Çörəyi göydə tutanlar
Bizi izləyin

Digər

Çörəyi göydə tutanlar

Təbiət və ona aid olan hər şey dərs alınacaq müəllimdir. Çağdaş insanın, bəlkə də, ən böyük bədbəxtliyi elə təbiətdən qopmasıdı. O, artıq bir növ olaraq özünü ətraf aləmdən tamamilə təcrid edib. Həyatsa onu oxuyub anlayan üçün həmişə açıq kitab olub, o, həmişə bizim qarşımızda sorğu kitabçası kimi dursa da, onu səhifələməkdə tənbəllik edirik. Halbuki axtardığımız sualların cavabları gözlərimiz önündə. Beləliklə də, rastlaşdığımız problemlər önündə o qədər sınır, o qədər əyilirik ki, gözümüzün önündəki həll yollarının fərqinə varmırıq. Nəticə olaraq da daxili böhranlar – depressiv hallar, psixoloji pozğunluqlar, ən pisi də intiharlar günümüzün ən çox danışılan mövzularıdı.

Bir an gəlir ki, sadəcə üz tutursan Allaha, çaşqın halda, səbirsiz şəkildə ondan cavab gözləyirsən. Həmin anlarda dərdini ən böyük dərd olaraq görürsən. Bəzən hər şeydən üz çevirib sadəcə yox olmaq istəyirsən. Sonsuz azadlığı, rahatlığı yaxalamaq, duymaq olur tək eşqin, tək ehtiyacın. Bunları yaşamaq tipik insanlıq halı. Beləliklə, hər gün ona suallar ünvanlayırıq, bəzilərimiz hətta bizi cavabsız qoyduğu üçün ondan üz döndəririk. Halbuki o, hər bir sualı cavablandırır. Cavabı duymayan da elə biz özümüzük.

Fikrimi izah etmək üçün sadə, hamının bildiyi bir misalı xatırladacam. Habili öldürən Qabil qardaşının cəsədini basdırmağı bir qarğadan öyrənmədimi? Bunu dini əfsanə zənn edəcəksinizsə də, bu gün elmin inkişafı ilə əldə edilən kəşflərin prototipləri təbiətdə mövcud deyilmi?! Ən gözəl musiqi, ən gözəl şeir, ən gözəl rəsmlər təbiətdə deyilmi?! Bütün bu sadaladıqlarımla yeni bir şey demiş olmuram. Sadəcə, xatırlatma üçün qeyd etdim. İnsanın bütün bədbəxtliyi elə məhz yaradılış boyu öyrəndiklərini unutmaqla başlayır. Hərdən bəzi şeyləri xatırlamamız lazım: varlıyıqsa, kasıblığımızı, sağlamıqsa, xəstəliyimizi, zalımıqsa, zamanında bizə göstərilən mərhəməti, bir sözlə, sahib olduğumuz hər şeyin digər tərəfini.

Bu yaxınlarda şahidi olduğum bir hadisə fonunda düşündüklərimi bölüşəcəm, hətta fotoşəkillərin sayəsində əyani şəkildə göstərəcəyəm də. Ötən günlərdə yuxarıda sadaladığım, sadalamadığım səbəblərdən dolayı yaşadığım psixoloji gərginliyi adətim üzrə gəzərək əritmək qərarına gəldim. İstənilən psixoloji durumda ən yaxşı psixoloq elə özünsən. Necə deyərlər, mən də özümə çarə axtardım. Çünki istəsən, bir başqasına deyə bilmədiklərini belə bir balaca cəsarət toplayaraq özünlə bölüşə bilərsən. Həqiqətən də, bəzən duyğularını, hisslərini sahmana salmaqdan gözəl şey yoxdur. Geyimimizə, evimizə, maşınımıza yanaşmada göstərdiyimiz münasibəti qəlbimizə və beynimizə də şamil etməliyik. Onların da yır-yığışa, təmizliyə, səliqəyə ehtiyacı var. Bax elə indicə sosial şəbəkələrin birində gördüyüm maraqlı bir “CAPS”i xatırladım. Orda belə bir ifadə vardı: “Mədəmiz beynimizdən ağıllıdı. Çünki mədəmiz ora daxil olan yad və zərərli bir şey aşkarlayarsa, onu qaytarır, beynimizsə hər cür “zir-zibili” həzm edir”.

Bu məqamda beynin işləmə mexanizmindən danışmayacam, amma sadə bir fakt məlumdur ki, günümüzün informasiya “bum”unda beynimiz hər an yad və zərərli informasiyalarla zəhərlənir. Bu barədə fərqindəlik qazanıb, beynimizi tez-tez bu və ya digər zəhərlərdən təmizləməmiz lazım. Bunun da ən sadə üsulu ilk sətirlərdə yazdığım kimi, təbiətə geri qayıtmaq, ondan öyrənməkdi.

Hə, bu minvalla üz qoydum yola. Ətrafda baş verənlərə, gözlə görə bildiyim hər şeyə bir başqa gözlə baxmağa çalışdım. Yol uzanıb-qısalıb məni gətirib Bakı bulvarına çıxardı. Bakıda ən çox sevdiyim məkanlardan biri... Dənizdən gələn duzlu, rütubətli havanı içimə çəkdim. Düzdü. boğazımda bu gün hamının qayğısına çevrilmiş qaragünlü qara qızılımızın da dadını hiss etdim. Olsun, sevirsənsə, yaxşılı-pisli hər şeyi ilə sevirsən Bakını. Həmişəki kimi, kameramı sazlayıb artıq adiləşmiş məkanda fərqli bir şeylər axtarmağa çalışdım. Qağayılar bu dəfə diqqətimi bir başqa cür çəkdilər. Elə mən də başladım onları çəkməyə. Bu zaman olduqca maraqlı bir detalı fərq etdim. Çörəyi xırda parçalara bölüb havaya atan orta yaşlı bir kişi. Yox, məsələ o kişidə deyil, məhz o tikə çörəkləri havada tutan qağayılarda idi.

Bu hadisəni dəfələrlə görmüşdüm, amma o gün bir şeyləri xatırlatdı mənə. Fikir verdim ki, o tikə çörəkləri havada tutanlar aşağı-yuxarı bir qrup eyni qağayılardı. Çoxluq isə ya dənizə düşən qırıntılarla idarə edirlər, ya da ki, dənizin çirkab suyunda nə tapsalar, onu götürürlər. Bu zaman bütün diqqətimi həmin o aktiv qrupa yönəltdim. Gördüm ki, bu qrupa daxil olanlar havada olduqca gözəl və məharətli uçuş sərgiləyirlər, ideal və bəzən də riskli manevrlər edirlər. Nəticədə isə hara atıldığından asılı olmayaraq havada olan o bir tikə çörəyə sahiblənirlər. Bütün bunların fonunda həyatdakı fürsətlərə, imkanlara reaksiyamızı, münasibətimizi gördüm. Düzü, gördüyüm mənzərə bu gün daha çox iqtisadiyyat, bazar qanunlarını xatırladırdı. Bir də insan cəmiyyətinin bütün sferalardakı yaşam tərzini. Hər nə olur olsun, məsələ o bir tikə çörəkdədi.

Əslində, bu hadisədən çıxardığım nəticə bildiyim şeylər idi. Amma o an bir başqa cür qavramış oldum. Məna daha dərinə oturmuş oldu. Oxuduğum ədəbiyyatlarda dəfələrlə rastlaşdığım ana fikir elə məhz bu idi – “O çörəyi istəyirsənsə, fərqli düşüncə və fərqli davranış sərgiləməlisən.”

Bütün bunların fonunda yenə Herman Hesseni, Siddharthanı xatırladım. İnsanlardan, kitablardan öyrəndiklərimiz məna olaraq tam dərk edilmir, həyatsa elə dərslər verir ki, bu, biz insanların məninə yapışır. Hadisələr, duyğular fikrə, sözə çevriləndə dərketmədə birmənalı olaraq qavranılmır. Çünki bu mənanı içindən keçirib öz qəlibinə uyğunlaşdıra bilmirsən. Həyat şablonlar üzərində yox, məna üzərində varlığını davam etdirdiyi üçün başqasının şablonu söz olaraq bizə çatsa da, hərəkətə gətirə bilmir.

Allah yaratdığını yaxşı tanıyır, bunun üçün də o sualların cavabını səsli olaraq yox, konkret faktlar və hadisələrlə qarşımıza çıxarır. Gəl ki, onda da mənəvi korluq edib o cavabları görməzdən gələsən. Təbiət bunun üçün bizə lazımdır. O, Allahın bizimlə ünsiyyət vasitəsidir. Gözümüzü, qəlbimizi cavablara açaq. Daha yaxşı yaşam, daha yaxşı biri olmaq üçün.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm