Xəzəryanı ölkələrin regionun təhlükəsizliyinə görə məsuliyyəti daha da artıb - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Xəzəryanı ölkələrin regionun təhlükəsizliyinə görə məsuliyyəti daha da artıb - DEPUTAT

“İyunun 29-da Aşqabadda cənab Prezident İlham Əliyevin də iştirakı ilə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının keçirilməsi Xəzəryanı dövlətlər üçün növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətli hadisədir. Ümumiyyətlə dünyanın hər bir yerində su hövzəsi ətrafında yerləşən ölkələr üçün həmin su hövzəsindən səmərəli istifadə qaydalarının müəyyən edilməsi sahilyanı dövlətlər üçün həm prioritet təşkil edən, həm də bəzi ziddiyyətləri ortaya çıxaran mübahisəli məsələlərdən olub. Bilirik ki, SSRİ dağılana kimi Xəzər SSRİ və İran arasında bölüşdürülüb, lakin SSRİ-nin dağılması və regionda yeni ölkələrin yaranması Xəzərdən istifadə ilə bağlı iddiaları daha da mürəkkəbləşdirib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Deputat bildirib ki, ən mübahisəli məsələ Xəzərin dəniz və ya göl olmasının müəyyən edilməsi idi: “Xəzərə dəniz kimi baxıldığı təqdirdə BMT-nin dəniz hüququ ilə bağlı şərtləri Xəzərə də şamil edilməli idi. Buraya ilk növbədə ərazi sularının 12 mildən çox olmaması şərti daxildir. Bundan başqa təbii resurslardan istifadə sahilyanı ölkələrlə məhdudlaşmamalıdır, Xəzər sahillərində yerləşməyən dövlətlərin də Xəzərə çıxışı olmalıdır, məsələn, hər hansı bir dövlət Xəzərdə hərbi obyektlər yerləşdirə bilərdi və s. Bu isə əlbəttə Xəzəryanı dövlətləri qane etmirdi. Xəzərə göl kimi yanaşdıqda isə, onun sahəsi beş dövlət arasında bərabər bölünmüş olardı ki, bu da ən böyük sahil xəttinə malik dövlətlər üçün əlverişli olmazdı. Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması siyasi, ekoloji, geosiyasi risklər yaradırdı ki, bu isə istənilən an regionda gərginliyə yol aça bilərdi. Xəzərin hüquqi statusu ilə bağlı 20 ilə yaxın davam edən bu mübahisələrə 2018-ci ildə Aktauda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında imzalanmış Konvensiya ilə son qoyuldu. Bununla da sahilyanı dövlətlər kənar təsir olmadan Xəzərlə bağlı qarşıya çıxa biləcək problemləri ciddi hüquqi sənədə dayanaraq həll etmək imkanı əldə etdilər. Aktau konvensiyası Xəzərə “xüsusi hüquqi status” verir, yəni o, nə dəniz, nə də göl kimi təyin edildi. Müəyyən edildi ki, Xəzər dənizi sahildə yerləşən dövlətlərin quru ərazisi ilə əhatə olunan su hövzəsidir. Xəzəryanı ölkələrin ərazi suları 15 mil müəyyən edildi, daha 10 mil məsafədə hər bir hövzə dövləti üçün balıqçılıq zonası müəyyən edildi. Yerüstü su üçün ümumi istifadə müəyyən olundu, yəni ərazi sularından kənarda bütün sahilyanı ölkələrə giriş azadlığı verildi. Bununla Xəzərin bioresurslarının böyük hissəsi ümumi istifadədə qaldı. Təbii sərvətlərlə zəngin olan dəniz dibi isə bölünəcək. Xəzərin dibinin bölüşdürülməsi kimi bəzi məsələlərin hələ də açıq qalması, Xəzərin iqtisadi potensialı, ölkələr arasındakı ticarət, nəqliyyat sahələrində oynadığı müstəsna rol, dövlətlərin təhlükəsizliyi məsələsində mühüm geosiyasi vəziyyəti nəzərə alındıqda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının əhəmiyyəti daha da artır. Xəzəryanı ölkələr arasında əməkdaşlıq istiqamətində prioritet məsələ dövlətlərin təhlükəsizliyin artırılması məsələdir. Aktau Konvensiyasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin təməl prinsip biri kimi müəyyən olunması, eləcə də tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir tərəfin öz ərazisini digər dövlətlərə verməsinin qadağan edilməsi ilə təhlükəsizliklə bağlı məsələ böyük ölçüdə həll edilmiş oldu. Bundan sonra, VI Zirvə Toplantısında cənab Prezidentin də vurğuladığı kimi qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, ən müasir və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin başlıca məqsədi olmalıdır. Əlbəttə, Xəzərin təbii resurslarla, neft-qaz, karbohidrogen ehtiyatları ilə zəngin olması, bu ehtiyatların hasilatının artırılması sahilyanı dövlətlərin iqtisadi potensialını yüksəldir. Zəngin balıq növlərinin mövcudluğu Xəzərin iqtisadi potensialını daha da artırır. Dünyada istehsal olunan kürü ehtiyatlarının böyük bir qismi Xəzərdən alınır. Digər tərəfdən, olduqca böyük iqtisadi potensialı ilə yanaşı, Xəzərin həmçinin regionun qabaqcıl infrastruktura sahib nəqliyyat qovşağına çevrilməsi imkanları da getdikcə artır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsini nəzərə alsaq Xəzər dənizi nəinki yalnız Xəzəryanı ölkələr üçün, tranzit baxımından, xüsusilə neft-qaz daşınmaları, kənd təsərrüfatı məhsullarının daşınması, məhsul tranziti baxımından dünyanın bir çox ölkələri üçün çox mühüm əhəmiyyət kəsb edir. Xəzəryanı bölgənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi fürsətindən uğurla istifadə edən Cənab Prezident Aşqabad Zirvə Toplantısında bir daha Zəngəzur dəhlizinin açılması məsələsini dilə gətirdi və bildirdi ki, Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həm də Xəzəryanı ölkələr üçün olduqca böyük fürsətə çevriləcək”.

Z.Əsgərov vurğulayıb ki, Xəzərin bizim üçün digər bir əhəmiyyəti isə region dövlətləri ilə qarşılqlı əməkdaşlığımızın, Avrasiya məkanına uğurlu inteqrasiyamızın daha da möhkəmləndirilməsinə xidmət etməsidir: “Bu mənada, xüsusilə, İranla olan münasibətlərə müsbət təsirini qeyd etmək lazımdır. Xəzərdən istifadə sahəsində İranla müştərək iqtisadi mənafeyin yaradılması və İranın regionda tranzit imkanının artırılması nəticədə İranın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsinə səbəb olur. Əlbəttə, bu gün Xəzərdən istifadə ilə bağlı müəyyən problemləri də dilə gtirməliyik. Xəzər dənizi uzun illər neft hasilatı və digər sənaye tullantıları ilə çirklənib. Neftlə çirklənmə balıqların miqrasiyasına səbəb olub, onun mübahisəli hüquqi statusu ekoloji cəhətdən qorunmasına da əngəl törədirdi. Çünki mübahisəli sularda ekoloji problemlərin həlli ilə məşğul olmaq çətin idi. Lakin Aktau Konvensiyasından sonra Xəzəryanı ölkələr ekoloji sahədə də fəaliyyətlərini daha səmərəli həyata keçirmək imkanı qazanıb. Cənab Prezident qeyd etdi ki, Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir və biz Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində hər zaman maraqlıyıq. Digər mühüm məqam isə odur ki, Xəzəryanı dövlətlər Xəzərdən istifadə ilə bağlı milli mənafe ilə yanaşı, regional mənafeni üstün tutmağı və müdafiə etməyi bacarmalıdırlar. Dünyada təbii ehtiyatlar, əlverişli mövqe və nüfuz uğrunda toqquşmaların kəskinləşdiyi bir dövrdə Xəzəryanı ölkələrin regionun təhlükəsizliyini təmin etmək baxımından məsuliyyəti daha da artıb. Biz Xəzəryanı ölkələrlə qarşılıqlı əməkdaşlıq, mehriban dostluq əlaqələrinin olması məsələsini daim diqqət mərkəzində saxlayırıq. Bundan sonra da Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi, Xəzərin ekoloji cəhətdən təmizlənməsi işinə öz töhfəmizi verməyə davam edəcəyik”.

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm