Revanş götürən məzənnə, marjanı aşan banklar
Bizi izləyin

Digər

Revanş götürən məzənnə, marjanı aşan banklar

İki gündür avronun məzənnəsi yenidən revanş götürüb. Bu da Avropa valyutasının məzənnəsinin 2015-ci ilin əvvəlində 1 avro1,05 dollar, 2016-ci ilin sonunda 1 avro – 0.90 dollar, 2017-ci ilin sonunda 1 avro – 0.85 dollar olacağı ilə bağlı proqnozları alt-üst edib. Bildirək ki, avro Azərbaycanda da manata nəzərən güclənməkdədir.

Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə görə, sentyabrın 1-i və 2-si ölkədə avro baha olub. Sentyabrın 2-də 1 avro 1,1813 manat, 1-də isə 1,1809 manat təşkil edib. Məsələnin sual doğuran tərəfi banklara məxsus mübadilə şöbələrində kursun daha baha götürülməsidir. Normativ aktlara görə, valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satış kursu AMB-nin rəsmi məzənnəsindən maksimum 2% fərqlənə bilər. Banklarda isə məzənnə fərqlidir.

Publika.az banklarda avronun məzənnəsi ilə bağlı sorğu aparıb. Bəlli olub ki, “AccessBank”da avronun satış qiyməti sentyabrın 2-də 1,1950, alış qiyməti isə 1,1650 manat təşkil edib. “Ag Bank”da alış 1,1580, satış 1, 2045 manat olub. Digər banklara gəlincə, avronun manata nisbətən məzənnəsi aşağıdakı kimi müəyyənləşib:

“Ata Bank” alış 1.1710, satış 1.910

“Azer Turk Bank” alış 1.1610, satış 1.1990

“Bank BTB” alış 1.1600, satış 1.2005

“Amrahbank” alış 1.1690, satış 1.1916

“Bank of Baku” alış 1.160, satış 1.202

“Bank Respublika” satış 1.1960

“Bank Standart” alış 1.610, satış 1.2020

“Bank Technique” alış 1.1680, satış 1.1970

“VTB Bank” alış 1.1550, satış 1.2030

“Expressbank” alış 1.1610,satış 1.2010

“Kapital Bank” alış 1.1588, satış 1.2006

“NBC Bank “ alış 1.1700,satış 1.2000

“Nikoil Bank” alış 1.1577, satış 1.2049

“PAŞA Bank” nağdsız əməliyyatlar üzrə alış 1.1795, satış 1.1864; nağd əməliyyatlat üzrə alış 1.1580, satış 1.2040

“Yapi Kredi Bank” alış 1.1695, satış 1.1931

“Zamin Bank” alış 1.1817, satış 1.1866

Vətəndaşlar şikayət edir

Valyutaların məzənnəsinin Mərkəzi Bankın rəsmi məzənnəsindən xeyli fərqlənməsi vətəndaşları da çaş-baş salıb. Srağagün (1 sentyabr )“Zamin Bank”ın 16 saylı mübadilə şöbəsindən avro aldığını deyən şikayətçi avronun kursunun 1.2250 manatdan hesablandığını bildirir. Məlumat üçün bildirək ki, göstərilən tarixdə Mərkəzi Bankın avro ilə bağlı müəyyənləşdirdiyi rəsmi məzənnə 1.1809 manat olub.

Qanunvericilik marjadan kənarlaşmanı qadağan edir

Yaranmış vəziyyətə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, valyutadəyişmə məntəqəsində valyuta alqı-satqı əməliyyatları Mərkəzi Bankın müəyyən etdiyi marjadan - 2 faizdən artıq fərq ola bilməz. 2 faiz həm alış, həm də satış kursuna aiddir: “Banklar, valyutadəyişmə məntəqələri Mərkəzi Bankın müəyyən etdiyi kursdan 2 faiz artıq kənarlaşırlarsa, bu, qanunvericiliyin pozulmasıdır. Mərkəzi Bank belə halda bankın lisenziyasını geri ala bilər”.

V.Bayramov deyir ki, bəzi hallarda mübadilə şöbələri valyutanı ucuz qiymətə alıb, baha qiymətə satmağa maraq göstərirlər. Bu da daha çox gəlir əldə etmək məqsədi daşıyır: “Amma qanunvericilik bu tip əməliyyatları qadağan edir”.

“Zamin Bank”dan isə dedilər ki, məzənnə ilə bağlı iradı vətəndaş mübadilə şöbəsində dərhal, əməliyyat zamanı bildirməlidir. Bundan sonrakı şikayətlərə görə bank məsuliyyət daşımır. O ki qaldı avronun rəsmi məzənnəsinin 1.1809 manat təşkil etdiyi halda 1.2250 manatdan satışın həyata keçirilməsinə, ”mübadilə normal məzənnə ilə həyata keçirilib” deyə bankın əməkdaşı qeyd etdi: “Əməliyyat marja çərçivəsində həyata keçirilib. Banklar məzənnəni minimum 1,15, maksimum 2 faiz fərqlə təyin edə bilərlər. Bank bu koridorda oynaya bilər. Avronun satış məzənnəsinin 1.2250 manatdan götürülməsi koridor çərçivəsində olub. Satış zamanı Mərkəzi Bankın gündəlik təqdim etdiyi kursdan kənarlaşma baş verməyib”.

Şəhərdə avro alışı artıb

Banklardan Publika.az-a daxil olan məlumata görə, hazırda ölkədə avro qıtlığı var. Valyutadəyişmə məntəqələri 100 -200 avrodan artıq mübadilə həyata keçirmirlər. Buna görə də avronun satış kursu marjanı 3-4 qəpik ötür. Eyni zamanda banklar hazırda marjanı müəyyən etməkdə də çətinlik yaşadıqlarını bildirirlər. Çünki son günlər kurslar sürətlə dəyişir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm