“Qəfəsin şüşəsini sındırır, heyvanları incidirlər...” – Bakı Zooparkından FOTOREPORTAJ
Bizi izləyin

Digər

“Qəfəsin şüşəsini sındırır, heyvanları incidirlər...” – Bakı Zooparkından FOTOREPORTAJ

Amur pələngi, Mərkəzi Afrika aslanı, yaquar, Burma pitonu, flaminqolar, vəhşi qazlar – Gilan qaz, Ağalın qaz, Boz qaz, ev qazı, fısıldayan qu, harayçı qu, ördəklər, qartallar, bayquşlar, qara kərkəs, timsah, meymunlar, canavarlar, ayılar, pələnglər, dəvələr, Avstraliya keçiləri, Afrikadan, Amerikadan gətirilmiş su heyvanları, piraniyalar, nəhəng zebu, xallı maral, “Qırmızı kitab”a düşmüş Sultan toyuqları, leyləklər, Feniks xoruzları, Alabəzək, Şah, Qızılı, Nepal qırqovulları - dünyanın dörd bir tərəfindən gətirilmiş ən müxtəlif canlıların paytaxtımızda bir yerdə yaşadıqları maraqlı məkan var – Bakı Zooloji Parkı. Sürünənlərin, ekzotik quşların, yırtıcıların saxlandığı heyvanat bağçası hər gün onlarla paytaxt sakininin, şəhərimizin qonaqlarının, o cümlədən əcnəbi turistlərin gəzinti yeridir.

Publika.az-ın əməkdaşları isə Bakı Zooparkına reportaj üçün baş çəkib, buranın gündəlik qayğıları, heyvanlara qulluq, onların qidalanması və s. ilə tanış olub.

1000-dən çox heyvan cəmi 4,25 hektarlıq ərazidə...

Zooloji Parkın müdiri Azər Hüseynov bizə öncə parkın yaranma tarixi ilə bağlı məlumat verdi. Bildirdi ki, heyvanat parkının əsası 1928-ci ildə indiki Xətai rayonunda keçmiş Lunaçarski parkında kiçik guşə kimi qoyulub: “Lakin zooloji park kimi 1942-ci ildə fəaliyyətə başlayıb. Bir zamanlar Bayıl qəsəbəsində fəaliyyət göstərib. Ümumi sahəsi 4,25 hektar olan zoopark burada ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyət göstərir.

Bakı Zooloji Parkında 150 növdə 1000-dən çox irili-xırdalı heyvan saxlanılır. Onların arasında müxtəlif cür sürünənlər, yırtıcılar, otyeyən heyvanlar, suda yaşayan canlılar, ekzotik quşlar var.

Parkın yaşıllıq sahəsi geniş əraziyə malikdir. Bir neçə il əvvəl parkın ərazisi 2 hektar artırıldı. Ərazi hasara alınanda inşaatçılardan dönə-dönə xahiş etdim ki, bir ağacı belə kəsməsinlər. Buna görə də bəzi yerlərdə hasar əyridir. İnşaatçılar ağacları kəsməmək üçün bəzi yerlərdə hasarı əyri çəkdilər”.

İxtisasca baytar olan Azər Hüseynov 1995-ci ildən burada rəhbər vəzifəsində çalışır. Onun sözlərinə görə, ötən il burada bir sıra dəyişikliklər edilib.Qırmızı tablolarda heyvanları yedirməyin və hirsləndirməyin qadağan olduğu yazılsa da, bir çoxları buna məhəl qoymur: “Keçilər, dovşanlar üçün xüsusi yer düzəltdik. Bu yerlər elə hazırlandı ki, uşaqlar heyvanlarla yaxın ünsiyyətdə ola bilsin. Yırtıcı heyvanların saxlandığı qəfəslərə əl uzatmaq, onlara yaxın məsafədə olmaq, onları hirsləndirmək, yemləmək olmaz. Bu, təhlükəlidir. Amma təəssüf ki, bəziləri hələ də heyvanları onlar üçün zərərli olan qidalarla yemləyir, hirsləndirirlər. Bəziləri isə heyvanların qəfəslərini, o cümlədən ilanların saxlandıqları qəfəslərin şüşələrini döyüb zədələyir, sındırırlar. Çoxları başa düşmür ki, ilan səsə reaksiya vermir. Şüşəni döyəcləyib onu qıcıqlandırmağa çalışmaq olmaz. Təsəvvür edin ki, 3 metrlik, 17 kiloqramlıq pitonun saxlanıldığı qəfəsin şüşəsini sındırıblar.

İlanlardan söz düşmüşkən, bir çoxları elə bilir ki, onlara yem kimi verdiyimiz siçanları küçədən tuturuq. Əslində isə belə deyil. Həmin siçanlar xüsusi qəfəslərdə saxlanılır, bəslənilir, böyüdükdən sonra ilanlara verilir. Bu siçanları özümüz artırırıq”.

Yeniliklərdən biri də qırmızı rəngli yuva-evciklərin ağaclardan asılmasıdır. Onların içinə dələlər üçün yem, o cümlədən, qoz tökürük ki, heyvanlar ac qalmasınlar. Vaxtilə parkın ərazisinə bir neçə dələ buraxmışdıq. İndi onların sayı artıb.

Bununla yanaşı, kenqurular, cırtdan marallar üçün yaxşı şərait yaratmışıq. Elə buna görədir ki, kenqurular balalayaraq artıb”.

Toyuq verib meymun aldıq...

Buranın ən yeni “sakini” sürünənlər sinfinə aid olan iquanadır. Azər Hüseynov deyir ki, bu heyvanı vətəndaşlardan biri zooparka hədiyyə edib. O, iquananı evində saxlayırmış: “İquanadan söz düşmüşkən, Bakı Zooloji Parkında İDEA İctimai Birliyi də çox işlər görüb. İquananın, pələngin, uşaqların ev heyvanları ilə ünsiyyətdə olduğu yerləri, habelə oxatan kirpinin qaldığı yeri İDEA İctimai Birliyi hazırlatdıraraq Bakı Zooloji Parkına hədiyyə edib. Təkcə iquananın yerini hazırlamaq 3 aya başa gəldi. Heyvan üçün yay və qış qəfəsi düzəldildi”.

Direktor Bakı Zooloji Parkına yeni növ heyvanların gətirilməsindən də danışdı: “Heyvanları mübadilə ilə xarici ölkələrdən gətiririk. Əvəzində isə Bakı zooparkında artan heyvanları başqa dövlətlərin zooloji parklarına veririk. Məsələn, uzunquyruq meymunları Kişinyov Zooloji Parkından mübadilə ilə aldıq. Bunun əvəzinə biz də onlara Azərbaycan faunasının “Qırmızı kitab”ında olan Sultan toyuqlarını verdik”.

Onu da öyrəndik ki, Bakı Zooloji Parkı Avrasiya Regional Zooparkları və Akvariumları Asossiasiyasının üzvüdür: “Asossiasiyada Çexiya, Polşa, İsrail, Baltikyanı dövlətlər, Rusiya, MDB dövlətləri daxil olmaqla 20-dən artıq ölkənin 50-dən çox zooloji parkı təmsil olunur. İldə bir dəfə keçirilən konfransda hansı ölkənin zooloji parkının bu və ya digər heyvana ehtiyacı varsa, bu barədə müzakirə aparır və heyvanların mübadiləsi haqda razılığa gəlirik.

Bakı Zooloji Parkı 30-dan çox ölkənin zooparkı ilə əməkdaşlıq edir. Əməkdaşlıq təkcə heyvanların mübadiləsini deyil, digər məsələləri də ehtiva edir. Bir çox ölkələrin zooparkları ilə sıx münasibətlərimiz var. Hər il keçirilən konfranslarda əsas müzakirə mövzusu heyvanların saxlanılması və bəslənilməsində yeniliklərin tətbiqi, yemlənmədə və nəsil artırmada yeniliklər, heyvanlara yanaşma, mübadilə, nəsli kəsilməkdə olan heyvanların artırılması üçün proqramların qəbulu məsələləri olur”.

Bakı Zooloji Parkı burda çoxalan bəzi heyvanları təbiət qoynuna buraxır: “Ötən il 2 tülkünü, 3 porsuğu, 2 qartalı və 2 gürzəni Zoologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə təbiət qoynuna buraxmışıq. Bu günlərdə isə Zoologiya İnstitutu ilə əlaqə saxlayaraq bir gürzənin və bir su ilanının təbiət qoynuna buraxılmasını xahiş etdik. Bu il, habelə, zooparkda artmış bir neçə heyvanın da qoruqlara buraxılmasını planlaşdırırıq.

Hava ziyarətçilərin sayını azaldıb...

Müsahibimizin sözlərinə görə, zooparkın ziyarətçilərinin sayı tez-tez dəyişir: “Ötən il Avropa Oyunları zamanı Bakı Zooloji Parkına gələnlərin sayı artmışdı. Ümumiyyətlə, yayda və qışda zooparka gələnlərin sayı o qədər də çox olmur. İnsanlar buraya əsasən aprel-may və avqustun sonlarında üz tuturlar. Bu ilin ilk günləri şaxtalı olduğundan zooparka gələn az oldu.

Yayda qışa, qışda yaya hazırlaşırıq. Yayda istilik sistemlərini qışa hazırlayırıq. Çünki burda istilik sevən ekzotik quşlar, meymunlar, akvarium balıqları, meymunlar, iquana, ilanlar kifayət qədərdir. Əgər qışda istilik olmasa, onların hamısı tələf olub gedər. Borcumuz onların qayğısına qalmaq, bəsləmək, böyütməkdir.

Qışda isə yaya hazırlaşırıq. Məsələn, ayılar yayda tez-tez çimməlidir. Təəssüf ki, onların qaldıqları yer kiçikdir.

Yırtıcı heyvanların saxlanıldığı volyerlər hələ Sovet dövründə tikilib”.

Müdir qeyd edir ki, pələngin yeri darısqal olduğundan, İDEA İctimai Birliyi bu heyvan üçün xüsusi yer hazırlayıb: “Bununla yanaşı, vətəndaşların köməyilə yaquar, leopard üçün xüsusi qəfəs düzəltmişik.

Şükür ki, yaxşı insanlar çoxdur. Heyvanları sevən, onlara qayğı göstərən vətəndaşların köməyilə zooparkdakı canlıların saxlanılma şəraitini yaxşılaşdırırıq.

Bəzi vətəndaşlar zooparka təbiət qoynundan tutduqları, yaxud yaralı heyvanları gətirirlər. Yaralı vəziyyətdə zooparka gətirilən yırtıcıları, habelə qu quşlarını sağaltmışıq. Onların arasında qanadı yaralı, uça bilmədiyindən neftə batmış flaminqo da vardı. Onu da sağaltdıq və həmin quş indi zooparkda saxlanılır”.

Azər Hüseynovun sözlərinə görə, təhlükəsizlik qaydalarına ciddi riayət olunan Bakı Zooloji Parkında maraqlı hadisələr çox olur: “Ötən il pələngi yaşadığı qəfəsdən yeni yerə keçirmək üçün 6 saatdan çox çalışdıq. Ona iynə vurmadan yerini dəyişdik. Əvvəlcə xüsusi konteyner düzəltdik. Sonra heyvanı konteynerə yerləşdirdik. Yırtıcı heyvanları bir yerdən başqasına keçirmək nadir hallarda rast gəlinən hadisədir. Pələngin yerinin dəyişməsi ötən ilin ən yaddaqalan hadisəsi idi.

Bu günlərdə iki rus turist zooparka gəlmişdi. Onlar Moskva Zooparkı haqqında danışdılar. Bildirdilər ki, Bakı Zooloji Parkındakı heyvanlar daha gümrah görünürlər. Yaquarlar, pələnglər xoşlarına gəldi. Sonda təkliflərini zooparkın rəylər kitabına yazdılar.

Türkiyədən ölkəmizə gəlmiş türkiyəli gənc qız Bakı Zooloji Parkına məftun olduğunu bildirdi”.

Anar Tağıyev

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm