“Geri dönüb baxdığımda Azercell-i və mənim həyatımda etdiyi dəyişiklikləri görürəm...” - balaca Rəşidin böyük hekayəsi
Bizi izləyin

Digər

“Geri dönüb baxdığımda Azercell-i və mənim həyatımda etdiyi dəyişiklikləri görürəm...” - balaca Rəşidin böyük hekayəsi

Mən Rəşid Ramazanov 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıq illərindən şeiriyyata marağım olmuşdur. Elə bu marağım 2005-ci ildə Azercell ilə ilk tanışlığıma səbəb oldu...

6-cı sinif şagirdi idim. Televiziyada Azercell-in “DE! Dildən-dilə, Eldən Elə!” şeir yarışmasının reklam anonsunu gördüm. Reklamı gördüyüm an dəftər-qələmə sarılıb, bir neçə ay öncə yazdığım və atamın ən çox sevdiyi şeirim olan “Nələr olar dünyamızda” şeirini gözəl bir əl yazısı ilə yazdım. Ailəmlə atmaq istədiyim addımı bölüşdüm. Qalib olmazsam, üzülməməm üçün mənə təsəlli verdilər. Halbuki, balaca Rəşidin gözlərində bir ışıltı yaranmışdı artıq.

Ertəsi gün çox qarlı bir gün idi. Məktəbə getmək üçün yuxudan oyandım. Anam qar səbəbi ilə evdə qalmağımı təklif etdi, amma, o gün içində şeirim olduğu zərfin gözlədiyi bir ünvan var idi. Ev ünvanımızdan uzaq, məktəbimə isə yaxın olan bir Azercell ofisi məni gözləyirdi.

Hava qarlı olduğundan dərslərimizin təxirə salındığı elan edildi. Bütün sinif yoldaşlarım qartopu oynamaq üçün məktəbin baxçasına qaçmağa başladılar. Mən də onlarla birlikdə qaçdım, amma onlar dayandıqlarında mən Azercell ofisinə doğru qaçmağa davam etdim.

Ofisə girdiyim anı heç yaddan çıxarmıram. Kompüter masalarının arxasında oturan işçilərin təəccüblü baxışları ilə ofisə daxil oldum. Həyəcan dolu baxışlarla əməkdaşlardan birinə yaxınlaşaraq: “Mmm... Mən şeir yarışması üçün gəlmişdim dedim.” Həmin şəxs mənə içinə zərflərin atıldığı bir qutunu göstərdi. Zərfi qutuya atıb, təşəkkür etdim və həyəcan dolu hisslərlə ofisdən uzaqlaşdım...

Aradan 1 ay keçmişdi. Evdə oturub ev tapşırıqlarımı yerinə yetirirdim. Ev telefonumuza zəng gəldi və dəstəyi qaldıran anam məni çağırdı. Dəstəyi əlimə aldım. Aldığım xəbər səsimi titrəməyə vadar etdi. Zəng tamamlandıqdan sonra sevinc göz yaşları ilə anamı qucaqladım. Anam təəccüblə nə olduğunu anlamağa çalışırdı. Şeir yarışmasında qaliblər arasında olduğumu söylədiyimdə ikimizin də göz yaşları bir-birinə qarışdı.

Bəli, yarışmada şeir kategoriyasında 3-cü olmuşdum. Bu mənim üçün dünyanın ən böyük hədiyyəsi idi. Müsabiqə qalibi olaraq Azercell mənə fərdi kompüter hədiyyə etdi. Mükafatlanırma mərasimində yazmış olduğum şeiri oxudum.

Aradan bir neçə ay keçdi və hal-hazırda “İstək” liseyi olaraq adlandırılan “Dədə Qorqud özəl Türk liseyi”-nin təmsilciləri orta məktəbimizdə seminar keçirtdilər. Ailəmə imtahana qatılmaq istədiyimi dedim. Lisey ödənişli idi və mən ailəmin maddi imkanlarının təhsil haqqının ödənilməsi üçün yetərli olmadığını bilirdim. Sadəcə, şansımı yoxlamaq istəyirdim.

İmtahana qatıldım və liseyə daxil olan tələbələr arasında yer aldım. Atam Azercell şirkətindən mənim təhsilim üçün dəstək istədi və Azercell şirkəti məni yalnız buraxmadı.

Aldığım 5 illik təhsil müddətində Azercell mənə tam dəstək verdi və 2010-cu ildə 675 balla liseyin məzun olaraq Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinə daxil oldum.

Azercell ilə münasibətlərim bununla bitmədi. 3-cü kursu tamamladığımda, Azercell Telekom şirkətində yay təcrübəsində iştirak etdim. Azercell-ə yaxınlaşdıqca, onu daha çox sevirdim və təcrübə proqramının mənə öyrətdiklərinin təhsilimə çox böyük töhfələri oldu.

Təhsilimi tamamladıqdan sonra, magistratura təhsilinə başlamadan öncə, bacarıqlarımı iş həyatında inkişaf etdirmək istədim və Test Mühəndisi olaraq fəaliyyət göstərməyə başladım. İşlədiyim müddətdə, magistratura təhsilimi almaq üçün imtahanlardan keçdim və İstanbul Texniki Universitetinin Coğrafi İnformasiya Texnologiyaları fakültəsinə daxil oldum.

2015-ci ildə magistratura təhsilimi almaq üçün Türkiyəyə gəldim. Hal hazırda İstanbul Texniki Universitetinin magistratura bölməsinin tələbəsiyəm və eyni zamanda, Magis Texnologiya şirkətində Mobil Tətbiq Proqramcısı olaraq fəaliyyət göstərirəm.

Geri dönüb baxdığımda, Azercell-i və mənim həyatımda etdiyi dəyişiklikləri görürəm. Bu qədər böyük bir şirkətin, milyonların arasında bir nöqtə qədər kiçik olan balaca Rəşidin həyatında necə dəyişikliklər etdiyini izləyirəm. Bəzən yazdığım şeirin adını düşünərək gülümsəyir və öz-özümə, “Nələr olar dünyamızda?”, bəzən də, Azercell-in şüarını xatırlayaraq, “Azercell ilə həyat daha gözəldir!” deyirəm. Təşəkkürlər Azercell!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm