MDB-nin yaradılmasının 30 illiyinə həsr edilmiş tədbir keçirildi
Bizi izləyin

Nida Xəbər

MDB-nin yaradılmasının 30 illiyinə həsr edilmiş tədbir keçirildi

11 noyabr 2021-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illik yubileyi münasibətilə təşkilatın hibrid formatda tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Rusiyan Federasiyası mədəniyyət nazirinin müavini Alla Manilova 30 illik fəaliyyət dövründə MDB-nin böyük inkişaf yolu keçdiyini, üzv dövlətlərin bir çox sahələrdə unikal təcrübə mübadiləsi apardığını, eləcə də Birlik ölkələrinin həyata keçirdiyi çoxsaylı birgə mədəni tədbirlər nəticəsində önəmili uğurlar əldə etdiyini bildirdi.

Rəsmi açılış nitqlərindən sonra, A.Manilovanın moderatorluğu ilə “Təcrübə və innovasiyalar” adlı ilk paneli öz işinə başladı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından ilk paneldə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva 30 illik inkişaf yolunda MDB-nin keçdiyi yolu nəzər yetirdi və Azərbaycanın təşkilatla humanitar sahədə əməkdaşlığının, reallaşdırılan tədbir və layihələrdə əldə edilən uğurların əhəmiyyətini qeyd etdi.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayan nazir müavini, hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsin dirçəldilməsi və Qarabağın mədəni ruhunun bərpası istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan sürətli bərpa və yenidən qurrma işləri haqqında məlumat verərək tezliklə bölgənin yenidən mədəniyyət mərkəzinə çevriləcəyinə əminliyini ifadə etdi.

Bununla yanaşı, Azərbaycan Respublikası beynəlxalq miqyasda bir sıra vacib təşəbbüslərlə çıxış etdiyini bildirən S.Məmmədəliyeva, mədəniyyətlərarası dialoq və ölkəmiz tərəfindən irəli sürülmüş “Peace4Culture (Mədəniyyət naminə sülh)“ qlobal təşəbbüsü haqqında məlumat verərək dövlətimizin dayanıqlı inkişafa və inklüziv gələcəyə fokuslandığını qeyd etdi.

XXI əsrdə qlobal müstəvidə cərəyan edən proseslər və planetimizin gələcəyinə dair müasir dünyanın baxışlarını təhlil edən S.Məmmədəliyeva, bəşəriyyətin xoşbəxt gələcəyi üçün Mədəniyyət sahəsinin artan əhəmiyyətini diqqətə çatdırdı. Sonda MDB-nin 30 illik yubileyi münasibətilə bir daha bütün iştirakçılar təbrik edən nazir müavini bütün regiona sülh, əmin-amanlıq və mədəniyyətin çiçəklənməsini arzuladı.

Məzmunlu və maraqlı çıxış üçün Azərbaycanın mədəniyyət nazirinin müavini S.Məmmədəliyevaya öz təşəkkürünü bildirən Rusiya mədəniyyət nazirinin müavini A.Manilova 2021-ci ildə COVID-19 pandemiyası səbəbindən keçirilməsi təxirə salınan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun 2022-ci ildə təşkili ediləcəyini və Azərbaycanın “Qonaq ölkə” fəxri statusunda foruma qatılacağını bir daha elan etdi. Daha sonra tədbir digər üzv ölkələrdən olan rəsmilərin çıxışları ilə davam etdi.

Qeyd edək ki, 1991-ci ildə yaranmış və 9 üzv-ölkəsi olan Müstəqil Dövlətlər Birliyinə Azərbaycan Respublikası 1993-cü ildən etibarən üzv olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm