Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - FOTO

Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - FOTO

Azərbaycanla Sent-Kits və Nevis arasında diplomatik və rəsmi/xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında saziş imzalanıb.

Publika.az xəbər verir ki, müvafiq saziş xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevisdən olan həmkarı Denzil Luelin Daqlasla görüşündə imzalanıb.

"Bu saziş rəsmi səfərləri daha da asanlaşdıracaq, diplomatik əlaqələri genişləndirəcək və iki ölkə arasında insanlararası təmasları gücləndirəcək", - Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

Həmçinin qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin həvəsləndirilməsinin, habelə BMT və Qoşulmama Hərəkatı daxil olmaqla, çoxşaxəli platformalar çərçivəsində təsisatlararası koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

C. Bayramov həmçinin Antiqua və Barbudanın xarici işlər və ticarət naziri Everli Pol Çet Qrin ilə görüşüb. Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında ümumvətəndaş pasportlarına malik olan şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb.

Əlavə olunub ki, Ceyhun Bayramovun Benin xarici işlər naziri Korin Amori Brunet ilə görüşündə iki ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında da saziş imzalanıb.

"Bu mühüm sənədlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, turizmin təşviqinə və xalqlarımız arasında maneəsiz rəsmi və insanlararası təmasların asanlaşdırılmasına əhəmiyyətli dərəcədə töhfə verəcək", - məlumatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm