərdə istirahət etmək oldu. Müvafiq mandata sahib olan Minsk qrupu 30 ilə yaxın ərzində münaqişənin həllində heç bir rol oynamayıb. Rəşadətli Ordumuzun işğalçı ölkə üzərindəki tarixi Qələbəsindən sonra “turist diplomatlar” qeybə çəkilmişdilər. Bu günlərdə çağırılmamış qonaq kimi yenidən peyda olublar və guya bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını bəyan ediblər. Əslində, ATƏT-in Minsk qrupu bu bəyanatla hələ də mövcud olduqlarını sübut etmək istəyir. Görünür, Azərbaycanın Ermənistan üzərindəki parlaq Qələbəsi bu qrupun həmsədrlərini də məyus edib.

“Əslində, diplomatiyadan az-çox xəbəri olanlar yaxşı bilirlər ki, bu illər ərzində ATƏT –in Minsk qrupunun ancaq bir məqsədi olub: münaqişənin nizamlanmasında ikili standartlara yol vermək, işğalçını dəstəkləmək. Təmsil etdikləri dövlətlərin maraqlarını yerinə yetirməklə müharibənin başlanmasına imkan verməmək. Bu qrup heç bir zaman ədaləti müdafiə etmədi, hətta neytral, bitərəf də olmadı. Bütün addımlarını işğalçının müdafiəsinə yönəltdi. Ancaq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın işğalçı siyasətinə birdəfəlik son qoyaraq həm düşmənə, həm onun havadarlarına, həm də ATƏT-in Minsk qrupuna sübut etdi ki, münaqişənin hərbi–siyasi yolla həlli mümkündür və bu, 44 gün ərzində həyata keçirildi. Bundan sonra Azərbaycanın nə ATƏT-in Minsk qrupunun, nə də digər beynəlxalq təşkilatların vasitəçiliyinə və köməyinə ehtiyacı var. Çünki artıq bütün dünyaya bəllidir ki, Qarabağ Azərbaycandır!”, - deyə fəlsəfə doktoru əlavə edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet