• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilib

  • Digər
  • 20 Fevral 2016 12:27
  • 642 Baxış
Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilib

Bu gün Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilib.

Trend-in məlumatına görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, çoxlu sayda gənclər və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bu konfransın gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir qeyd edib ki, gənclər Azərbaycanın gələcək inkişafı üçün əsas qüvvədir: "Bu baxımdan Azərbaycanda gənclərin qərarların qəbul edilməsində fəal iştirakının təmin edilməsi çox vacibdir".

A.Rəhimov bildirib ki, müxtəlif ölkələrin fərqli maraqları və prioritetləri var: "Bizim prioritetimiz təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Gənclər dövlətin mövqeyinin möhkəmləndirilməsinə və həm milli, həm də beynəlxalq səviyyədə ölkənin inkişafına mühüm töhfə verə bilər".

Nazir vurğulayıb ki, bu konfrans gəncləri yeni fəaliyyətə və yeni nailiyyətlər əldə etməyə həvəsləndirəcək: "Bu təcrübə gəncləır üçün vacib əhəmiyyət kəsb edir. Bu yeni ənənənin Azərbaycanda başlamasına çox şadıq".

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat bildirib ki, Azərbaycan gənclər siyasətinə mühüm əhəmiyət verir: "Biz Azərbaycan gənclərinə gələcəyi müzakirə etmək və yeni ideyalar irəli sürmək üçün bir platforma yaradırıq".

Sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətindən danışıb və bu yeni ənənənin Azərbaycanda başladılmasının gənclərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Azərbaycanın beynəlxalq təşkilatlardakı, o cümlədən UNESCO-dakı fəaliyyətindən danışıb. Ə.Qarayev bildirib ki, Azərbaycan UNESCO-nun fəaliyyətinə mühüm töhfə verir, o cümlədən mədəni irsimizin qorunması üçün xeyli işlər görüb.

Nazir əlavə edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir və ölkəmiz bu istiqamətdə bir çox beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu konfransın Azərbaycanda keçirilməsi mühüm vərdişlər əldə edilməsinə kömək edəcək ki, bu da gənclərin gələcək inkişafı üçün xeyli faydalı olacaq.

Daha sonra çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov yeni konfransın əhəmiyyətindən danışıb və bu modelin gənclərə yeni imkanlar açacağını vurğulayıb. O qeyd edib ki, Azərbaycan gənclər siyasətinə böyük önəm verir. Deputat deyib ki, Milli Məclisdə güclü gənclər qrupu formalaşıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da konfransın əhəmiyyətindən danışıb və bunun gənclərin gələcək inkişafı üçün yeni bir platforma olduğunu qeyd ediblər.

Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər.

Bu istiqamətdə artıq bir sıra işlər görülmüş – ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilmiş, MUN klubları yaradılmış, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilmişdir. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılmışdır.

Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulyasiya ediləcək.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR