İqtisadçı: “Prezidentin ipoteka vəsaitlərini artırmaq təklifi mənzil təminatını yaxşılaşdıracaq”
Bizi izləyin

Digər

İqtisadçı: “Prezidentin ipoteka vəsaitlərini artırmaq təklifi mənzil təminatını yaxşılaşdıracaq”

Dövlət başçısı ilin sonuna qədər ipoteka kreditinə dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılmasına dair göstəriş verib.

Prezident İlham Əliyev deyib ki, buna böyük ehtiyac var: “Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də, çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olur. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz, bəlkə də, bu iki yanaşmanın sintezini tətbiq etsək, pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.

Qeyd edək ki, cari ilin əvvəlindən ölkədə ipoteka kreditləşməsi azalıb. Statistikaya əsasən, ötən ayın biri tarixinə Müvəkkil Kredit Təşkilatları tərəfindən verilmiş ipoteka kreditləri 40 524 manat təşkil edib. Banklar 47 mln manat kredit verib. Bu da ötən ay ilə müqayisədə 12.1 mln manat artım deməkdir. Bir ay ərzində artım olmasına baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə banklar tərəfindən verilmiş ipoteka kreditləri 5.7 mln manat yəni 10.8% azalıb.

Güzəştli ipotekaya ayrılan vəsaitlərə gəlincə, dövlət büdcəsindən AİF-ə 10 mln manat vəsait ayrılıb. 17079 ədəd ipoteka krediti verilib. Onun 3681 ədədi güzəştli olub. Güzəştli kateqoriyaya aid borcalanların pay bölgüsündə hərbiçilər üstünlük təşkil ediblər.

Prezidentin tapşırığına münasibət bildirən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli qeyd edib ki, Azərbaycan ailələrini mənzillə təminatını yaxşılaşdırmaq üçün ipotekaya vəsaitin artırılması zəruridir: “Bu baxımdan prezidentin ipotekaya ayrılan dövlət vəsaitinin ən azı 200 milyon manat artırılması fikrini müsbət dəyərləndiririk”.

İqtisadçı hesab edir ki, 200 milyon manatın proqramın icrasına öz təsirini göstərməsi üçün ipoteka şərtləri yumşaldılmalı, faiz dərəcələri aşağı salınmalı, ilkin ödəniş azaldılmalı, regionlarda yaşayanlar üçün də ipoteka imkanları genişlənsirilməlidir.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə deyir ki, sosial yonümlü məsələlərin həlli həmişə prezidentin diqqət mərkəzində olub: “Bunun belə olduğunu dünən keçirilmiş Nazirlər Kabinetinin iclası bir daha təsdiq etdi. Dünya bazarlarında neftin qiymətlərinin iki dəfəyə qədər aşağı düşməsinə baxmayaraq, ölkə başçısı ilin sonuna qədər ipoteka kreditlərinin verilməsinə əlavə olaraq 200 milyon manat vəsait ayrılmasını təklif etdi. Bu addım ölkə əhalisinin, mənzil şəraitinin yaxşılaşdırılması, xüsusilə də gənc ailələrin yeni mənzillərlə təmin olunmasında çox böyük əhəmiyyət kəsb edəcək. Ayrilacaq vəsait hesabına minlərlə insan öz mənzil şəraitini yaxşılaşdıra biləcək. Bütövlükdə bu addım dövlətimizin sosial yönümlü məsələlərə nə qədər həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Ümumiyyətlə, ipoteka kreditləşməsi məsələsi gündəmə gələndə və bu istiqamətdə ilkin addımlar atılmağa başlayanda məbləğin tələbata adekvat olmadığına dair fikirlər meydana çıxmışdı. Lakin dövlət hələ o zaman bəyan etdi ki, bu siyasət davamlı xarakterdə olacaq və getdikcə bu sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq. Prezidentin dünənki təklifi göstərdi ki, bütün digər sahələrdə olduğu kimi ipoteka kreditləşməsi ilə bağlı qərarlar da spontan şəklində qəbul olunmayıb. Siyasət konkret, uzunmüddətli proqramlara, dövlətin artan maliyyə imkanlarına əsaslanır”.

200 milyon manat əlavə vəsaitin bazarlara təsirinə gəlincə,“Value and Sources” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev deyir ki, hazırda mövcud olan dövlət ipoteka proqramı ilə yalnız təkrar bazardan ev əldə etmək olur: “Dövlətin nəzarəti altında həyata keçirilən bu proqram sosial yönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir. Uzun müddət aparılan müzakirə predmetlərindən biri də bu cür kreditləşmənin iqtisadi səmərəsinin azlığıdır. Belə ki, kredit vəsaitləri az olduğundan həmişə bazarda ucuz mənzillərin alınmasına yönəlib. Nəticədə bazarda həmin mənzillərə tələbatı artırmaqla qiymətlərin yuxarı həddə qalmasına səbəb olub. İpoteka proqramının ilkin bazara yönəldilməsi (mənzillərin birbaşa tikinti şirkətlərindən alınmasına) tikinti sektorunun artımına səbəb olacaq. Hazırki dövrdə bu sektora dəstək ola bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə sement və armatur istehsalçısından tikinti şirkətinə kimi gedən yoldur. Bu, iş yerləri, vergi ödəmələri və iqtisadi inkişaf deməkdir. Bu, həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20%-i dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq”.

R.Əliyev deyib ki, ölkə prezidenti çıxışında tikinti sektorunu canlandırmaq üçün büdcə vəsaitlərinin təkrar bazarla yanaşı ilkin bazara da yönəldilməsinin vacibliyini qeyd edib: “Prezidentin çıxışından belə qənaətə gəlmək olar ki, dövlət tikinti sektorunun inkişafında maraqlıdır və vəsaitlərin ilkin bazara yönəldilməsini daha məqsədəuyğun hesab edir. Qısa müddətdə bu, tam mümkün deyil, tikinti sektoru hazırlıq vəziyyətinə gətirilməlidir. Odur ki, hələlik təkrar bazarın imkanlarından istifadə edilməsi qaçılmazdır. Ancaq burda uzunmüddətli perspektivdə yeni tikililərə üstünlük veriləcəyi haqda siqnal da var. İndi təklif edilir ki, kreditlər həm təkrar, həm də ilkin bazara yönəldilsin. Bu vəsait orta hesabla 5000 mənzilin alınmasını (ilkin ödəniş alıcı tərəfindən ödənilir və kredit məbləği orta hesabla 40 min manat olsa) maliyyələşdirmək olar. Buna görə də ən çətin məsələ təkrar bazara yönəldiləcək vəsaitin həcminin müəyyənləşdirilməsi olacaq. Vəsaitlərin coğrafi bölgüsü düzgün aparılsa (paytaxt və regionlar üzrə), qiymətlərə təsiri minimuma endirmək olar. Bunun üçün ayrılan vəsaitin ən çoxu 50%-i (üçdə biri daha məqsədəuyğundur) təkrar bazara yönəldilməlidir və uzun zaman çərçivəsində olmalıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm