Ermənistanın Azərbaycana qarşı təcavüzü Meksika mətbuatında
Bizi izləyin

Nida Xəbər

Ermənistanın Azərbaycana qarşı təcavüzü Meksika mətbuatında

Meksikanın aparıcı KIV-lərindən olan “El Economista” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibə əsasında erməni təcavüzü, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızda Azərbaycanın tarixi-mədəni irsini məhv etmə cəhdləri, regionda münaqişə sonrası durum və Azərbaycanın iqtisadi-sosial inkişafı haqqında yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, yazıda Ermənistanın Azərbaycana qarşı hələ keçmiş SSRİ-nin mövcudluğu illərində başlayan ərazi iddialarının müstəqillik dövründə ölkəmizin beynəlxalq qaydada tanınmış ərazilərinin işğalına gətirib çıxardığı, işğal edilmiş ərazilərdə və Ermənistanda yaşayan yüz minlərlə soydaşımızın etnik təmizləməyə məruz qaldığı və 44 günlük müharibə zamanı azad etdiyimiz torpaqlarda xalqımıza aid tarixi-mədəni irsin 30 ilə yaxın müddətdə tamamilə məhvinə cəhd edildiyi qeyd olunur.

Son dövrlərə qədər Azərbaycanın iqtisadi yüksəlişinin əsasən karbohidrogen ehtiyatlarının ixracına söykəndiyi deyilir, ancaq Prezident İlham Əliyevin sözlərinə istinadən dünyada “neft erasının başa çatdığı” və ölkədə “qara qızılın insan qızılına çevrilməsi” prosesinin uğurla həyata keçirildiyi söylənilir.

Sonda Meksika ilə ikitərəfli əlaqələrə toxunan səfir hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyini qeyd edib. M.Talıbov münaqişə məsələsində Meksikanın daim beynəlxalq hüquq mövqeyindən çıxış etməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm