• USD 1,7000 0,00% EUR 1,9719 -0,54%
    • GBP 2,3391 -0,18% RUB 0,0244 +0,82%

Şeyxülislam İraqın neft naziri ilə görüşdü - FOTO

Şeyxülislam İraqın neft naziri ilə görüşdü - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.

QMİ-nin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, səmimi şəraitində keçən görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışılıb.

İraqlı ali qonaq qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, Azərbaycanın dini liderini ziyarət etməyi şərəf saydığını bildirib. İ.Ə.Cabbari Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə təbriklərini bildirərək, Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə görüş zamanı işğaldan azad olunmuş Qarabağ ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə aldığı məlumatlardan, burada İslam dini irsinin bərpası yönündə həyata keçirilən bərpa və tikinti işləri barədə xəbərlərdən şad olduqlarını qeyd edib.

QMİ sədri istər siyasi, istər iqtisadi, istərsə dini-mənəvi, mədəni əlaqələrin öz müsbət bəhrəsini verəcəyinə əmin olduğunu bildiriib və Uca Allahdan İraq xalqına və dövlətinə sülh, səadət və tərəqqi diləyib.

İraqlı nazir İraq Milli Dövlət Qüvvələri Alyansının prezidenti Ammar Əl-Həkimin Şeyxülislam A. Paşazadəyə ünvanlandığı dəvət məktubunu xatırladaraq Azərbaycanın dini liderini ölkələrində tezliklə görmək istədiklərini ifadə edib. O, İraqın paytaxtı Bağdad, Nəcəf və müqəddəs Kərbəla şəhərlərinə səfərlə bağlı dəvəti yüksək dəyərləndirən və məmnuniyyətlə müqəddəs torpaqları ziyarət etmək niyyətində olduğunu bildirən QMİ sədri yaxın vaxtlarda münasib bir zamanda səfəri gerçəkləşdirmək, Azərbaycan şəhidlərinin əziz xatirəsini İraqın müqəddəs məkanlarında anmaq, ruhları üçün dualar oxumaq istəyini ifadə edib.

Şeyxülislam A. Paşazadə qeyd edib ki, dəvətçi Ammar Əbdüləziz Mühsin əl-Həkim cənablarının mənsub olduğu nəslin tanınmış nümayəndəsi, İslam aləminin nüfuzlu din xadimi bu yaxınlarda vəfat etmiş Mərceyi-təqlid, Əhli-Beytin fəqihi Ayətullah əl-Üzma Seyyid Məhəmməd Səid əl-Həkim Vətən müharibəsi günlərində Azərbaycanın haqlı mübarizəsinə dəstək bildirmiş yeganə Ayətullah əl-Üzma olub.

İraqlı nazir Ayətullah əl-Üzma Seyyid Məhəmməd Səid əl-Həkimin mövqeyinin bütün Nəcəfi-Şərifin mövqeyi olduğunu vurğulayaraq, səmimi başsağlıqlarına görə dərin minnətdarlığını ifadə edib. Qonaq 40 milyonluq İraq xalqının hər zaman dost, qardaş Azərbaycan xalqının yanında olduğunu qeyd edib.

Səmimi görüşdə Azərbaycan-İraq münasibətlərinin inkişaf perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR