Azərbaycan Ordusunun “zərgər dəqiqliyi” - Antiterror əməliyyatı necə keçirildi?
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusunun “zərgər dəqiqliyi” - Antiterror əməliyyatı necə keçirildi?

Azərbaycan Ordusunun “zərgər dəqiqliyi” - Antiterror əməliyyatı necə keçirildi?

19-20 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələlərdən biri oldu. Əməliyyat zamanı Azərbaycan Ordusu qarşıya qoyulan hərbi məqsədləri qısa müddətdə həyata keçirdi. Antiterror əməliyyatının hərbi baxımdan əsas xüsusiyyətlərindən biri də hədəflərin dəqiqliklə müəyyənləşdirilməsi və əməliyyatın yüksək peşəkarlıqla aparılması idi.

Bəs 19-20 sentyabr antiterror əməliyyatının hərbi əhəmiyyəti nədən ibarət idi? Azərbaycan Ordusunun peşəkarlığı və əməliyyatın özünəməxsusluğu hansı məqamlarla yadda qaldı?

Publika.az mövzu ilə bağlı hərbi jurnalist, müharibə iştirakçısı, yazıçı, polkovnik-leytenant İbrahim Rüstəmlinin fikirlərini öyrənib.

“Əsas vəzifə 44 günlük Vətən savaşında qazandığımız qələbənin tam təmin edilməsi idi”

İbrahim Rüstəmli bildirib ki, 19-20 sentyabr 2023-cü ildə antiterror əməliyyatının keçirilməsinə hərbi baxımdan nəzər saldıqda, Azərbaycanın qarşısında dayanan əsas vəzifə 44 günlük Vətən savaşında qazandığı qələbənin tam təmin edilməsi idi. Onun sözlərinə görə, bunun üçün 30 il ərzində orada fəaliyyət göstərən güclərin qalıqlarını təmizləmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək lazım idi.

Hərbi jurnalist qeyd edib ki, həmin dövrdə ərazidə erməni terrorçularının qalıqları vardı. Bildirib ki, həmin vaxt artıq Rusiya sülhməramlıları ərazini tərk etməkdə idilər və onların Azərbaycan ərazisindəki fəaliyyəti ölkəni qane etməmişdi.

İbrahim Rüstəmli vurğulayıb ki, Azərbaycan Kosovoda, İraqda və Əfqanıstanda antiterror əməliyyatlarında iştirak etmiş və kifayət qədər ciddi təcrübə qazanmış dövlət kimi Rusiya sülhməramlılarının fəaliyyətindən razı ola bilməzdi. Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağa tərəf kimi gəlmişdilər.

Müsahibin sözlərinə görə, antiterror əməliyyatının həyata keçirilməsi Azərbaycan üçün zərurət idi. O bildirib ki, 44 günlük Vətən savaşından sonrakı dövrdə ərazidə terrorçu qrupların, sabotajla məşğul olan, xüsusilə bir sıra Avropa dövlətlərinin, o cümlədən Rusiyanın təkidi ilə orada yerləşdirilmiş güclərin fəaliyyəti izlənilirdi.

İbrahim Rüstəmli qeyd edib ki, Qarabağda 30 il döyüşmüş güclərin, erməni terrorçularının qalıqlarının orada qalması Azərbaycanın ərazi bütövlüyünə və Azərbaycan insanının təhlükəsizliyinə ciddi təhdid yaradırdı.

O vurğulayıb ki, Azərbaycan məhz bu səbəbdən antiterror əməliyyatını həyata keçirməyə başlamışdı və buna məcbur idi. Eyni zamanda, onun sözlərinə görə, Rusiya sülhməramlılarının ərazidən çıxmasından sonrakı dövrdə həmin yerin doldurulması üçün bir sıra Avropa ölkələri, başda Fransa olmaqla, oraya müəyyən sülhməramlı missiya ilə gəlmək niyyətində idilər.

“Buna qətiyyən yol vermək olmazdı”, - deyə İbrahim Rüstəmli bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlət, Cənubi Qafqazda yeni geosiyasi mühit yaradan dövlət olaraq buna ehtiyac duymurdu. O qeyd edib ki, Azərbaycan öz daxili gücü hesabına öz ərazilərinin bərpa edilməsi istiqamətində inamla çıxış edirdi və digər dövlətlərin yardımına ehtiyac duymurdu.

Hərbi ekspert:

“Zərgər dəqiqliyi ilə işlənmiş hərbi əməliyyat idi”

Polkovnik-leytenant vurğulayıb ki, antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu 44 günlük Vətən savaşı dövründə göstərdiyi yüksək taktiki-strateji göstəricilərini bir daha ortaya qoyub.

Onun sözlərinə görə, antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əsas strateji addımlardan biri idi.

İbrahim Rüstəmli bildirib ki, 44 günlük Vətən savaşında qələbə qazanılması və Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin bərpa edilməsi nə qədər önəmli idisə, antiterror əməliyyatı da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması istiqamətində əsas elementlərdən biri sayılır.

Müsahib qeyd edib ki, əməliyyatın unikallığı ondan ibarət idi ki, mülki infrastruktura heç bir zərbə endirilmədi, mülki əhali arasında bir nəfər də olsun ölüm faktı qeydə alınmadı. Onun sözlərinə görə, hədəflər yalnız hərbi birləşmələrin infrastrukturları, səngərlər və hərbiləşdirilmiş silahlı terrorçular idi.

İbrahim Rüstəmli bildirib ki, antiterror əməliyyatı zamanı Azərbaycan yalnız öz ərazisində qanunsuz fəaliyyət göstərən erməni terrorçularının kökünü, belə demək olarsa, kəsdi.

O vurğulayıb ki, həmin dövrdə onların fəaliyyəti bir növ partizan dəstələrinin fəaliyyətini xatırladırdı. Müsahibin sözlərinə görə, 44 günlük Vətən savaşından sonra ərazidə qalan erməni terrorçularının qalıqları tamamilə təmizləndi.

“Onun şəxsən nəzarəti altında həyata keçirilən antiterror əməliyyatı...”

İbrahim Rüstəmli qeyd edib ki, bütün bunlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyəti ön planda dayanıb. Onun sözlərinə görə, Ali Baş Komandanın şəxsən nəzarəti altında həyata keçirilən antiterror əməliyyatı yüksək müvəffəqiyyətlə başa çatıb.

Hərbi jurnalist Azərbaycan Ordusunun peşəkarlığının da xüsusi vurğulanmalı olduğunu bildirib. O deyib ki, dünya tarixində zərgər dəqiqliyi ilə həyata keçirilmiş ikinci bir antiterror əməliyyatını xatırlamaq onun üçün çətindir.

“Bu, o qədər həqiqətən də düzgün düşünülmüş, koordinatları tam dəqiqliyi ilə müəyyənləşdirilmiş bir əməliyyat idi. Yəni onun analoqu demək olar ki, bütün dünyada yoxdur”, - deyə İbrahim Rüstəmli vurğulayıb.

Müsahib bildirib ki, bu mənada antiterror əməliyyatını 44 günlük Vətən savaşında qazanılan qələbənin uğurlu davamı kimi dəyərləndirir. Onun sözlərinə görə, bu əməliyyat Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və Azərbaycan insanının təhlükəsizliyinin təmin olunması istiqamətində əsas elementlərdən biridir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm