NEZ-i amerikanlar yeniləyəcək - MÜQAVİLƏ
Bizi izləyin

Digər

NEZ-i amerikanlar yeniləyəcək - MÜQAVİLƏ

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində SOCAR və ABŞ-ın UOP şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.

SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrovski və digər şəxslər iştirak ediblər.

Tədbirdə SOCAR prezidenti R.Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi hazırda şirkətin “downstream” (emal mərhələsi) mərhələsində həyata keçirdiyi ən vacib layihələrdən biridir.

Yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Bununla əlaqədar, yüksək keyfiyyətli benzin istehsalının təşkil olunması məqsədi ilə aparılmış araşdırma nəticəsində dünyada qabaqcıl təcrübəyə malik UOP şirkəti NEZ-in strukturuna daxil olan qurğular, o cümlədən, koks naftasının hidrotəmizlənməsi, katalitik krekinq, izomerləşmə, MTBE, doymamış maye qazın merkaptan oksidləşdirilməsi, aminlə təmizləmə və sulfidin oksidləşməsi qurğuları üzrə müvafiq lisenziar seçilib.

Bu münasibətlə qonaqları təbrik edən R.Abdullayev SOCAR və UOP arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, NEZ-in strukturuna daxil olan katalitik reforminq qurğusu məhz UOP şirkətinin lisenziyası əsasında inşa edilib, NQENKK və NEZ-in yenidən qurulması layihələri üzrə Texniki İqtisadi Əsaslandırılma UOP şirkətinin iştirakı ilə həyata keçirilib. UOP şirkəti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR layihəsində də müxtəlif qurğular üzrə lisenziar seçilib.

UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrovski cavab nitqində SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib, yeni qurğuların inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür edib.

Sonra müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrovski imzalayıblar.

Qeyd edək ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması üzrə bu günlərdə Avstriyanın “Poerner”, Fransanın “Axens” şirkətləri ilə də müqavilə imzalayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm