Tarixə yazılan Zəfər: Azərbaycanın şərəf və suverenlik dastanı
Bizi izləyin

Nida Xəbər

Tarixə yazılan Zəfər: Azərbaycanın şərəf və suverenlik dastanı

Tarixə yazılan Zəfər: Azərbaycanın şərəf və suverenlik dastanı

Hər bir xalqın tarixində elə müstəsna məqamlar olur ki, həmin anlar təkcə təqvimdəki hərbi bayram kimi deyil, milli kimliyin, hüquqi ədalətin və əbədi yaşarlıq formulunun təsbit olunduğu dönüş nöqtəsi kimi tarixləşir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün məhz belə bir müqəddəs və əvəzedilməz zirvədir. Bu gün biz təkcə 44 günlük Vətən müharibəsində qazanılan parlaq hərbi qələbəni deyil, həm də beynəlxalq hüququn aliliyinin, dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını böyük qürurla qeyd edirik.

Otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında qalması yalnız böyük bir humanitar faciə deyildi, həm də beynəlxalq hüquq nizamının kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin onilliklər boyu kağız üzərində qalması, beynəlxalq təşkilatların ikili standartları və təcavüzkara qarşı təsirli sanksiya mexanizmlərinin tətbiq edilməməsi faktiki olaraq hüquqi nihilizm mühiti yaratmışdı. Lakin Azərbaycan dövləti bu illər ərzində səbir, uzaqgörənlik və ardıcıl strateji planlama ilə öz gücünü topladı. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması, müasir hüquqi və siyasi institutların möhkəmləndirilməsi, beynəlxalq müstəvidə hüquqi bazanın zənginləşdirilməsi və ən əsası, ordumuzun modern standartlara uyğun şəkildə qurulması gələcək zəfərin sarsılmaz təməlini qoydu.

Bu tarixi missiyanın uğurla reallaşmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi və möhtəşəm diplomatik gedişləri həlledici rol oynadı. Prezident İlham Əliyev həm döyüş meydanında cəsarətli sərkərdəlik məharəti nümayiş etdirdi, həm də informasiya və hüquq müstəvisində apardığı qətiyyətli mübarizə ilə dünyadakı qərəzli tezisləri darmadağın etdi. Cənab İlham Əliyevin mükəmməl siyasi iradəsi Zəfər tariximizin ən əsas hərəkətverici qüvvəsinə çevrildi. Məhz onun sarsılmaz qətiyyəti və güzəştsiz mövqeyi sayəsində Azərbaycan uzun illər boyu tətbiq edilən "dondurulmuş münaqişə" status-kvosunu darmadağın etdi və tarixi ədaləti bərpa etdi.

2020-ci ildə Beynəlxalq Adət Hüququna ("Customary International Law") eləcə də BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş fərdi və kollektiv özünümüdafiə hüququna əsaslanaraq həyata keçirilən hərbi əməliyyatlar Azərbaycanın tam legitim mübarizəsi idi. "Qarabağ Azərbaycandır!" nidası həm xalqın birliyini təmin edən milli ideyaya, həm də dövlətimizin dəyişməz hüquqi mövqeyinin beynəlxalq bəyanına çevrildi.

Sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin misilsiz peşəkarlığını, müasir hərbi taktikaya yiyələnmək bacarığını və yüksək mənəvi-psixoloji hazırlığını bütün dünyaya göstərdi. Müharibə zamanı oktyabrın 3-də Suqovuşan, oktyabrın 4-də Cəbrayıl, oktyabrın 9-da Hadrut, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan və oktyabrın 25-də Qubadlı azad edildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik, xüsusən çətin relyef şəraitində, hərbi dərsliklərə düşəcək üsullarla Şuşa şəhərinin azad edilməsi zəfərimizin zirvəsi oldu. Şuşa əməliyyatı həqiqətən də müharibənin həlledici mərhələsi olmuşdu.

Burada xüsusi vurğulanmalı olan digər mühüm aspekt 8 Noyabr Zəfərinin ardınca atılan ardıcıl hüquqi-siyasi addımlar oldu. Vətən müharibəsində əldə olunan hərbi qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri ilə tamamlandı. Bununla da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının aliliyi tam təmin edildi, separatizmin kökü kəsildi, suverenliyimiz tam şəkildə bərpa olundu. Bu, müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən – dövlətin öz gücü və hüquqi iradəsi hesabına öz ərazi bütövlüyünü tam bərpa etməsi təcrübəsidir. Cənab Prezident İlham Əliyevin müdrik siyasəti bu məsələdə də özünü biruzə verdi. 2020-ci ilin noyabrında əldə olunan üçtərəfli bəyanatla müharibə dayandırılsa da, ölkənin bütün suveren hüquqlarının tam bərpası istiqamətində səylər davam etdirilirdi. Xüsusilə 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri də Şuşa döyüşləri kimi dünya hərb tarixinə, hərbi dərsliklərə düşdü. Bu gün Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün sərhədləri boyu tam təmin olunması hər bir Azərbaycan vətəndaşında xüsusi qürur hissi oyadır. Çünki suverenliyimizin bərpası ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarında Azərbaycan Respublikasının Konstitusiyası və qanunları tam bərqərar edilib, üçrəngli müqəddəs bayrağımız əzəli torpaqlarımızda əbədi dalğalanır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nümayiş etdirdiyi fenomenal liderlik keyfiyyətləri yalnız hərbi strateqliklə məhdudlaşmır, bu, dərin hüquqi məntiqə, dəmir kimi möhkəm siyasi iradəyə və milli maraqların sarsılmaz müdafiəsinə söykənən konseptual dövlətçilik təfəkkürünün təzahürüdür. Prezident İlham Əliyev otuz il boyunca beynəlxalq təzyiqlərə, ikili standartlara və mürəkkəb geo-siyasi konyuktura mərdliklə sinə gərərək, dövlətimizin milli müqəddəratını öz gücü hesabına təyin etmək hüququnu qətiyyətlə qorudu. Onun hər bir strateji həmləsi – həm diplomatik danışıqlar masasında, həm hərbi quruculuqda, həm də informasiya cəbhəsində olan gedişləri əvvəlcədən dəqiqliklə hesablanmış müdrik rəhbərlik dəst-xəttinin bariz göstəricisidir.

Bu gün, Zəfər Günü təkcə keçmişin böyük uğurlarını xatırlamaq deyil, həm də gələcəyə inamla baxan güclü dövlət konseptinin təzələnməsidir. Vətən müharibəsindən və 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri genişləndirildi. “Böyük Qayıdış” proqramı çərçivəsində yollar, yaşayış binaları və sosial infrastruktur obyektləri inşa edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır. Çünki regiona sülh, sabitlik gətirən Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri azad edilmiş ərazilərdə təhlükəsiz, dayanıqlı yaşayış mühiti qurmaq və insanların normal həyata qayıtmasını təmin etməkdir. Bu proses hazırda həm infrastrukturun bərpasını, həm də iqtisadi və sosial həyatın yenidən canlandırılmasını əhatə edir.

İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramının hüquqi və praktiki çərçivədə uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi potesialının və dövlət idarəçilik modelinin effektivliyini sübut edir. Dağıdılmış şəhər və kəndlərimizin yenidən inşası, ərazilərimizin minalar və partlamamış sursatlardan təmizlənməsi, mülki əhalinin doğma oba və evlərinə təhlükəsiz dönməsi də beynəlxalq hüququn bərpasının əyani təcəssümüdür.

Şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı bahasına əldə edilən bu suverenlik bizim ən böyük milli və hüquqi sərvətimizdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə yazılan bu Zəfər dastanı müasir dövlətçilik tariximizin ən parlaq, şanlı səhifəsi kimi gələcək nəsillərə milli qürur və hüquqi varislik nümunəsi olaraq əbədi miras qalacaqdır.

Zəfər Günümüz, Zəfər tarixmiz mübarək!

Məhəmməd İmanlı
Hüquq elmləri doktoru, professor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm