İpoteka daha çox əlçatan olacaq - ŞƏRH
Bizi izləyin

Digər

İpoteka daha çox əlçatan olacaq - ŞƏRH

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ilə bağlı fərman verdi.

Fərmanda deyilir ki, Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib. Lakin bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir. Bəs konkret olaraq yeni qurum nələri təkmilləşdirəcək? İpoteka Fondunun fəaliyyətində hansı yeniliklər olacaq, nələr dəyişəcək?

Fərmanı Publika.az-a şərh edən “Value&Sources” konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev deyir ki, əvvəlkindən fərqli olaraq, Fond hər hansısa qurumun struktur vahidi kimi yox, məhz müstəqil hüquqi şəxs (ASC) kimi fəaliyyət göstərəcək: “İlk dəfə olaraq ipoteka ilə alınan mənzillərin kv.m-ə qiymətinə məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, alınacaq yaşayış sahəsinin 1 kv.m qiyməti ipoteka kreditinin verilmə tarixinə həmin satış ərazisində (zona üzrə) 1 kv.m-in orta bazar qiymətindən artıq olmamalıdır. Orta qiymət zonalar üzrə müəyyən ediləcək və onun müəyyən edilməsi qaydasını Nazirlər Kabineti 1 ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq edəcək. Bazar dəyərinin dəyişkənliyini nəzərə alanda belə başa düşmək olar ki, müəyyən edilmiş göstəricilər dövri olaraq yenilənəcək. Dəyər məhdudiyyəti ancaq ekonom sinfinə aid və orta yerləşmə şəraiti olan mənzillərin alışına şərait yaradacaq. Çünki yüksək sinfə aid və yaxşı yerləşməsi olan mənzillərdə 1 kv.m-in qiyməti orta bazar qiymətindən yüksək olur. Burda müsbət cəhət odur ki, sui-istifadə halları azalacaq.

Bununla yanaşı, güzəştli şərtlərlə dəbdəbəli mənzil alışının qarşısı alınacaq”.

R.Əliyev onu da qeyd edir ki, kredit təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilə bilər: “Maraqlı olan digər maddədir. Belə ki, fərmanın 4.2-ci maddəsində göstərilir ki, Nazirlər Kabineti çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Burdan belə başa düşmək olar ki, ipoteka kreditləri tikintisi başa çatmış mənzillərə veriləcək (əvvəl güman edildiyi kimi, eyni zamanda, yarımçıq tikililərə yox). Buna görə də NK-ya tapşırılır ki, tikintiyə icazə və binaların istismara qəbul edilməsi prosedurlarını sadələşdirsin. Yarımçıq tikililərə ipoteka kreditlərinin verilməsi imkanları uzaq gələcək uçun saxlanılır. İpoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının həcmi “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm