Şəhidləri alqışla yad edək - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

Şəhidləri alqışla yad edək - Qüdrət Həsənquliyev

“Bu gün xalqımız üçün əlamətdar gündür. Qələbənin 1 illiyini qeyd etməyə hazırlaşırıq. Qələbə təkcə torpaqlarımızın işğaldan azad edilməsi deyildi, qürurumuzun özümüzə qaytarılması idi. Bu qələbədə hər bir kəsin payı var. İnsanlar orduya yemək bişirir, corab göndərir, hər cür dəstək verirdi”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Partiya sədri bildirib ki, bu müharibədə bir nəfərin xüsusi yeri və müstəsna xidməti var: “Bu da Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz 44 günlük müharibəyə başlamazdan əvvəl İlham Əliyev düşməni diplomatik meydanda məğub etmişdi. Rusiya, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan dövlətlərlə görülən işlər var. Prezident zamanı gözlədi. Əlbəttə, ona müəyyən ictimai təzyiqlər vardı. Amma orduya nə zaman əmr verməyin vaxtını İlham Əliyev çox yaxşı bilirdi. Prezident diplomatik sahədə gördüyü vacib işlərlə bərabər, ordumuzu da gücləndirirdi. Elə 44 günlük müharibə zamanı da müşahidə etdik ki, Prezidentə basqı vardı. İlham Əliyev digər dövlət başçıları ilə danışıqlarda qeyd edirdi ki, düşmən ərazimizdən çıxmayana qədər sülh ola bilməz. Prezidentin hətta müsahibələrdə bəzi sırtıq suallara necə səbrlə cavab verdiyini gördük. Əlbəttə, burada Mehriban xanımın fəaliyyəti də qeyd edilməlidir. Ali Baş Komandanın xüsusi yeri var, amma xalqımız bu qələbə üçün çalışdı. Xalqımız artıq başını dik tutub dünya xalqları arasına çıxa bilər”.

Deputat təklif edib ki, şəhidlərimizi başqa formada yad edək: “Onlar gənclər idi, özlərini gələcək üçün, millətimiz üçün qurban verdilər. Biz onları sükutla deyil, alqışla yad etməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm