Təhsil gələcək nəslin milli dəyərlər və ideoloji təhlükəsizlik ruhunda formalaşmasının əsas vasitəsidir
Bizi izləyin

Nida Xəbər

Təhsil gələcək nəslin milli dəyərlər və ideoloji təhlükəsizlik ruhunda formalaşmasının əsas vasitəsidir

Təhsil gələcək nəslin milli dəyərlər və ideoloji təhlükəsizlik ruhunda formalaşmasının əsas vasitəsidir

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, güclü dövlətçilik ənənələrinə malik, dinamik inkişaf edən və beynəlxalq aləmdə öz sözünü deyən ölkədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və uzaqgörən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmiz həm milli maraqlarını qətiyyətlə qoruyan, həm də dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa töhfə verən dövlət kimi tanınır.

Belə bir dövlət üçün gələcək nəslin hansı dəyərlərlə formalaşması xüsusi əhəmiyyət daşıyır. Müasir informasiya mühiti, sosial şəbəkələr və süni intellekt imkanları uşaqların və gənclərin dünyagörüşünə çoxsaylı təsirlər yaradır. Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında da ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, bu istiqamətdə ən mühüm vasitələrdən biri məhz təhsildir.

Hesab edirəm ki, məktəb yalnız bilik verilən məkan kimi qəbul olunmamalıdır. Məktəb həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin, məsuliyyət hissinin, vətənpərvərlik duyğusunun və cəmiyyətə münasibətinin formalaşdığı mühüm sosial mühitdir.

Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə münasibətim müsbətdir. Vahid forma məktəbdə nizam-intizamın möhkəmlənməsinə, kollektivə aidlik hissinin formalaşmasına və şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir. Uşaqlar məktəbə geyim və maddi imkanlar arasındakı fərqləri göstərmək üçün yox, bilik almaq, inkişaf etmək və öz gələcəklərini qurmaq üçün gedirlər.

Eyni zamanda, müəllimlərin geyiminə münasibətdə də sadə, səliqəli və işgüzar yanaşmanı vacib hesab edirəm. Müəllim məktəb mühitində peşəkarlığın və davranış mədəniyyətinin nümunəsidir. Ona görə də müəllimin görünüşünün təhsil müəssisəsinin ümumi işgüzar mühitinə uyğun olması tədris prosesinə müsbət təsir göstərir.

Azərbaycan dünyəvi dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə və dini etiqad azadlığına hörmət edən ölkədir. Bizim cəmiyyətimiz əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə, qarşılıqlı hörmət şəraitində yaşadığı tolerantlıq ənənələri ilə seçilib. Bu yanaşma dövlət siyasətində də öz əksini tapır.

Ona görə məktəblərdə geyim məsələsinə də məhz bu yanaşma ilə qanunvericilik, dünyəvilik, milli-mənəvi dəyərlər, uşaqların hüquqları və sağlam təhsil mühiti prinsipləri əsasında yanaşmaq lazımdır.

Uşaqlarımızın savadlı, geniş dünyagörüşünə malik, vətənpərvər, milli kimliyinə bağlı və müasir dünyanın çağırışlarına hazır vətəndaşlar kimi yetişməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Məktəbdə yaradılan mühit, tətbiq olunan qaydalar və formalaşdırılan davranış mədəniyyəti də məhz bu ali məqsədə xidmət etməlidir.

Fatma Yıldlrım

Oxumağa davam et
Reklam
Reklam

Gündəm