ABŞ üçün yeni müharibə meydanı: kosmos uğrunda qarşıdurma başlayır...
Bizi izləyin

Digər

ABŞ üçün yeni müharibə meydanı: kosmos uğrunda qarşıdurma başlayır...

ABŞ Konqresi Amerika şirkətlərinə asteroidlərdə resurslar hasil etməyə icazə verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Konqresin saytında bildirilir.

Qanun layihəsini dəstəkləyən konqresmen Petti Mürrey bunun çox əhəmiyyətli addım olduğunu bildirib. Onun sözlərinə görə, qanun Amerikanın innovasiya şirkətlərinə yeni iş yerlərini açmağa kömək edəcək. Konqresmen qeyd edir ki, yerli müəssisələrə verilən bu imkan ölkə iqtisadiyyatının inkişafına da müsbət təsir göstərəcək.

Digər konqresmen Bill Pouzinin sözlərinə görə, qanun kosmosun Amerika tərəfindən mənimsənilməsində əsas nişan olacaq: “Kosmosda asteroidlər və digər obyektlər nadir minerallar və başqa resursların əla potensial mənbəyidir. Həmin resurslardan məhsulların geniş çeşidinin istehsalı üçün Yer kürəsində istifadə edilə bilər”.

Digər qanunvericilər qeyd edirlər ki, kosmosun resurslarının əldə olunması indiki mərhələdə mümkün deyil. Amma onların fikrincə, qanun kosmik resursların hasilatına sərmayə qoymağa hazır olan amerikalılara əminlik və əlavə güc verəcək.

ABŞ-ın “Planetary Resources” şirkətinin həmtəsisçisi Erik Andersonun sözlərinə görə, onilliklər sonra sözügedən qanun kosmosun öyrənilməsində bəşəriyyətin əhəmiyyətli addımı kimi xatırlanacaq. “Böyük iqtisadiyyat bu cür qanunlarla yaradılır”, - o deyib.

Amma “Motherboard" saytı bildirir ki, qanun 1967-ci ildə qəbul olunan “Outer Space Treaty” adlı sənədlə ziddiyyət təşkil edir. Sənədi 124 ölkə imzalayıb. Sənədə əsasən, Ay və digər göy cisimləri hər hansı millət tərəfindən mənimsənilə bilməz, kosmosda tapılan hər şey bütün millətlərə aiddir.

Ancaq bildirilir ki, dövlətlərarası razılaşma gözəl jest kimi imzalanmışdı. Həmin vaxt heç kim ağlına belə gətirə bilməzdi ki, real perspektivdə asteroidlərdəki resursları əldə etmək mümkün olacaq. “Motherboard” qeyd edir ki, beləliklə, gələcəkdə kosmosun öyrənilməsi iqtisadi maraqların qarşıdurmasına çevriləcək.

Xatırladaq ki, “Planetary Resources” şirkəti hələ 2012-ci ildə yaxın on il ərzində kosmosun “yeraltı” sərvətlərini çıxararaq Yerə gətirmək niyyətində olduğunu açıqlayıb. Erik Anderson günəş sistemini ticarət sahəsinə daxil etdiklərini deyib.

Anderson hazırda asteroidlərin mənbələrinin kəşf edilməsi üçün cihazın hazırlaması, eləcə də xüsusi kosmik teleskopun kəşfi və tədqiqat üçün kosmosa göndərilməsi işinin davam etdiyini vurğulayıb. Sözügedən teleskopun köməyi ilə hansı asteroidlərdən təbii sərvət əldə etmənin mümkünlüyünü öyrənəcəklərini deyən şirkət rəhbəri daha sonra sözügedən göy cisimlərinə robotlar göndərilərək, oradan çıxaracaqları təbii sərvəti dünyaya gətirəcəklərini iddia edib. Habelə Anderson kosmosdakı ən qiymətli təbii sərvətin su olduğunu güman etdiklərini bildirib.


Məlumat üçün deyək ki, “Planetary Resources” şirkəti 2009-cu ildə Piter Diamandis və Erik Anderson tərəfindən yaradılıb.

Qeyd edək ki, ekspertlər ABŞ-ın qəbul etdiyi bu qanunun iri dövlətlər, ilk növbədə Rusiyanın narazılığına səbəb olacağını və kosmos uğrunda ciddi qarşıdurma yaranacağını proqnozlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm