Nazir: "Azərbaycan Kamboca ilə investisiyaları qorumaq haqqında saziş hazırlayır"
Bizi izləyin

Nida Xəbər

Nazir: "Azərbaycan Kamboca ilə investisiyaları qorumaq haqqında saziş hazırlayır"

Nazir: "Azərbaycan Kamboca ilə investisiyaları qorumaq haqqında saziş hazırlayır"

Azərbaycan Kamboca ilə investisiyaların qorunması haqqında saziş hazırlayır.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin irimiqyaslı bərpası yeni iqtisadi imkanlar yaradır: "Ağdam və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkları mövcuddur. Regionun "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsi isə onun iqtisadi potensialını və investorlar üçün imkanlarını daha da genişləndirir. Mineral ehtiyatlar və mədənçilik sahələrində əməkdaşlıq bizim üçün potensial prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Azərbaycan şirkətlərinin həm ölkə daxilində, həm də xaricdə həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir".

"Bu imkanları layihələrə çevirmək üçün bizə aydın hüquqi çərçivə və ardıcıl izləmə mexanizmi lazımdır. Biz bu gün ticarət və iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası çərçivə sazişini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi imzaladıq. İnvestisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında saziş isə hazırlıq mərhələsindədir. İnanıram ki, bu sazişi də tezliklə birgə həyata keçirəcəyik", - deyə nazir əlavə edib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan və Kamboca şirkətlər arasında tərəfdaşlığın inkişafını dəstəkləyəcək: "Şirkətləri tərəfdaşlıq ehtiyacları, maliyyələşdirmə yanaşması və hədəf bazarları daxil olmaqla, konkret layihə təkliflərini bölüşməyə dəvət edirik. Azərbaycan İqtisadiyyat Nazirliyi Kambocanın Ticarət Nazirliyi ilə birlikdə müqavilələrin bağlanmasının asanlaşdırılması, investisiya imkanları haqqında məlumat mübadiləsi və konkret sektorlar üzrə xüsusi izləmələrin təşkili vasitəsilə bu prosesi dəstəkləyə bilər. Məqsədimiz hər iki ölkə üçün davamlı dəyər yaradan və dostluğumuza töhfə verən iqtisadi münasibətlər qurmaqdır. Azərbaycan və Kamboca xəritədə bir-birindən çox uzaqda yerləşir, lakin müasir iqtisadiyyatda məsafə kilometrlərlə deyil, biznes əlaqələrinin gücü ilə ölçülür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm