Nida Xəbər
Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
Türkiyəli jurnalist və yazar Yılmaz Özdil Azərbaycan-Türkiyə qardaşlığının tarixi kökləri, Azərbaycanın Türkiyənin Milli Mübarizə dövründə göstərdiyi dəstək və iki ölkənin ortaq mübarizəsi barədə danışıb.
Publika.az xəbər verir ki, Özdil özünün “YouTube” kanalında yayımladığı çıxışında ilk olaraq Azərbaycanın Zəfər Gününün tarixinin dəyişdirilməsini xatırladıb.
“Qarabağ savaşı 10 noyabr 2020-ci ildə zəfərlə başa çatdığı üçün əvvəlcə 10 noyabr Azərbaycanda rəsmi Zəfər Günü elan edildi. Amma bu qərarın açıqlanmasından bir gün sonra tarix dəyişdirildi. Çünki 10 noyabr Mustafa Kamal Atatürkün ölüm ildönümüdür. İlham Əliyev Atatürkə hörmətsizlik edilməməsi üçün Zəfər Gününün tarixini 8 noyabra dəyişdirdi. Belə bir qardaşdan danışırıq. İnsan belə bir qardaşla münasibətini korlayarmı?”, - deyə Özdil bildirib.
Jurnalist daha sonra Türkiyənin Milli Mübarizə dövrünə qayıdaraq Azərbaycanın həmin illərdə göstərdiyi maddi və hərbi dəstəyi xatırladıb.
“Bir az keçmişə - Milli Mübarizə dövrünə qayıdaq. Yanımızda kim var idi? Azərbaycan türkləri var idi. Qatarlarla, vaqonlarla, onlarla ton yanacağı təmənnasız göndərdilər. Xam neft belə göndərdilər. Göndərə bilmədiklərini isə özləri satıb pulunu Ankaraya çatdırdılar. Söhbət 1919-1922-ci illərdən gedir”, - deyə o qeyd edib.
Özdil bildirib ki, Türkiyənin Qurtuluş savaşı zamanı Bakıda Milli Qüvvələrə (Kuva-yi Milliye) yardım məqsədilə ianə kampaniyaları təşkil olunub. Azərbaycan qəzetlərində Anadoluda müharibədən zərər çəkənlərə yardım çağırışları dərc edilib, müharibədə valideynlərini itirmiş uşaqlar üçün qızıl ianələri toplanıb və bu yardımlar Kazım Qarabəkirin vasitəçiliyi ilə Ankaraya çatdırılıb.
Jurnalist Azərbaycan SSR rəhbəri Nəriman Nərimanovun Türkiyəyə göndərdiyi yardımları da xüsusi vurğulayıb.
Onun sözlərinə görə, Nərimanov Mustafa Kamalın rəhbərlik etdiyi hökumətə 500 kiloqram külçə qızıl göndərib. Bununla yanaşı, 19 min Osmanlı qızılı, 1,5 milyon Fransa frankı və 1 milyon İngiltərə funt sterlinqi həcmində yardım göstərilib.
Özdil Nəriman Nərimanovun Mustafa Kamala ünvanladığı məktubdan da sitat gətirib:
“Paşam, bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş qardaşın hər zaman əlindən tutar”.
Jurnalist Azərbaycanın Türkiyəyə yalnız iqtisadi deyil, hərbi dəstək də verdiyini bildirib. O, Türkiyənin ikinci prezidenti İsmət İnönünün bu barədə danışdıqlarını xatırladıb:
“İsmət İnönü danışırdı ki, 8 iyul 1920-ci ildə Azərbaycandan yardım məqsədilə hərbi dəstə gəlib. Azərbaycanlı qardaşlarımız bir alay şəklində Milli Mübarizəyə qoşulublar. Könüllü zabitlər əsgərlərlə birlikdə səhra topları da gətiriblər. Onlar gizli şəkildə İran üzərindən Anadoluya keçərək Milli Ordu ilə çiyin-çiyinə vuruşublar”.
Özdil 9 sentyabrda İzmirə daxil olan süvarilər arasında Azərbaycan türklərinin də olduğunu bildirib. O, Türkiyənin Milli Mübarizəsindən sonra ölkədə qalan azərbaycanlı hərbçilərdən Səməd bəy Məşədi bəy oğlu Rəfibəylinin (Samet Sayqın) xidmətlərini xüsusi qeyd edib.
Jurnalistin sözlərinə görə, Rəfibəyli Türkiyədə qalaraq hərbi karyerasını Türk Silahlı Qüvvələrində davam etdirib. O, 1934-cü ildə Sayqın soyadını qəbul edib və Türkiyə Cümhuriyyəti ordusunda general-mayor rütbəsinə yüksələn ilk azərbaycanlı olub. Milli Mübarizədəki xidmətlərinə görə Türkiyə hökuməti tərəfindən İstiqlal medalı ilə təltif edilib. Sayqın 1980-ci ildə İstanbulda vəfat edib və orada dəfn olunub.
Özdil onu Azərbaycan və Türkiyə qardaşlığının ən konkret simvollarından biri kimi xarakterizə edib.
Jurnalist Çanaqqala döyüşlərində və Türkiyənin Qurtuluş savaşında da azərbaycanlıların iştirakına diqqət çəkib. Onun sözlərinə görə, bu müharibələrdə Türkiyə uğrunda 184 Azərbaycan türkü şəhid olub.
Çıxışının sonunda Özdil Azərbaycanla Türkiyə arasındakı tarixi qardaşlığın unudulmamalı olduğunu vurğulayaraq belə deyib:
“İnsan belə bir qardaşla münasibətlərini pozarmı? Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini?”.
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın











.jpg)



















.jpg)


