Amaliya Pənahovadan şok etiraf: “Qorxuram” - FOTOLAR
Bizi izləyin

Digər

Amaliya Pənahovadan şok etiraf: “Qorxuram” - FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri, cazibədar aktrisa Amaliya Pənahovadır.

Brilliantlarla bəzədilmiş bir ordenin sahibəsi

- Bu yaxınlarda Türk Cümhuriyyəti Birliyinin Türk dünyasının Sevgi ödülünə layiq görüldünüz. Bu qədər mükfatlarınız var… Mükafat alanda hansı hissləri yaşayırsnız?

- Onu deyim ki, bu il başlayandan mükafat mükafat ardınca gəlir. Yanvar ayında Almaniyanın Honver şəhərindən xəbər gəldi ki, bəs Türk dünyası birliyinin araşdırmaları nəticəsində mükafatlandırılmısınız. Bəlli oldu ki, araşdırma nəticəsində Avropanın elm və mədəniyyət xadimi seçilmişəm. Almaniyadan mənə diplom gəldi. Bu yay inşallah həmin mükafatın təqdimatı nəzərdə tutulub. BMT-nin üç yerdə təmsilçiləri var - Moskva, Nyu-York və Cenevrədə. Mədəniyyətə göstərdiyim xidmətlərə görə, məni Böyük qızıl orden mükfatına layiq gördülər. Ətrafı brilliantlarla bəzədilmiş bir ordendir. Artıq diplomu gəlib, yayda təqdimat olacaq. Elə yenicə özümə gəlmişdim ki, Sevgi ödülünü aldım. Sözümün canı budur ki, 2014 mənim üçün uğurlarla başladı.

“Buna görə, sponsor axtarırıq”

- Eşitdiyimizə görə, yeni bir studiya açmısınız və burada həm də müştərək filmlərin çəkilişlərini reallaşdırmaq fikrindəsiniz?

- Bəli “Amalfilm” studiyamız artıq fəaliyyət göstərir və bu studiya daxilində yeni filmlərin çəkilməsini planlaşdırırıq. Artıq ilk işimiz bəllidir. Hindistanla müştərək bir layihəni reallaşdırmaq ərəfəsindəyik.

- Filmin rejissoru kim olacaq?

- Hər rejissor, həm prodüser, eləcə də aktyorlar - ümumilikdə yaradıcı heyət həm Azərbaycan, həm də Hindistandan seçiləcək. Mən özüm də o filmdə həm rejissor, həm də aktrisa kimi iştirak edəcəyəm.

- Necə bir film olacaq, qısaca süjet xətti barədə məlumat verərdiniz.

- Əslində filmin əsasını Azərbaycan təşkil edəcək. Məqsəd də Azərbaycanı, milli dəyərlərini, adət-ənənələrini təbliğ etməkdir. Ssenariyə görə, Hindistandan bir qrup gənc Azərbaycana gəlir, əvvəl çıxılmaz vəziyyətə düşürlər, daha sonra yaxşı insanlara rast gəlib öz həyatlarını normal şəkildə qururlar. Burda Hindistan, Azərbaycan toyları, rəqsləri yer alacaq, amma hamısını danışmaq istəmirəm. Film çəkilsin, baxarsınız.

- Sirr deyilsə, büdcəsi nə qədər olacaq filmin?

- Flmin çəkilişləri üçün sponsorlar cəlb etmək istəyirik.

- Yəqin ki, filmin dünya ekranlarına çıxarılması da nəzərdə tutulub?

- Əlbəttə. Onu qeyd edim ki, bu mənim ilk işimdir, amma əməkdaşlıq etdiyimiz Hindistanın ilk işi deyil. Onlar Ərəbistanda, Dubayda və digər ölkələrdə artıq müştərək filmlərin istehsalı ilə məşğuldurlar. Əlbəttə, bu film də dünya çapı üçün nəzərdə tutulub.

Dünyaşöhrətli rejissorun seçdiyi azərbaycanlı aktrisa

- Aktrisa olaraq sizi hansı filmdə görə biləcəyik. Yeni filmlərdən hansında rol almısınız?

- Çəkildiyim Şaman filminin son çəkilişləri artıq bitib. Mən o filmdə Şaman rolunda çıxış etmişəm. Həm də prodüserlərdən biriyəm. Dünyaya çıxarılması nəzərdə tutulan bir film olacaq Şaman. Daha sonra Avropada çox məşhur bir rejissor var Zanossi, Sofi Loren və digər ünlülərlə çalışan bir rejissordur. Onun istəyi ilə mənim Azərbaycanda bir tamaşam hazırlanacaq və tamaşanın quruluşçu rejissoru Zanossi olacaq. Özünün yazdığı bir əsər səhnələşdiriləcək.

- Uğur düsturunuzun şərtlərini bəlkə bizə də açıqlayasınız…

- İstedad Allah tərəfindən verilir. Amma insanın şücaəti ondan ibarətdir ki, zəhmət çəksin. Mən özümü tanıyandan, 15 yaşımdan zəhmətə qatlaşmışam, bu sənəti sevmişəm. İlk dəfə televiziyadan başladım, daha sonra teatrda tamaşalarda oynadım, filmlərə çəkildim, özümü rejissor kimi sınadım. Özüm müstəqil teatr yaratdım, rəhbərlik etdiyim Bakı Bələdiyyə Teatrının bu il 22 yaşı tamam olacaq. Zəhmət üstəgəl də istedad - budur uğur düsturum. Mən elmi işimi də çalışdığım sahə üzrə müdafiə etdim. Doktor, professor oldum. Amma bunlarla kifayətlənmədim, bu gün mən rəhbərlik etdiyim Amalstudiyanın nəzdində həm də tələbər yetişdirmək fikrindəyəm.

- Sizin sənətə gəldiyiniz vaxtlarla müqayisə etsək, indiki yaradıcı gənclərlə o dövrün gəncləri arasında fərq nədən ibarətdir?

- Öncə belə idi ki, sənəti dəlicəsinə sevib bu aləmə gəlirdilər. Pulsuzluqlara, çətinliklərə, haqsızlıqlara baxmayaraq, mən bu sənəti sevirdim. Bu günki gənclər o gənclər deyil. Onlar həyata daha praqmatik baxırlar, verdikləri əməyin müqabilində qazanclarını da tələb edirlər. Haqlıdırlar da. Bazar iqtisadiyyatıdır, onların da haqqı çatır.

- Bu gün çəkilən seriallar qane edir sizi?

- Dünyada serialların yaranma tarixi böyükdür. Biz bu sahədə yeniyik. Buna görə də bu sahədə enişlər-yoxuşlar olacaq. İllər keçdikcə inkişaf gözləyə bilərik. Hələ yox.

“Gərək ailədə bağışlamağı bacarasan”

- Gözəllik sirlərinizi bilmək maraqlı olardı.

- Gərək qadın özünə fikir verməyi bacarsın. Əgər xalqım məni sevirsə, mənim pərstişkarımdırsa, onların arzularını puç edə bilmərəm. Mən həmişə çalışıram ki, onların gözündə gözəl görünüm. Nə dərəcədə alınır, onu sevənlərim deyə bilər.

- Xanımın gücü nədədir?

- Xanımın gücü onun daxili gözəlliyindədir.

- Uzun müddət ailəni qoruyub saxladınız, hər aktrisa buna nail ola bilmir. Siz bunu necə bacardınız?

- Gərək özünə yazığın gəlməsin, ailədə cəfakeş olasan. Ən əsası, bağışlamağı bacarasan.

“Ömrü boyu xoşbəxt olaraq qalmaq mümkün deyil”

- Ailədə güzəştə daha çox kim gedirdi?

- Bu qarşılıqlı idi, hər ikimiz.

- Xoşbəxt ana, xoşbəxt aktrisa, xoşbəxt qadın - hansında daha çox özünüzü tapırsınız?

- Xoşbəxtliklər anlarla olur. Ömrü boyu xoşbəxt olaraq qalmaq mümkün deyil. Sənət xoşbəxtliyi və ailə xoşbəxtliyinin anları olur və o anları da müəyyən vaxtlarda yaşamışam.

“Namaz qılmıram, amma…”

- Təsadüflər həyatınızda rol oynayıb?

- Çox böyük rol oynayıb. Allah-təalanın xoş nəzəri həmişə üzərimdə olub və o məni qoruyub. Allahıma qurban olum.

Mən bunu həm də Kəbəyə daxil olmağımla izah edirəm. Mən fanat deyiləm, namaz qılmıram, mövhümatçı deyiləm, amma ürəyimdə Allah var və həmişə Allaha sitayiş edirəm.

- Qapalı xanımsınız?

- Bəli, hər adama ürəyimi açmıram.

- İnsanlarda nəyi daha çox dəyərləndirirsiniz?

- Dəyanəti, sədaqəti, etibarı.

“Onda qanadımı itirdim”

- Dostlarınız, rəfiqəniz çoxdurmu?

- Buna heç vaxtım olmayıb. Gəncliyimdə də, indi də günlərim çox mənalı və dolğun keçir, hər çalışdığım yerlərdə gözəl tanışlarım var. Demirəm ürək sirdaşlarımdır, amma tanışlarımdır. Çalışıram onların verdiklərinə cavab qaytara bilim.

- Göz yaşını göstərməyi xoşlayırsınız?

- Yox, bu heç kəsə maraqlı deyil

- Sonuncu dəfə nə vaxt hönkürüb ağlamısınız?

- Siz bilirsiniz onu. Həyat yoldaşımı itirəndə. Onda qanadımı itirdim, amma bir qanadla da uçuram.

“Tez qırılıram”

- Darıxanda neyləyirsiniz?

- Çalışıram darıxmayım. Daim çalışıram, o dərəcədə yoruluram ki, yıxılıram və başımı balışa qoyub yatıram.

- Yuxu görürsünüz heç?

- Çox, nadir hallarda.

- İstərdinizmi yuxu görəsiniz?

- Yox, yuxular cürbəcür olur, onları yozmaq lazımdır.

- Həyatınızda əlvan rənglər çox olub, yoxsa qara?

- Həyatım göy qurşağı kimi olub, sevinirəm ki, işimin zəhmətimin bəhrəsini görmüşəm. İnsanlardan məhəbbəti daim hiss etmişəm.

- Sİzi nəylə sevindirmək və nəylə qırmaq olar?

- Yalan, etibarsızlıq, satqınlıqlar olanda tez qırılıram. Adi şeylə sevinə bilərəm.

- Məsələn?

- Bir quşun cəh-cəhi, günəşin çıxması, sənətdə kiminsə uğuru, övladımın ilk sözü, nəvəmin pıçıltısı…

- Kompleksləriniz varmı?

- Həmişə özümdə nəsə qüsur axtarmışam və tapmışam. Utancaq olmuşam. Çox diqqət mərkəzində olanda sıxılıram.

- Mesajlar alırsınız?

- Çox alıram, amma diqqət yetirmirəm.

- Niyə?

- Düşünürəm ki, arasında boş şeylər də ola bilər və ciddi qəbul etmirəm.

- Sosial şəbəkədə varsınız?

- Yox, heç istəmirəm olum da. Çox təkid edirlər, lazımdır deyə. Bu olsa da, elə edəcəyəm ki, hamı baxsın, amma heç kim ora müdaxilə edə bilməsin.

“Bu üç şeydən qorxuram”

- Ən çox nədən qorxursunuz?

- Paxıllıq, göz, nəzər - bu üç şeydən çox qorxuram.

- Olub?

- Çox olub və mənə dayaq olan ailəmə minnətdaram ki, tez qırılıram, tez də qalxa bilirəm. Bir sözdən, bir baxışdan sına bilirəm, ürəyim qırılır. Amma bunu heç kimə bildirmirəm. Özüm özümdən küsürəm. Həmişə qalib gəlməyi bacarıram. Hətta özüm-özümə də.

“Buna ixtiyarım yoxdur”

- İndiyə qədər ən çox sevdiyiniz tərəf müqabiliniz kim olub?

- Ən istedadlı sənətkarlarla tərəf-müqabili olmuşam. Onların birini o birindən ayırmağa ixtiyarım yoxdur.

- Xoşbəxt olmağınız üçün nə yetər?

- Arzuladığım işi başa çatdıranda xoşbəxt olacacağam.

- Xanımlara nə tövsiyə edərdiniz?

- 200-dən artıq qadın obrazı yaratmışam. Bir aktrisa olaraq arzu edərdim ki, qadınlar həmişə sevilib sevsinlər, ürəklərində olan bütün arzularına çatsınlar. Gözəl olsunlar, özlərini qiymətləndirməyi bacarsınlar. Çünki ən gözəl qadın sevilən qadındır.

Cəvahir Səlimqızı

Foto: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm