Həbsdə olan sabiq icra başçısı barədə QƏRAR VERİLDİ
Bizi izləyin

Nida Xəbər

Həbsdə olan sabiq icra başçısı barədə QƏRAR VERİLDİ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib, 2 il 6 ay müddətinə vəzifə tutmaq qadağan olunub.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər - Tacəddin Novruzov 8 il 6 ay, Natiq Kərimov 8 il 6 ay, Emin Sadıqov 4 il, Eynulla Novruzov 8 il 3 ay, Məhəmməd Musayev 8 il 3 ay, Mətləb Allahverdiyev 8 il 3 ay , Rəcəb Hüseynov 8 il 3 ay, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmə əsasən, iş üzrə digər təqsirləndirilən Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması, 2000 manat cərimə, 1 il 6 ay müddətinə vəzifə tutmaqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Kürdəmir rayon İcra Hakimiyyətində keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri – Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm