Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır.

Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.

Heydər Əliyevi daim yaşadacaq amillərdən biri də onun ordu quruculuğu sahəsində hər zaman öyrənilməsinə ehtiyac olacaq, izləniləcək, nəsillərdən-nəsillərə ötürüləcək zəngin irsidir. Azərbaycan xalqının arzusunu, istəyini, müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən bu irs Azərbaycanda ordu quruculuğu təfəkkürünü, bu prosesə milli yanaşmanı formalaşdıracaq, Silahlı Qüvvələrin güc və ilham mənbəyi olan xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnəkdir. Bu örnək metodoloji baxımdan qiymətini heç zaman itirməyəcəkdir.

Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Bunun nəticəsi idi ki, Sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların iki illik hərbi mükəlləfiyyəti, hansısa bir hərbi hissədə iki illik müddətin başa vurulması sınağı kimi baxılırdısa, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu və bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Yeni şəraitdə hərbi xidmət kişilik məktəbi, xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi kimi qəbul edildi, hərbi xidmətə hazırlıq işlərinə diqqət artırıldı, gənclərin xidmətə yola salınması xalqın və dövlətin qayğısı ilə əhatə olundu.

Sovet dövründə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Məlumdur ki, Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Heydər Əliyev özü də bildirirdi ki, hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə bir vəziyyətin mövcudluğunu Heydər Əliyev narahatçılıqla qarşılayırdı və o, şübhə etmirdi ki, bununla azərbaycanlılar hərb işindən yadırğadılır. Ulu Öndər etiraf edirdi ki, belə vəziyyət bizə toxunur və nə üçün Azərbaycandan hərbi xidmətə çağırılanların əksəriyyəti ya inşaat hərbi hissələrinə göndərilir, ya da ikinci-üçüncü dərəcəli hərbi hissələrə. Bununla azərbaycanlılar arasında hərbi işə olan bağlılığın qırılması təhlükəsi yarana bilərdi. Bu narahatçılığın aradan qaldırılması üçün Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, rus dili müəllimləri hazırlayan ayrıca bir institut yaradıldı, Azərbaycan Dövlət Pedaqoji institutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi, məktəblilər arasında hərbi oyunların keçirilməsi davamlı xarakter aldı, respublikadakı hərbi komissarlıq orqanlarının fəaliyyətinə tələbkarlıq artırıldı, respublika rəhbərliyi tərəfindən bu sahədə təşkilatçılıq işləri gücləndirildi. Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi. Respublika daxilində də gənclərin hərbi ixtisaslara marağı artırıldı və bunun üçün Orduya, Aviasiyaya Könüllü Yardım Cəmiyyətinin respublika daxilində klublarının imkanlarından geniş istifadə edildi. Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.

Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Ali Hərbi Dənizçilik Məktəbində xarici ölkələrdən gələn xeyli sayda kursant təhsil alırdı. Onların arasında azərbaycanlıların sayı son dərəcə az idi. Heydər Əliyevin özünün də xatırladığı kimi, bu ali hərbi məktəblərin hər birinə ildə 300 nəfər qəbul olduğu halda, XX əsrin 70-ci illərində Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində cəmi 10-15 nəfər, Bakı Ali Hərbi Dənizçilik Məktəbində isə cəmi 1-2 nəfər azərbaycanlı zabit peşəsinə yiyələnirdi. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, bu vəziyyət bir tərəfdən o vaxt Sovet hakimiyyətinin siyasəti idi və İttifaq rəhbərliyi orduda yüksək vəzifələrə başqa millətlərin, o cümlədən azərbaycanlıların yüksəlməsini istəmirdi. Digər tərəfdən, azərbaycanlılar arasında hərbi peşəyə soyuq münasibət var idi. Bu vəziyyətin dəyişdirilməsi üçün Heydər Əliyev öz qətiyyətini ortaya qoydu və ilk növbədə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail oldu. Sonra bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Nəticədə bu məktəbə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.

Heydər Əliyev bununla da kifayətlənmədi və İttifaq miqyasında olan ali hərbi məktəblərdə təhsil alan gənclərin də sayı artırıldı. Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında İttifaqın 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilirdi. Ulu Öndər sonradan xatırlayırdı ki, bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. “Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu, bizə lazım olacaqdır”.

Nəhayət, Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyevin mübarizliyinin, fədaklarlığının təntənəsi idi. Bu məktəbin açılışına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.

Ulu Öndər hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını belə xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri- adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Təkliflər verdilər ki, mənim bu qərarım Sovetlər İttifaqında mövcud olan qərarlara ziddir, uyğun deyil, onu ləğv etmək lazımdır. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə, bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Heç bir təzyiq mənə güc gələ bilmədi. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı".

C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynamışdır. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. Onlar indi də Heydər Əliyevin yaratdığı məktəbin məzunları olmasıyla fəxr edirlər.

İstər C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, istərsə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsinin hansı tarixi əhəmiyyətə malik olduğu XX əsrin sonlarında əyani şəkildə aydın oldu. Keçən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik əldə etməsi müstəqil dövlət və onun ayrılmaz atributu olan müstəqil milli ordu yaradılması şansını ortaya qoydu. Təxminən 70 illik fasilədən sonra Azərbaycan xalqının intizarında olduğu belə bir tarixi imkanın meydana gəlməsi, çox təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində olan şəxslər, xalqın ictimai-siyasi həyatında öncül yer tutmaq istəyən insanlar tərəfindən vaxtında və lazımınca qiymətləndirilə bilmədi. Əslində, heç qiymətləndirilə də bilməzdi. Çünki SSRİ-nin dağılması ərəfəsində respublikaya rəhbərlik edənlər nüfuzlarının və vəzifələrinin itirilməsi təhlükəsini milli maraqlardan üstün tutdular, dünyada və bölgədə gedən proseslərin mahiyyətini lazımınca qiymətləndirə bilmədilər, İttifaq hakimiyyətinin Azərbaycanın milli maraqlarına qarşı təcavüzkar mövqedə dayanmasının fərqinə varmadılar. Azərbaycana qarşı həyata keçirilən haqsızlıqlara qarşı genişlənən xalq hərəkatı fonunda hakimiyyətə gələnlərin isə səriştəsizliyi, təcrübəsizliyi, xalqın milli mənafelərinə laqeyd münasibətləri Azərbaycan Ordusunun yaranmasını son dərəcə mürəkkəb bir vəziyyətlə qarşılaşdırdı. Azərbaycan xalqına qarşı geniş miqyaslı təcavüzə başlamış Ermənistanla müqayisədə müdafiə qüvvələrinin formalaşdırılmasını ayrı-ayrı iddialı adamların ixtiyarına buraxılması Azərbaycanda ordu əvəzinə, idarəolunmaz silahlı kütlənin meydana çıxmasına səbəb oldu. Ayrı-ayrı Azərbaycan vətəndaşlarının ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq kimi ülvü hissləri düşmənə qarşı mübarizəyə səfərbər edilməli olduğu halda, ayrı-ayrı şəxslərin ordunu parçalamaq istiqamətində apardıqları təxribatların qarşısında ümid edilən qüvvəyə çevrilmədi. Dövlətin ordu quruculuğuna rəhbərliyi təmin edə bilməməsi isə ordunun tamamilə parçalanmasına, siyasi mənsubiyyətə görə qruplaşmasına, bəzi cinayətkar şəxslərin ətrafında cəmləşdirilməsinə yol açdı.

Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdilər, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı, xalqla ordu bu böyük vəzifənin icrasına səfərbər edilər, Azərbaycanın ərazi bütövlüyünün qarantı olacaq ordunun parçalanmasına, dağıdılmasına yol verməzdi.

Bu sözlərin doğru olduğunu Heydər Əliyev əvvəlcə Naxçıvanda fəaliyyət göstərdiyi vaxt, sonra Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra gördüyü müstəsna işlərlə sübut etdi.

Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Baxmayaraq ki, burada da Heydər Əliyev şəxsi və qrup maraqlarını Azərbaycanın milli maraqlarından üstün tutan daxili qüvvələrin Naxçıvan daxilində çevriliş etmək cəhdinin qarşısının alınmasında, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdrılmasında, Naxçıvanda siyasi parçalanmaların aradan qaldırılmasında böyük rol oynamışdı, bununla belə, Naxçıvan Muxtar Respublikasının müdafiəsi, Azərbaycanın Naxçıvandakı hərbi hissələrinin formalaşması və təchiz edilməsi sahəsində də son dərəcə əhəmiyyətli işlər görmüşdü. Bütün Azərbaycan üçün xarakterik olan mürəkkəb hərbi-siyasi vəziyyət Naxçıvan üçün də xarakterik idi. Azərbaycanın bu Muxtar Respublikası da Ermənistanın hərbi təcavüzünün əsas istiqamətlərindən biri idi və bunu erməni millətçiləri heç gizlətmirdilər də. Amma Bakıdan fərqli olaraq Naxçıvanda erməni təcavüzünün qarşısının alınması, Sovet qoşun hissələrinin əmlakının respublikada saxlanması, bölgənin müdafiəsi üçün əhalinin, müxtəlif ictimai-siyasi qurumların daha vacib məqsədlər ətrafında birləşdirilməsində tamamilə başqa xarakterli işlər görüldü. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanı erməni təcavüzündən müdafiə etmək mümkün oldu. Yerli əhali şəhidlər versə də, siyasi parçalanmalara məruz qalmadı, müdrik Heydər Əliyev ətrafında birləşdi və Heydər Əliyev də ona ümid bağlamış insanların ümidini doğrultdu, Naxçıvanın çətin günlərini naxçıvanlılarla birlikdə yaşadı, onlarla birlikdə də Naxçıvanı qorudu və yaşatdı.

Mehman SÜLEYMANOV,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti,

tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

Oxumağa davam et
Reklam
Reklam

Gündəm