“Neftçi”nin oyunçusunun burnunu sındırdılar - FOTOLAR
Bizi izləyin

Digər

“Neftçi”nin oyunçusunun burnunu sındırdılar - FOTOLAR

Bu dəfə mənimlə uşaqlıq xatirələrini bölüşən tanınmış idmançıdır. Çoxları onu “Neftçi”nin əfsanəvi futbolçusu kimi tanıyır. İdman dünyasında məşhur olan Nazim Süleymanovdan söhbət gedir. Eşidəndə ki, idman müxbirimiz Natiq müəllimin dəvəti ilə redaksiyamıza gəlib, idman aləmindəki fəaliyyətindən danışacaq, mən də fürsəti əldən vermədim. Tezcə ona yaxınlaşıb, “Uşaqlıqdan reportaj”a dəvət etdim. Həvəslə razılaşdı. Amma qabağa idman müxbirimiz düşdü. “İdmançını çox yormayın, imkan verin, mənimlə də söhbətləşməyə vaxtı qalsın”,-deyib həmkarımı tələsdirsəm də xeyri olmadı. Nə isə, nəhayət ki, mənə də zaman çatdı…

“Top almağa pulumuz yox idi”

“1965-ci ildə Sumqayıtda fəhlə ailəsində doğulmuşam. Deməzdim ki, yaxşı şəraitdə yaşamışıq, xeyr, evdə 9 uşaq olmuşuq. Beş qardaşın ən balacası mən olmuşam. Uşaqlığım kasıbçılıq içində keçib, adi bir top almağa pulumuz olmayıb. Futbol oynamaq üçün ayaqqabı tapmamışam. Səhərdən axşama qədər futbol oynayardım. Evimizin yaxınlığında ağaclığın ortasında futbol meydançası vardı, harda məni itirsələr, orda tapardılar. Heyf o meydançanın yerində indi hündür bir bina ucaldıblar.

Orta məktəbdə oxuyanda sakit uşaq olmuşam. Bədən tərbiyəsi dərslərində xüsusi seçilirdim, bir də riyaziyyat fənnini yaxşı oxuyurdum. Yalan nə deyim, digər fənlərdən axsayırdım. Musiqini çox sevmişəm, uşaqlıqdan, xüsusilə də aşıq musiqisinə çox marağım vardı, bəlkə də bu maraq evimizdə olan vallara qulaq asmağımdan irəli gəlirdi. Ustad xanəndə Əbülfət Əliyevin ifasını saatlarla dinləməkdən doymurdum. Bax belə bir uşaq idim”.

“Amma bu baş tutmadı…”

“Yadımdadır ki, bizim vaxtımızda 8-ci sinfi yaxşı oxuyan uşaqları doqquzuncu sinfə keçirirdilər, yaxşı oxumayanları isə peşə məktəbinə göndərirdilər. Nə gizlədim, mənim qiymətlərim o qədər də yaxşı olmadığından məni peşə məktəbinə göndərməyə qərar verdilər. Bu isə baş tutmadı, deyim niyə. Mən peşə məktəbinə gedəcəkdimsə, bütün günüm orda keçəcəkdi, futbolla məşğul olmağa vaxtım olmayacaqdı. Buna görə də məni yenidən məktəbə qaytardılar və orta təhsilimi davam etdirməyə başladım. Yenidən sevimli məşğuliyyətimə başladım və futbolla məşğul olduğuma görə, artıq dərslərə də az-az gedirdim”.

“Dedilər 2 min manat verin, uşağı texnikuma düzəldək”

“Əvvəldən arzum futbolçu olmaq idi. O vaxtlar cavanların çoxu televizorda Peleyə baxıb ona bənzəməyə çalışardı və onun kimi futbolçu olmağı arzulayardı. Valideynlərimin isə arzusu başqa idi. Onlar mənim futbolçu olmağıma qarşı çıxırdılar. Bizim əslimiz-kökümüz Lerikdəndir və atam-anam istəyirdi ki, mən kənddə bədən tərbiyəsi müəllimi olum. Buna görə də, atamın arzusu ilə səkkizinci sinfi bitirəndən sonra mən sənədlərimi bədən tərbiyəsi texnikumuna verdim, ixtisasdan beş aldım. Allah ölənlərinə rəhmət eləsin, imtahanlara atamla getmişdim. Atama yaxınlaşıb dedilər ki, 2 min manat verin, uşağı texnikuma düzəldək. Atam dedi ki, mənim iki minim olsaydı, uşağı burda niyə oxutdururdum ki… Bundan sonra imtahandan-imladan kəsildim. O vaxtlar da radioda imla dərsi olardı. Mən də oturub həmin imlanı yazardım. Fikrim bu idi ki, nə vaxtsa, imtahan verəsi olsam, imladan kəsilməyim. Amma sonradan qismət elə gətirdi ki, elə həyatımı “Neftçi” ilə bağladım. Həyatda ən böyük arzum valideynlərimə yaxşı övlad olmaq olub, bilmirəm buna nə dərəcədə nail olmuşam”.

“Bir gün xəbər gəldi ki, onu zəhərləyib, öldürüblər”

“Yaddaşımda ağır xatirələr də yer alıb və indinin özündə o xatirələri ağrı ilə yada salıram. Əgər uşaqlıq xatirələrindən danışırıqsa, qoyun bir hadisəni də danışım. 1979-cu ildə bibimoğlunu Dillər Universitetindən Əfqanıstanda işləməyə göndərmişdilər. Çox savadlı, ağıllı bir oğlan idi. Bir gün xəbər gəldi ki, onu zəhərləyib, öldürüblər. Bu xəbər məni çox sarsıtdı. Onda mən doqquzuncu sinifdə oxuyurdum. Atamla böyük qardaşım və bibimoğlu təyyarə ilə Daşkəndə getdilər, ordan da Əfqansıtana. Onda hələ bibimoğlu rəhmətə getməmişdi, ona qan lazım idi. Amma həkimlər onu xilas edə bilməmişdilər. Onun faciəli ölümünü hələ də unuda bilmirəm”.

“Naxçıvani küçəsi ilə Naxçıvanı qarışıq salmışdılar”

“Neftçi”də oynadığım vaxtlarda başıma maraqlı əhvalatlar gəlirdi. Bir dəfə Sumqayıtdan Bakıya məşqə gələn zaman bir də gördüm yanımda “UAZ” markalı maşın dayandı. Polislər tökülüşdü yerə və mənə yaxınlaşdılar ki, bu çanta kimindir. Çantada da mənim məşq üçün paltarlarım yığılmışdı. Qayıtdım ki, çanta mənimdir. Səndlərimi istədilər, pasportumu verdim. Dedilər ki, burda neyləyirsən? Çaşıb-qaldım ki, bu nə sualdır mənə verirlər. Mənim də pasportumda yaşadığım yer Bakı şəhər Naxçivani küçəsi yazılıb. Dedilər ki, sən Naxçıvanda olmalısan, niyə indi burdasan? Sən demə, Naxçıvani küçəsi ilə Naxçıvanı qarışıq salıblar. Məsələni başa düşdüm və pasportumu geri aldım. Camaat da yığılıb başıma, təəccüb içində qalıblar”.

“Qızların diqqət mərkəzində olmamışam”

(İdmançımızı çox çək-çevir etsək də nə ilk məhəbbətindən danışdı, nə də sevgidən. Yalan-gerçək dedi ki, ömründə sevdiyi qız olmayıb. Bəziləri kimi özünü tərifləyib ay mən belə yaraşıqlı oğlan olmuşam deyib qürrələnmədi də. Dediyinə görə, heç vaxt qızların diqqət mərkəzində olmayıb. Səbəbini özü danışsın-C.S)

“Uşaq vaxtı sevdiyim qız olmayıb. Açığı qızların diqqətində olan oğlan da olmamışam. Məndən qəşəng oğlanlar olduğu üçün diqqət onlara yönəlirdi həmişə. Mən həmişə arxa planda olmuşam. Həyat yoldaşım da qohumumuzdur, evdən dedilər evləndik. Mən yalnız futbol oynayanda xanımlarda maraq doğurmuşam”.

Əsgərlik illəri, komandirdən alınan icazələr

“İki il əsgərlik çəkmişəm, yadımdadır ki, onda Neftçi komandasında oynayırdım. Elə adı əsgərlik olub e… Bayılda çəkmişəm hərbi xidməti. Onda da bütün günü komandirdən xahiş edirdik ki, bizə icazə versin gecə gedək evimizdə yataq, səhər qayıdarıq. Neftçidə oynamağım mənə çox kömək edirdi. Bütün qapılar üzümə açıq idi, hər kəs məni görəndə maraqla barmaqla göstərirdi ki, baxın, bu oğlan “Neftçi”də oynayır. Diqqət mərkəzində olmağıma görə hətta sıxılırdım da. Mən həmişə evə avtobusla gedib gəlirdim, hamının gözü məndə qalırdı”.

Bir dəstə gül və evliliklə bitən sevgi

“Orta məktəb zamanı başıma gələn bir hadisəni də qoyun sizə danışım. O vaxt birinci sinfin uşaqlarıyla məktəbi bitirən şagirdlər bir-birlərinə hədiyyələr verərdilər. Elə deyəsən bu ənənə bu gün də qalır. Xatirə adlı qız mənə hədiyyə olaraq dəftər, karandaş verdi, mən isə ona bir gül buketi təqdim etdim. Mənə də evdə öyrətmişdilər ki, gülü qıza verəndə denən ki, Allah səni xoşbəxt eləsin. Sən demə, o qızı mənim böyük qardaşımın dostu istəyirmiş, bu məsələni də onlar quraşdırıblarmış. Həmin oğlan qıza qabaqcadan deyibmiş ki, balaca bir oğlan sənə gül hədiyyə edib, bu sözləri deyəcək. Belə də etdim. Sonradan onlar evləndilər. Bir xoş hadisə kimi bu yadımda qalıb”.

Şagird ola-ola dərs deyən oğlan

“Orta məktəbin altıncı sinfində oxuyan zamanlarda uşaqlara bədən tərbiyəsi dərslərini mən keçərdim. Müəllimim deyirdi ki, mən yorulmuşam, dərsi sən keç. Bir dəfə məktəbimizə yeni bədən tərbiyəsi müəllimi gəldi, onda da beşinci sinifdə oxuyurdum. O bizdən soruşdu ki, kim qaçıb daha çox məsafə qət edə bilər. Mən 35 dəqiqə qaçdım, məni ötən olmadı. Müəllim gördü ki, mənim idmana olan istəyim nə qədər böyükdür. Həmin vaxtdan müəllimimin sağ əlinə çevrildim”.

“Təpiklə məni necə vurdusa, burnum sındı”

“Yeddinci sinifdə oxuyan zaman siniflərarası yarış keçirirdik. O yarışda çempion olduq. Sonra yığma komanda təşkil edib, məktəblərarası yarışa keçirdik. Onda da mənim İlham adlı sinif yoldaşım vardı, həm də ailəvi dost idik. Bu günə qədər də bu dostluğumuz davam edir. Yarış zamanı gördüm ki, İlham yoxdur. Dedim ki, o əgər yarışa qatılmasa, mən də oynamayacağam. Məcburiyyət qarşısında onu gətirdilər yarışa və mən oynamağa başladım. Dost mənim üçün həmişə önəmli olub.

Biz Suxumidə "Torpedo" komandası ilə oynayırdıq. Komandanın müdafiəçisi təpiklə məni necə vurdusa, burnum sındı. Meydançada məni qan apardı, məni həkimə apardılar. Meydançada azarkeşlərin də davasına çox rast gəlmişəm. Amma bütün bunlar xoşagəlməz haldır. Mingəçevirdə oyun zamanı bir dəfə belə kütləvi dava düşmüşdü. 1982-ci ildən söhbət gedir. O vaxt işə polis qarışdı və aranı güclə sakitləşdirdilər”.

“Pas ver, Pele, pas ver qarabala”

“Futbol oynayanda məni həmişə “qarabala, qarabala”-, deyə çağırıblar. “Pas ver, Pele, pas ver, qarabala” sözləri məni ruhlandırırdı. Mən uşaq vaxtı güləşə də gedirdim. Bu da alınmırdı axı. Futbol yaddan çıxırdı. Bir dəfə güləşə getdim və orda ayağım burxuldu və topuğum şişdi. Elə oldu ki, daha güləşə getmədim. Hansı ki, güləşə getsəydim də, uğurlarım çox olardı. Amma futbolu seçdim”.

Yuxularında uçan oğlan

“Yuxularımdan sizə danışmaq istəyirəm. Uşaqlıqda həmişə yatıb yuxuda görərdim ki, göydə uçuram. Həmişə də qorxurdum ki, bu saat göydən yerə yıxılacağam. Özü də çox maraqlıdır ki, illərboyu bu yuxu təkrarlanırdı. Biraz böyüyəndən sonra daha da yüksəkliyə uçurdum. Axırda bu yuxunu evdə danışdım. Belə yozdular ki, gələcəkdə ucalacaqsan, tanınacaqsan. Bir vaxt bəxtin üzdə ola, hara əl atasansa, alına. Məsələn, lotareya alasan, avtomobil udasan. Bir də var zəhmət çəkəsən və bu zəhmətin müqabilində istədiyinə nail olasan. Bu mənada mən uğura yalnız zəhmətimlə çatmışam. Mən gözümü açandan həmişə evimizdə Quran görmüşük, azan səsi eşitmişik. Buna görə də mən həmişə idman meydançasına girəndə Allahın adını çağırmışam”.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm