Səfiyə Mehbalıyeva biznesi üçün milyonluq təklifdən niyə imtina edib?
Bizi izləyin

Nida Xəbər

Səfiyə Mehbalıyeva biznesi üçün milyonluq təklifdən niyə imtina edib?

Səfiyə Mehbalıyeva biznesi üçün milyonluq təklifdən niyə imtina edib?

Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva Dubayda qurduğu bizneslə bağlı maraqlı açıqlama verib.

Publika.az Bestmedia.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında rəhbərlik etdiyi “Gemaee” lüks təkrar satış platformasını satmaq üçün aldığı yeddi rəqəmli təklifdən imtina etdiyini bildirib.

Mehbalıyeva qeyd edib ki, Dubayda yeddi il ərzində qurduğu biznesi inkişaf etdirmək üçün böyük əmək sərf edib. O, “Gemaee” brendinin təsisçisi olduğunu vurğulayaraq, şirkətin fəaliyyətini lüks məhsulların təkrar satışının yeni konsepsiyası əsasında qurduğunu bildirib.

Səfiyə Mehbalıyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki oğul anası kimi təqdim edib. O, uzun illər müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin bilikləri öz biznesini qurmaq və inkişaf etdirmək üçün tətbiq etdiyini yazıb.

“Biznesimi satmaq üçün yeddi rəqəmli təklifdən imtina etdim. Dubayda yeddi il ərzində qurduğum biznesin təsisçisiyəm. Mən elmlər doktoruyam, keçmiş professoram. İllərlə proseslərin necə işlədiyini öyrənmişəm, indi isə onları özüm qururam.

İki oğul anası olaraq həm şirkətimə, həm də övladlarıma eyni yüksək standartlarla yanaşıram. Burada moda, lüks və kapital sahələrində əslində nələrin baş verdiyini, adətən nümayiş etdirilməyən tərəfləri açıqlayıram.

Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə strategiya deyil, bu, intizamdır.

Yeni mağaza üzərində işləyirəm. Bu dəfə isə biznesin pərdəarxasında baş verənləri – hər bir xərci, hər qərarı izləyicilərimlə bölüşəcəyəm”, - Mehbalıyeva paylaşımında bildirib.

O, izləyicilərini səmərəli sahibkarlıq, maliyyə vəsaitlərinin düzgün idarə olunması, eləcə də moda və lüks sənayesinin pərdəarxası məqamları barədə məlumatlandıracağını da qeyd edib.

Mehbalıyevanın sözlərinə görə, yeni mağazanın yaradılması prosesi də sosial şəbəkə izləyicilərinə açıq olacaq. O, biznesin qurulması zamanı verilən qərarları və çəkilən xərcləri mərhələli şəkildə nümayiş etdirməyi planlaşdırır.

Səfiyə Mehbalıyeva kimdir?

Səfiyə Mehbalıyeva daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllim vəzifəsində çalışıb. O, həmçinin “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub.

1990-cı il təvəllüdlü Səfiyə Mehbalıyeva Milli Məclisin sabiq deputatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri Səttar Mehbalıyevin oğlu, Qaradağ Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevlə ailəli olub.

Mətbuatda yayılan məlumatlara görə, İsfəndiyar Möhbəliyev 2025-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, Əli Həsənovun oğlu Şamxal Həsənli də bir neçə ildir ABŞ-da yaşayır.

Səfiyə Mehbalıyevanın rəhbərlik etdiyi “Gemaee” Dubayda fəaliyyət göstərən lüks məhsulların təkrar satış platformasıdır. Şirkət ikinci əl lüks məhsullar bazarında fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm