Kimya müəlliməsi üçün qızılgül
Bizi izləyin

Digər

Kimya müəlliməsi üçün qızılgül

Min illərdir soruşurlar: "Sənətin vəzifəsi nədir?" Hərə bir cür cavab verir. Kimi deyir, "tərbiyə etməlidir", kimi deyir, "zövq verməlidir..."

"Qatil"ə baxandan sonra bu sualla bağlı uzun müddətdir gəldiyim qənaət bir az da möhkəmləndi: Sənət insanı zədələməlidir!

Teatr binasından necə çıxdım? Metroya necə düşdüm? Yadımda deyil. Bəs nə qalıb yadımda? Tamaşadan müxtəlif replikalar:

-Acizliyinin intiqamını alırsan!

-Həyatı bu boyda da olsa, qaydasında olan adam idman paltarı oğurlayar?

-Qonşular mənim haqqımda nə deyirlər? Deyirlər ki, utanmır, evinə kişi gətirir?

-Əlim göz yaşımı silməyə çatmır.

***

41 yaşlı kimya müəlliməsi. Onun həyatında heç kim yoxdur, tək yaşayır. Hər gün dəftərlərini yoxladığı şagirdlərlə xəyali söhbət edən bu qadın gecələr üstünə gələn divarların vahiməsindən qorxur. Uşaqlığından bəri özünə sirdaş tutduğu ulduzundan kömək istəyir.

Bir gün onun həyatına keçmiş şagirdi qonaq gəlir. Müəlliməsinin qəlbinə yol tapmaq üçün min bir yalan uyduran bu oğlanın iç üzü açılandan sonra hər-şey alt-üst olur. Kimya müəlliməsi taleyindən qisas alır: Sevgilisini zəhərləyib öldürür.

***

Tamaşadan yarımçıq çıxan adamların qabağını kəsmək: "Dayanın, heç olmasa, bir tamaşalıq da olsa, tənha qadınların xatirəsini yad edin. Heç olmasa, buna gücünüz çatsın",-demək istəyirdim.

Nə yazıq ki, bizim tamaşaçımız bəzi imtahanlara hazır deyil: Tamaşadakı açıq-saçıq səhnələrə görə zalı tərk edənlər var idi. Bacarmadıq, bu dəfə də bacarmadıq. Kimsəsiz, bədbəxt bir qadının sonu faciə ilə bitən müvəqqəti sevincinə dözə bilmədik. Dünyadakı bütün qadınlara məxsus bir duyğunu-sevişdikdən sonra xoşbəxt olmaq hissini kimya müəlliməsinə bağışlaya bilmədik. Tamaşaçımız özünü müəllimənin qonşuları kimi apardı: "Utanmır, evinə kişi gətirir!"

Bəstəkar Aygün Səmədzadəyə təşəkkür edirəm; Mən son illər Azərbaycan musiqisini bu qədər peşəkar, bu qədər həssas, bu qədər ağrılı görməmişdim.

Münəvvər Əliyevaya (kimya müəlliməsi) təşəkkür edirəm; Sevgilisi "məni oğulluğa götür",-deyəndə ögümək səhnəsinə və oğlanı öldürəndən sonra gözündəki qatil donuqluğuna görə!

Hikmət Rəhimova təşəkkür edirəm: Qadının saçından tutub zorlamağa sürüməyindən tutmuş, sonda Münəvvər xanımın alnına üzrxahlıq öpüşü qondurmağına qədər, bütün jestləri uzun illər yaddaşlardan silinməyəcək.

Gözəl rejissor, gözəl xanım, Mehriban Ələkbərzadəni öpüb, bağrıma basıram. Mən gözlərimlə gördüm:

Qoca Azərbaycan teatrosunun əbədiyyətə qovuşmuş dahilərinin ruhları bizə qoşulub alqışlayırdılar onu.

***

Uilyam Folknerin "Emili üçün qızılgül" adlı bir hekayəsi var. Böyük yazıçı bu hekayənin adı barədə suala belə cavab vermişdi: "Burda söhbət bir qadın faciəsindən gedir; faciənin qarşısını almaq, qadının taleyini dəyişmək mümkünsüzdür. Mən həmin qadının halına yanıram, taleyinə acıyıram və hekayənin adıyla onu salamlayır, uzaqdan-uzağa ona öz ehtiramımı və önündə hörmətlə təzim etdiyimi bildirirəm; adətən, belə hallarda kişinin şərəfinə badə qaldırarlar, qadına isə qızılgül hədiyyə edərlər".

"Qatil"dən sonra mənim içimdən bir arzu keçdi: Bu şəhərdə yaşayan bütün tənha, "əli göz yaşlarını silməyə çatmayan" qadınların qapısına bir qızılgül qoymaq və səssiz-səmirsiz çıxıb getmək. Bizim onların həyatına müdaxilə etməyə haqqımız çatmır. Çünki onları xoşbəxt eləməyə gücümüz çatmayacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm