FHN-in qüvvələri Türkiyədə meşə yanğınları ilə uğurla mübarizə aparır - FOTO/VIDEO
Bizi izləyin

Nida Xəbər

FHN-in qüvvələri Türkiyədə meşə yanğınları ilə uğurla mübarizə aparır - FOTO/VIDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdirirlər.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 9 avqust 2021-ci il tarixində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdiyini, yaralıların tezliklə şəfa tapmasını arzuladığını xatırladıb. Sonra nazir müavini ölkə başçısının tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, yanğınsöndürmə, mühüm əhəmiyyətli ərazilərin yanğından mühafizə əməliyyatları zamanı effektiv qarşılıqlı əlaqənin təşkili məqsədilə Muğla orman koordinasiya və Marmaris kriz mərkəzləri kimi əsas və mobil qərərgahlar təşkil edilib. Qeyd edib ki, əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib və FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. Eyni zamanda yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.

General-leytenant Etibar Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332.5 ton su töküb.

Sonda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm