Hər bir azərbaycanlının 675 dollar borcu var
Bizi izləyin

Digər

Hər bir azərbaycanlının 675 dollar borcu var

Yunanıstanın yaşadığı borc böhranı borclanmaya gedən ölkələri nələrin gözləməsi məsələsini gündəmə gətirib.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Publika.az-a açıqlamasında bildirib ki, dövlət borcunun ətrafında iqtisadçıların fikirləri tarixən heç vaxt uzlaşmayıb:

“Tarixin bu günə qədər sübut edib ortaya qoyduğu isə budur ki, bəzi dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monstrlarına çevrilməyə belə müvəffəq olublar. Dediyimiz fikirləri təkcə ABŞ-ın timsalında əsaslandıra bilərik. Bu gün dünya iqtisadiyyatının ¼-nə sahib olan bu ölkənin dövlət borcu onun Ümumi Daxili Məhsulundan çox olan həddə gəlib çatsa da, bu dövlətin illərlə apardığı iqtisadi siyasət, ölkə iqtisadiyyatını çökdürə biləcək böhranlardan özünəməxsus manevrlərlə yayınması və hətta bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün istifadə edə bilməsi onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevirib. Misal üçün 01 yanvar 2014-cü il tarixinə ABŞ-ın dövlət borcu 18 trillion 141 milyard dollar təşkil edib. Bu isə ÜDM-un 109,9%-nə bərabərdir. Bu borcun xəzinə öhdəlikləri şəklində olan 5 trilyon dollara qədər hissəsi isə xarici dövlətlərə olan borcdur ki, onun da təqribən yarısı Çin və Yaponiyanın payına düşür.

Avropa Birliyinə daxil olan ölkələr üzrə də dövlət borcunun ümumi məbləği, bu gün onların məcmu ÜDM-dan çoxdur. Təkcə Böyük Britaniyada dövlət borcu ÜDM həcmini 4 dəfəyə qədər üstələyir. Tarix bu qaydada dövlət borcu hesabına güclü iqtisadiyyat quranların “odla oynadıqları”nı dəfələrlə sübuta yetirsə də, bundan heç də bütün dövlətlər düzgün nəticə çıxara bilməyib. Yazılarımızın birində demişdik və yenə təkrar edirik: Təsəvvür edirsinizmi ABŞ-ın 18 trilyon 141 milyard dollar həcmində olan dövlət borcunun xarici dövlətlərə aid olan 5 trilyon dollarlıq hissəsinin 30-40%-i həmin dövlətlər tərəfindən satışa çıxarılarsa, dünya maliyyə bazarında nələr baş verər?

Bu, ABŞ dollarının qeyd-şərtsiz uçuruma yuvarlanması və ölkə iqtisadiyyatının fəlakətlə üzləşməsi demək olar. Bunun baş verməyəcəyinə kim təminat verə bilər?”

İqtisadçı deyir ki, borclanmada səriştəsizliyə yol vermiş Yunanıstanın son illərdə yaşadığı ağır iqtisadi durum göz qabağındadır:

“Enerji resursları olmayan, lakin buna baxmayaraq, adam başına düşən ÜDM-in həcminə görə dünyanın 50 ölkəsinin siyahısına düşən (adam başına 26 000 min ABŞ dolları) Yunanıstanda bu gün insanlar əməkhaqqı kartı ilə bankomatdan 60 avro pullarını çıxara bilmirlər. Hesab edirik ki, borclanmada eyforiyyaya uymuş bir çox ölkələri yaxın zamanlarda belə aqibət gözləyə bilər və artıq Yunanıstandan başqa digər Avropa ölkələrində də bunun ilkin əlamətləri üzə çıxmağa başlayıb. Avropa Birliyinin və bu birliyin nüvəsini təşkil edən Almaniya və Fransanın Yunanıstana “yardım əlini” uzatması heç də yunan xalqına böyük sevgidən irəli gəlmir. Səbəb sadədir, “böyük qardaşlar” yunan defoltunun AB üçün nə vəd etdiyinin fərqindədirlər”.

O ki qaldı Azərbaycanda dövlət borcunun səviyyəsinə, ekspert bildirir ki, Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir. Bu borcun adam başına düşən həcmi 675 ABŞ dollarına bərabərdir: “Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir. Dövlət borcu mahiyyət etibarilə aktiv və passiv borclara bölünür. Aktiv dövlət borcları büdcə vasitəsilə bu borcların dövlətin konkret sosial-iqtisadi proqramlarının reallaşdırılmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilən hissəsidir.

Passiv dövlət borcları isə büdcədən maliyyələşən cari xərclərin bağlanmasına yönəldilən borclardan ibarətdir. Hər kəsə bəllidir ki, Azərbaycan hökumətinin götürdüyü borclar tamamilə aktiv borclar kateqoriyasına aiddir. Bunun belə olduğunu bilmək üçün büdcədən maliyyələşən sosial proqramlara və infrastruktur layihələrinə nəzər salmaq kifayətdir.

Mətbuat səhifələrində bəzi müəlliflər yazırlar ki, Azərbaycan hökumətinin cəlb etdiyi kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilir və bu layihələr əlavə dəyər yaratmır. Onlar bir məsələni bilməlidirlər ki, büdcəyə cəlb edilmiş belə vəsaitlər hesabına reallaşan həmin infrastruktur layihələri ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin əldə olunmasında birbaşa deyil, dolayı yolla iştirak edirlər. Unudulmamalıdır ki, normal iqtisadi fəaliyyət üçün normal infrastrukturun olması ən vacib şərtlərdən biridir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm