• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Forum çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə dair müzakirələr aparıldı

Forum çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə dair müzakirələr aparıldı

Noyabrın 5-də VIII Bakı Qlobal Forumu çərçivəsində "Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması. Hər iki məsələni eyni vaxtda necə həll etmək olar?” mövzusunda panel iclası keçirilib.

Publika.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən panel iclasında Moldovanın keçmiş Baş naziri Kirill Qaburici hər kəsin öz öhdəliyini başa düşməli olduğunu deyib. O bildirib: “Biz gələcək nəsilləri düşünməliyik. Ekologiyanı indi daha çox düşünməliyik, eqoist yanaşmanı kənara qoymalıyıq. “Ətraf mühit bizim planlarımıza uyğunlaşmalıdır” deyə düşünmüşdük, indi isə vəziyyət əks istiqamətdə dəyişib”.

Azərbaycanın iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəklədiyini deyən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, ölkəmiz, eyni zamanda, həm də öz həll yollarını təqdim edir.

Nazir bildirib ki, bu forum qlobal problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib. Qlobal iqlim dəyişiklikləri bu gün bütün dünya ölkələrinin gündəliyinə daxildir və bu məsələ bir neçə gün əvvəl Qlazqoda fəal şəkildə müzakirə olunub. Hesab edirəm ki, bizim üzərimizdə olan məsuliyyət siyasi yollarla tənzimlənməlidir. Avropada enerji ilə bağlı bugünkü mənfi vəziyyət davam etməməlidir. Biz Avropa ölkələrinə bu problemin həllində yardım etməliyik. Bundan başqa, hansısa problemin həllində bir sektora diqqət ayırmaq lazım deyil, biz cari problemləri genişləndirilmiş şəkildə həll etməliyik.

Pərviz Şahbazov əlavə edib ki, 2020-ci ildə dünyada elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payı 29 faizə çatıb. “Biz bilirik ki, bu, kifayət deyil. Biz bu potensialı genişləndirməliyik”, - deyə o vurğulayıb.

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza çıxışında bildirib ki, dünya hazırda iqlim tarazlığı barədə düşünməlidir. Artıq məsələ nəzəriyyənin bu planetdə mövcudluğu səviyyəsinə gəlib çatıb. Biz həyəcan təbili çalmalıyıq. Kömür istehsalının və hasilatının qarşısı alınmalıdır. Sosial-iqtisadi islahatlar aparılmalıdır. Bu, xüsusilə inkişafda olan ölkələrdə nəzərə alınmalıdır. Təbii ki, bu ölkələr inkişafdadırlar, onlar üçün bu resurslardan istifadə vacibdir və ondan imtina etmək çətindir. Ancaq bu, tədricən olmalıdır və bu ölkələrə dəstək verilməlidir.

“Dünya ölkələri Paris İqlim Sazişinin reallaşmasından çox geridə qalıb. Dünya sistematik problemlə üz-üzədir. Bizə dayanıqlı çoxtərəfli yanaşma lazımdır. Bu, bir ölkənin məsuliyyəti deyil, biz hamımız məsuliyyəti bölüşməliyik”, - deyə o qeyd edib.

Nobel Sülh Mükafatı laureatı Uided Buşamai çıxışında su resurslarının iqlim dəyişikliyinin təsirlərinə məruz qalmasından və ölkələr üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, su ehtiyatlarının qorunması və iqlim dəyişikliyinin nəticələrinə adaptasiya olmaq üçün inkişaf etmiş ölkələr inkişafda olan ölkələrə yardım etməlidir.

ICESCO-nun keçmiş baş direktoru Əbdüləziz Əl-Tüveycri çıxışında deyib ki, onun ölkəsinin qaz və neft resursları yoxdur, amma günəş və külək enerjisindən istifadə edir və ölkə bu sahəni inkişaf etdirir. “Biz hazırki enerji istehsalı metodlarını məhdudlaşdırmalıyıq, alternativ enerji resurslarına yönəlməliyik. Biz bunu təbliğ etməliyik. Qazıntı yanacaq növlərini məhdudlaşdırmalıyıq. Bu, bizim ətraf mühitimizə zərər vurur. Bərpaolunan enerji istehsalının bahalı olduğu deyilir. Doğrudur, amma texnologiya inkişaf etdikcə, bu, daha da ucuzlaşacaq və səmərəli olacaq”, - deyə sabiq baş direktor vurğulayıb.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə çıxışında qeyd edin ki, bütün vasitələrlə dekarbonizasiya reallaşmalıdır. İstixana qazlarının, emissiyaların məhdudlaşdırılması qlobal səviyyəli məsuliyyətdir.

"Bu, bizim üzləşdiyimiz çoxtərəfli problemdir. Birgə səylər göstərməliyik ki, hədəflərimizə çataq”, - deyən sabiq XİN başçısı bildirib ki, nüvə enerjisinə resurs kimi baxılır. Avropa regionu buna çox da meyl göstərmir. Deyilir ki, nüvə enerjisi qəbulediləndir, səmərəlidir. Amma bu, kimin üçün belədir?

Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku da panel iclasında çıxış edib. O diqqətə çatdırıb ki, panelin mövzusu zamanın çağırışı, problemidir. İqlim dəyişiklərinin qarşısını almaq üçün əməkdaşlıq vacibdir. Bu, həmçinin Paris İqlim Sazişinin hədəflərinə nail olmaq zəruri amildir. Regional, ikitərəfli və qlobal səviyyədə əməkdaşlıq dərinləşməlidir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR