İpoteka kreditlərinin həcmi niyə azalıb? - SƏBƏB
Bizi izləyin

Digər

İpoteka kreditlərinin həcmi niyə azalıb? - SƏBƏB

Dünən Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzaladı.

Fərmanda deyilir ki, Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Lakin bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

Bəs hazırda ipoteka kreditlərinin verilməsi sahəsində vəziyyət necədir?

Publika.az-ın araşdırmasına görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb. Belə ki, ilin ikinci ayında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə 3,8 milyon manat, martda 2,6, apreldə 2,8, mayda 10,7, iyunda 4,7, iyulda 5,3 milyon manat ayrılıb. Bu da 29,9 milyon manat deməkdir. Mərkəzi Bankın statistikasına nəzər yetirdikdə məlum olur ki, avqust ayında bu istiqamətdə büdcədən tranş reallaşmayıb. Halbuki rəqəmlərin müqayisəsi göstərir ki, 2014-cü ildə ipoteka kreditləri üçün nəzərdə tutulan vəsait sentyabr ayına qədər İpoteka Fondunun sərəncamına verilmişdi.

Onu da qeyd edək ki, 2015-ci ildə ipoteka kreditlərinə 50 milyon manat vəsait ayrılıb.

Vəziyyəti saytımıza şərh edən iqtisadçı-ekspert Rəşad Əliyev bildirir ki, İpoteka Fondunun statistikasına istinad etdikdə 2014-cü ildə ümumilikdə 2240 ipoteka krediti verildiyi aydın olur: “2015-ci ilin ilk 6 ayı ərzində 1237, hazırkı dövrə kimi isə 1700-ə yaxın ipoteka krediti verilib. Dinamika sabit qalsa, kreditlərin sayı 2014-cu illə, demək olar ki, eyni qalacaq. Buna görə də ipoteka kreditlərinin sayında ciddi azalma nəzərə çarpmır. Sadəcə olaraq, ipoteka kreditləşməsinə ayrılan vəsait bu il az olub”.

Ekspertin sözlərinə görə, bəzi banklar tərəfindən bu ilin ortalarında ilkin ödənişin artırılması ipoteka kreditlərinə tələbatı azaldıb: “Bəzi banklar isə kreditin verilməsini dayandırıblar”.

R.Əliyev ipoteka kreditlərinin, eləcə də mənzil satışının azalmasının tikinti şirkətlərini pis vəziyyətdə qoyduğunu deyir: “Azərbaycanda indiyə qədər mənzil satışında müxtəlif kombinasiyalar təşkil olunub. Məsələn, "7 Hills” Beynəlxalq Bankla əməkdaşlıq edirdi. Həmin binalardan satışları, ipotekanın alınmasını Beynəlxalq Bank maliyyələşdirirdi. Bu, çox yaxşı üsul idi. Sadəcə olaraq, böhran vaxtına təsadüf etdiyindən, həmin layihə realizə oluna bilmədi. Xaricdə də oxşar praktikadan istifadə edirlər. Tikinti şirkəti hansısa bankla partnyorluq sazişi və ya başqa formada münasibət qurur. Aralarında müqavilə ilə razılaşma əldə edirlər ki, həmin tikinti şirkətinin tikdiyi binadan kim mənzil alsa, ipoteka kreditini müqavilə bağladığı bank verir. Yəni, tikinti şirkətləri özləri birbaşa olaraq kreditlə mənzil satmırlar. Müştəriyə krediti bank verir. Bank da pulu tikinti şirkətinə ödəyir. Yaxud da tikinti şirkətinin özü dəyəri hissə-hissə ödəmək şərti ilə borcla satış həyata keçirir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm