Samir Vəliyev: “4 oktyabr Cəbrayıl üçün ən şərəfli tarixlərdən biridir”
Bizi izləyin

Nida Xəbər

Samir Vəliyev: “4 oktyabr Cəbrayıl üçün ən şərəfli tarixlərdən biridir”

Samir Vəliyev: “4 oktyabr Cəbrayıl üçün ən şərəfli tarixlərdən biridir”

“Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsinin altıncı ildönümünü yaşayır. Məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə Müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixinə ən şərəfli günlər olaraq əbədi həkk olmuş tarixlər var. Belə günlərdən biri oktyabrın 4-ü tarixidir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.

Deputat bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi, erməni təbliğatının illər boyunca dünyanı həqiqiliyinə inandırmaq istədiyi miflərin cəfəngiyyat olduğunu sübuta yetirdi. Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyəti ilə keçirdiyi görüşdə vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü.

Millət vəkili hazırda Cəbrayıl rayonunda böyük quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb. Yol infrastrukturuna gəlincə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Həmin avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Samir Vəliyev xatırladıb ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub. “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2.974 nəfər, Horovlu kəndində 321 ailə, 1.326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2.749 nəfər olmaqla cəmi 1.600 ailə, 7.022 nəfər məskunlaşıb. Dövlətimizin başçısı Cəbrayıl rayonuna da mütəmadi olaraq səfərlər edir, görülən işlərlə şəxsən tanış olur. Bütün xalqımız Böyük Qayıdış prosesini sevinc hissi ilə izləyir. Bütün xalqımız, o cümlədən cəbrayıllılar 4 oktyabr Cəbrayıl Şəhər Gününü qürurla qeyd edir” – deyə, deputat vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm