Nida Xəbər
Azərbaycançılığın kökündə türklük, İslam və müasirlik dayanır
Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının tarixi formalaşma prosesi ilə üzvi şəkildə bağlı olan, dərin etnik, dini, mənəvi və mədəni köklərə söykənən çoxşaxəli ideoloji sistemdir. Bu ideologiyanın ilkin əsasları xalqın milli kimliyinin təşəkkülü ilə paralel şəkildə meydana gəlib. Onun əsasını türklük, İslam və ümumbəşəri dəyərləri ehtiva edən müasirlik prinsipləri təşkil edir.
Publika.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kafedra müdiri akademik Nizami Cəfərov deyib. Akademik bildirib ki, azərbaycançılıq ideologiyasının ayrı-ayrı tarixi və mədəni əsasları qədim dövrlərə gedib çıxsa da, onun bütöv siyasi və ideoloji sistem kimi formalaşması XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Azərbaycanın görkəmli ziyalıları milli kimlik məsələlərini yeni ictimai-siyasi şəraitdə nəzəri cəhətdən əsaslandırmağa, xalqın etnik, dini və mədəni dəyərlərini vahid ideoloji məcrada birləşdirməyə çalışıblar. Bu prosesdə Əli bəy Hüseynzadənin xüsusi mövqeyi və müstəsna xidmətləri olub. Bununla yanaşı, digər mütəfəkkir və ziyalıların da yaradıcılığı azərbaycançılıq düşüncəsinin sistemləşməsində mühüm rol oynayıb. Azərbaycançılıq ideologiyasının dövlətçilik müstəvisində reallaşdırılmasına Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanılıb. Lakin Cümhuriyyətin süqutu və ölkənin müstəqil dövlətçilik ənənələrinin zorla dayandırılması bu prosesin ardıcıl inkişafına mane olub. Sonrakı sovet hakimiyyəti illərində isə mövcud siyasi-ideoloji mühit azərbaycançılığın bütün komponentlərinin sərbəst şəkildə ifadə olunmasına imkan verməyib.
O, Səməd Vurğunun yaradıcılığında azərbaycançılıq məfkurəsinin özünəməxsus təzahürlərindən də bəhs edib. Bildirib ki, şairin əsərlərində Azərbaycan sevgisi, milli torpağa bağlılıq və vətənpərvərlik motivləri aparıcı yer tutur. Bununla belə, həmin dövrün ideoloji məhdudiyyətləri onun yaradıcılığında türklük, İslam və müasirlik prinsiplərinin bütöv şəkildə, qarşılıqlı vəhdətdə ifadəsini məhdudlaşdırıb: “Səməd Vurğunun azərbaycançılığı, ilk növbədə, onun bədii dilində, poetik düşüncəsində, Azərbaycanı tərənnüm edən əsərlərində özünü göstərir. Lakin bu, azərbaycançılığın bütün mahiyyətini əhatə edən sistemli ideoloji ifadə deyildi. Şairin yaradıcılığında türklük, İslam və ümumbəşəri dəyərlərlə bağlı ayrı-ayrı mülahizələrə rast gəlinsə də, həmin məsələlərə münasibət dövrün siyasi-ideoloji şərtləri çərçivəsində formalaşırdı”.
Akademik diqqətə çatdırıb ki, azərbaycançılıq ideologiyasının Azərbaycan xalqının tarixi taleyində və müstəqil dövlətçilik təcrübəsində ardıcıl şəkildə gerçəkləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq milli ideya olmaqla yanaşı, müstəqil dövlətin ideoloji dayaqlarından birinə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə ideologiyanın müasir dövrün tələblərinə uyğun inkişafına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və milli özünüdərk prosesinin daha da dərinləşməsinə şərait yaradıb.
Hər bir ideologiyanın inkişafı onu təmsil edən xalqın və dövlətin ümumi tərəqqisi ilə sıx bağlıdır. İqtisadi inkişaf, siyasi sabitlik, mədəni yüksəliş və mənəvi-intellektual potensial milli ideologiyanın ictimai həyatda daha geniş təzahür etməsinin əsas şərtləridir. Bu baxımdan müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər azərbaycançılıq ideologiyasının məzmun və təsir imkanlarını da genişləndirir.
O qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda, o cümlədən millətlərarası dialoq çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil siyasi mövqeyini, milli maraqlarını və dövlət suverenliyini qorumaq əzmini nümayiş etdirir. Dövlətin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyə malik olması, qlobal məsələlərə müstəqil yanaşması azərbaycançılıq ideologiyasının müasir siyasi təzahürlərindən biri kimi qiymətləndirilməlidir. Müasir beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, hərbi münaqişələr, müxtəlif ideoloji qarşıdurmalar, texnoloji dəyişikliklər və süni intellektin yaratdığı yeni çağırışlar milli dövlətlərin daxili dayanıqlığını daha da aktuallaşdırır: “Belə bir şəraitdə Azərbaycanın siyasi, iqtisadi, sosial və mənəvi-ideoloji sabitliyinin qorunması mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycançılıq ideologiyasının davamlı inkişafı üçün, ilk növbədə, dövlətin daxili sabitliyi, cəmiyyətin həmrəyliyi və milli-mənəvi dəyərlərin qorunması təmin edilməlidir. İqtisadi və sosial inkişafla yanaşı, mənəvi-intellektual mühitin sağlamlığı da bu prosesin mühüm şərtlərindəndir”.
Nizami Cəfərov azərbaycançılığın əsasını təşkil edən türklük, müsəlmanlıq və müasirlik prinsiplərinin qarşılıqlı vəhdətdə qorunmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu komponentlərdən hər hansı birinin digərlərindən üstün tutulması ideologiyanın bütövlüyünü poza bilər. Azərbaycançılığın mahiyyəti etnik, dini və ümumbəşəri dəyərlərin vahid milli məfkurə ətrafında birləşməsindən ibarətdir. Buna görə də hər üç prinsipə eyni dərəcədə diqqət yetirilməsi, onların milli kimliyin ayrılmaz tərkib hissələri kimi qorunması vacibdir.
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq





























.jpg)


