• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

“İranın layihələrə qoşulması Azərbaycana xeyir gətirəcək” – MÜSAHİBƏ

  • Digər
  • 25 Fevral 2016 18:17
  • 763 Baxış
“İranın layihələrə qoşulması Azərbaycana xeyir gətirəcək” – MÜSAHİBƏ

Azərbaycan Prezident İlham Əliyevin İrana səfəri ikitərəfli münasibətlər üçün yeni mərhələ açdı. Xüsusilə İrana qarşı sanksiyaların aradan qaldırılması Azərbaycanın bu ölkə ilə iqtisadi və siyasi münasibətlərini genişləndirəcək. Yaxın Şərq üzrə ixtisaslaşmış ekspert, politoloq Sədrəddin Soltan Publika.az-a müsahibəsində İran-Azərbaycan münasibətlərini şərh edib.


- Prezident İlham Əliyevin İrana səfərindən sonra Azərbaycan-İran iqtisadi əlaqələri necə inkişaf edəcək, ümumiyyətlə bu yaxınlaşmanın iqtisadi dividentləri nələr ola bilər?


- Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqəsi heç vaxt dayanmayıb. Hətta Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq ediləndə də Azərbaycan tərəfi İranla ticarət sahəsində əməkdaşlıq edib. Düzdür, bu əməkdaşlığın rəqəmlə ifadəsi fərqlidir. Bir statistikada 500 milyon, birində 200 milyon, digərində isə 80-90 milyon dollar göstərilir. İndiki şəraitdə İranın Azərbaycanla iqtisadi əlaqəsi daha çox İslam Respublikasına faydalı olar. Çünki Azərbaycan ərazisindən keçən bir sıra nəqliyyat və enerjidaşıyıcılarına əlavə xərc qoymadan asanlıqla qoşula bilər. Təbii ki İranın layihələrə qoşulması respublikamıza xeyir gətirəcək. İki ölkə iqtisadi əlaqələrin genişləndirilməsi tərəflər üçün faydalı olar. Burada bir məsələni də qeyd etmək lazımdır: Tehranın iqtisadi əlaqələrdən Azərbaycana qarşı siyasi, dini-ideoloji təzyiq vasitəsi kimi istifadə etməməsinə diqqət etmək lazımdır.


- Maraqlıdır ki, Ermənistan da İranla əməkdaşlığa can atır. Azərbaycan-Ermənistan arasında bir növ İran rəqabəti gedir. Prezidentin səfəri bu rəqabətdən Azərbaycanın qalib çıxdığını deməyə əsas verirmi?


- İlk baxışdan bu belə görünür. Əslində İran və Rusiya Azərbaycan və Ermənistandan öz təhlükəsizlik maraqları üçün yararlanmağa can atırlar. Düzdür Rusiya Ermənistandan bunun üçün artıq istifadə edib, yaxud bunu erməni adına yaradılan dövlətin funksiyası hesab etmək olar. Bir neçə gün əvvəl İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Əliəkbər Vilayətinin bir açıqlaması yuxarıda qeyd etdiyimiz mətləbə fikri bildirmək zərurəti yaradıb: “Dünyanın hərbi super gücü, BMT Təhlükəsizlik Şurasında veto haqqına sahib Rusiya ilə bölgənin birinci gücü İran arasında bir koordinasiya qurulub. Bu, sadəcə Suriya məsələsi ilə məhdudlaşmır. İran və Rusiyanın əməkdaşlığı İraq, Livan, fikrimcə, gələcəkdə Yəməni də əhatə edəcək. Mərkəzi Asiya və Qafqaz ölkələrinin də müstəqilliyinin müdafiə edilməsində də eyni koordinasiya mövcuddur”. Vilayəti bununla demək istəyir ki, Rusiya və İran Qafqaz dövlətlərinin müstəqilliyini qərbdən qoruyurlar, bu istiqamətdə Moskva-Tehran fəaliyyətini əlaqələndirir. Ancaq bunun başqa tərəfi də var. Əslində, İran və Rusiya həmin ərazilərdə fəaliyyətlərini genişləndirməklə öz təhlükəsizliklərini təmin etməyə çalışırlar.


- Dağlıq Qarabağ məsələsində İrandan hansısa mövqe dəyişikliyi gözləniləndirmi?


- Heç kimə sirr deyil ki, İranda Azərbaycan Respublikasının varlığını qəbul etməyənlər az deyil. Tehran bəyanatlarında Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək.


Asif Nərimanlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR