Maliyyə yoxlamasından sonra vəzifəsini itirdi: Leysan Məmmədovu nə gözləyir?
Bizi izləyin

Nida Xəbər

Maliyyə yoxlamasından sonra vəzifəsini itirdi: Leysan Məmmədovu nə gözləyir?

Maliyyə yoxlamasından sonra vəzifəsini itirdi: Leysan Məmmədovu nə gözləyir?

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, bu prosesə nəzarət edən qurumların fəaliyyəti də diqqət mərkəzindədir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən azad edilməsi isə həmin qurumun fəaliyyəti və yoxlamaların nəticələri ilə bağlı maraq doğurur.

Bəs aparılan yoxlamalar zamanı hansı nöqsanlar aşkarlanıb və bu qərarın arxasında hansı səbəblər dayana bilər?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a vəkil Mehman Muradlı danışıb. O deyib ki, Leysan Məmmədovun vəzifədən azad edilməsi onun cinayət məsuliyyətinə cəlb olunması demək deyil:

“Burada əsas məsələ audit zamanı aşkarlanan nöqsanların xarakteri, dövlətə dəymiş zərərin məbləği və həmin hallarda konkret vəzifəli şəxslərin iştirakının sübuta yetirilməsidir. Əgər araşdırma zamanı dövlət vəsaitlərinin mənimsənilməsi və ya israf edilməsi faktı müəyyənləşdirilərsə, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət məsuliyyəti yarana bilər. Şəxsin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə törətməsi 179.2-ci maddə ilə iki ildən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mənimsəmənin külli miqdarda və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi halında cəza beş ildən on ilədək, xüsusilə külli miqdarda ziyan vurulduqda isə on ildən on dörd ilədək azadlıqdan məhrumetmə ola bilər”.

Vəkilin sözlərinə görə, digər ehtimal Cinayət Məcəlləsinin 308-ci maddəsidir:

“Vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu sübuta yetirilərsə, 308.1-ci maddə ilə üç ilədək azadlıqdan məhrumetmə, ağır nəticələrə səbəb olduqda isə 308.2-ci maddə ilə üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bundan başqa, dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi faktı müəyyənləşdirilərsə, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin tətbiqi də gündəmə gələ bilər. Bu maddənin 308-1.2-ci hissəsinə əsasən, külli miqdarda vəsaitin təyinatından kənar istifadəsinə görə üç ildən altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin burada mühüm hüquqi fərq var. Belə ki, audit zamanı maliyyə və mühasibat nöqsanlarının aşkarlanması avtomatik olaraq mənimsəmə və ya korrupsiya cinayəti demək deyil. Həmin vəsaitlərin kim tərəfindən, hansı məqsədlə və hansı qərar əsasında istifadə edildiyi araşdırılmalıdır. Leysan Məmmədovun bu əməllərdə iştirakı və təqsiri sübuta yetirilməlidir”.

M.Muradlı hesab edir ki, dövlət vəsaitlərinin mənimsənilməsi və ya vəzifə səlahiyyətlərindən sui-istifadə faktları təsdiqlənərsə, onun barəsində cinayət işi başlana və həbs qətimkan tədbiri seçilə bilər:

“Ancaq indiki mərhələdə konkret olaraq hansı maddə ilə ittiham irəli sürüləcəyini və neçə il cəza alacağını söyləmək hüquqi baxımdan düzgün olmaz. Əgər Nazirlik burada mənimsəmə halları müəyyən edərsə, materialları aidiyyəti üzrə göndərməli, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməlidir. Zərərin məbləği müəyyənləşdirildikdən sonra isə Leysan Məmmədov və digər şəxslərin məsuliyyəti məsələsinə baxıla bilər. Çünki bu cür hallarda vəsaitlərin mənimsənilməsində tək bir şəxsin iştirak etməsi inandırıcı deyil. Ola bilər ki, prosesdə başqa şəxslər də iştirak edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm