Biz bu Fələstin üçün Azərbaycanı üzürük? - Yılmaz Özdil
Bizi izləyin

Nida Xəbər

Biz bu Fələstin üçün Azərbaycanı üzürük? - Yılmaz Özdil

Biz bu Fələstin üçün Azərbaycanı üzürük? - Yılmaz Özdil

Türkiyəli jurnalist və yazar Yılmaz Özdil Azərbaycan-Türkiyə münasibətləri, İsrailin Bakı ilə hərbi əməkdaşlığı və Fələstin məsələsi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Özdil özünün “YouTube” kanalında yayımladığı çıxışında Türkiyənin regional proseslərə dini və məzhəbi deyil, milli maraqlar prizmasından yanaşmalı olduğunu bildirib.

Jurnalist Azərbaycan-İsrail və Ermənistan-İran münasibətlərini müqayisə edərək deyib:

“Əslində, məsələ daha dərin və başqadır. Azərbaycan İsraillə hərbi əməkdaşlıq sazişi imzalayıb. Eyni gündə İrəvanda biznes forumun açılışı keçirilirdi və bu forumun açılışına sadəcə iki ölkə qatılmışdı - Ermənistan və İran. Yəni İran Ermənistanın yanında, İsrail isə Azərbaycanın yanında dayanır.

Çünki həyata daima öz paytaxtlarından baxırlar - yəhudi İsraillə müsəlman Azərbaycan, müsəlman İranla xristian Ermənistan. Bizdən başqa heç kim dünyaya din, məzhəb pəncərəsindən baxmır. Hamı dünyaya öz paytaxtından baxır, hamı xalqının maraqlarından çıxış edir. Bakı ilə Təl-Əviv, Tehranla İrəvan. Yaxınlığımızda belə dərin ittifaqlar qurulur, bizim üçün isə məsələ Fələstindir, baş örtüyüdür. Azərbaycanın milli dövlət quruculuğuna artıq burnumuzu soxuruq”.

Özdil Türkiyənin Fələstin məsələsinə yanaşmasını da tənqid edib. Onun sözlərinə görə, Ankara bu məsələyə görə Azərbaycanla münasibətlərini gərginləşdirməməlidir. O, bu kontekstdə Fələstin prezidenti Mahmud Abbasın 29 oktyabrda - Türkiyənin Cümhuriyyət bayramı günündə Yunanıstan Kiprinə səfər etməsinə diqqət çəkib:

“Bizim Azərbaycanla gərginlik yaşadığımız bu dövrdə Fələstin prezidenti Mahmud Abbas hara getdi? Mahmud Abbas Türkiyənin Cümhuriyyət günündə yunan Kiprinə səfər etdi. Görünür, günü xüsusən seçib. Şimali Kipri yox sayıb, yunan Kiprinin yanında dayanır. Biz bu Fələstin üçün Azərbaycanı üzürük?”.

Jurnalist Fələstin rəhbərliyinin Ermənistanla münasibətlərini də xatırladaraq, Azərbaycanın bu məsələləri unutmadığını qeyd edib:

“Fələstin rəhbərliyi - istər FƏTH, istərsə də HƏMAS - daim Ermənistanın yanında yer alıb. Biz fələstinlilərin bizi necə arxadan vurduğunu, PKK terrorçularını düşərgələrində necə yetişdirdiklərini, ASALA ilə necə əməkdaşlıq etdiklərini çoxdan unutmuşuq. Amma Azərbaycan ona qarşı edilənləri heç vaxt unutmur”.

Özdil İsrail-Azərbaycan hərbi əməkdaşlığına da toxunub. O, İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və iki ölkə arasında hərbi əlaqələrin Qarabağın azad edilməsində rol oynadığını bildirib.

“Azərbaycan Qarabağı İsrail silahları sayəsində azad etdi. Əlbəttə, Türkiyənin də bu prosesdə payı var. Amma Ermənistanın işğalına son qoyulmasında İsrail silahları mühüm rol oynadı”, - deyə jurnalist vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm