Krıma yaz gəlməyəcək!
Bizi izləyin

Digər

Krıma yaz gəlməyəcək!

Krıma yaz gəlməyəcək!..

Dünyanı tanıdığım və dərk etdiyim gündən doğulduğum, böyüməkdə olduğum məkan mənə çox darlıq etdi; nə ruhum, nə də cismim sığmırdı bu məkana. Lap doğrusu, hökmü verən ruh isə, cism nə karədir.

Mən böyüdükcə arzularım da çoxalırdı. Arzularım çoxaldıqca gözlərimdə dünya da böyüyür, genişlənirdi. Səfərlərə çıxmaq, dünyanın hər yerini gəzib – dolaşmaq eşqim, həvəsim mənə dinclik vermirdi. Amma bunların adi bir həvəs, eşq olduğunu uşaq düşüncəmlə yaxşı dərk edirdim və içimdə bir inamsızlıq dolaşırdı: “Ehh! Görəsən, belə bir gün gələcəkmi?!”

O günün həsrətiylə yaşaya - yaşaya məhləmizdə bitib böyümüş, bolluca bar – bəhər gətirmiş gilas ağacına dırmaşırdım. Doyunca gilas dərib yeyirdim, həmişə də əzilmiş gilas dənələrinin suyu üst – başımı batırırdı.

Bu gilas ağacını atam hardansa gətirib basdırmışdı məhləmizə - adına “Krım gilası” deyirdi. İrirək, qara qırmızı, lətli gilas idi; çox dadlı və yeməli. Amma Krımın nə demək olduğunu o zamanlar, əsla bilmirdim və heç bilmək marağım da yox idi.

İllər ötdü. Uşaqlıqda oyanmış arzularım birər – birər gerçəkləşməyə başladı. Uzaq ölkələrə, şəhərlərə səfərlərə çıxdım, ellər – obalar gəzdim. Hər şəhərdə, hər ölkədə də köksümdə, bəzən şirin, bəzən acı xatirələr yurd saldı.

Bir zaman Krım adlı bir türk diyarına səfər edəcəyim isə hələ də ağlıma gəlmirdi. Ümumən bu diyar haqqında mükəmməl bilgim yox idi. Bildiyim tək o idi ki, orda –Krımda tatarlar (türklər) yaşayırlar və Krım onların doğma vətənidir. Bir də bilirdim ki, Qara dənizə yaxın bir ölkədir və babam da - atamın atası müharibə illərində, məhz həmin Qara dənizin sularında batıb.

Beş il öncə Krıma səfər etdim, lap təsadüfən oldu, bu səfər. Təyyarəylə Kiyevə uçub, axşamüstü də Krımın paytaxtı Simferopola aparan qatara mindim. Vaqonlar, demək olar ki, boş idi. Hər kupedə bir - iki adam ancaq olardı və ya heç yox idi. Güman ki, yol boyu sərnişinlər minəcəkdilər. Amma mən kupedə tək deyildim. Boydan balaca, sarışın, təxminən 22 yaşında bir oğlan da mənimlə idi. Luqansk şəhərindən olduğunu və Yalta bazarında alış – veriş etdiyini söylədi. Yaxından tanış olduq. Sonra yol çantasını açıb içindən hərəsi iki litrlik plastmast qablar çıxardı. Bu qablardan biri ağ, digəri qırmızı üzüm şərabıyla dolu idi. O, mənimlə şərab içmək istədiyini bildirdi. Etiraz etmədim. Təxminən yeddi yüz kilometrlik bir yolda darıxmamaq üçün öncə yaxşı bir yoldaş, sonra da yaxşı şərab və ya digər meyxoşluq yaradan içkilərin olması pis olmazdı.

Əvvəl ağ şərabdan başladıq. Çox şirin idi, bəyənmədim. Yol yoldaşım bunu duyunca al şərabdan süzdü və onun da çox şirin olduğunu biləndə içməkdən tamam vaz keçdim. Ümumən, bu cür şərabları sevmirdim. Xoşladığım, ya tamam turş, ya da kəmşirin şərablar idi. Bu cür şip-şirin çaxırları isə, bildiyimə görə alkaş ruslar çox sevir və çox da içirdilər.

Yol yoldaşımın adı Valeri idi. O, daha şərab içmədiyimi görüb, Azərbaycanla, bizim milli valyuta ilə maraqlanmağa başladı. Yalta bazarında bir azərbaycanlı ilə dost olduğunu da dedi.

Mən cibimdən beş manatlıq çıxarıb Valeriyə göstərdim. Dəyəriylə maraqlandı və beş manatlığı, kolleksiya yığmaq adıyla istədi məndən. Əsirgəmədim. Sonra on manatlıq milli əskinasımızla tanış etdim. On manatlığın beşlikdən dəyərli olduğunu bilincə, beşliyi mənə qaytarıb onluğu istədi və guya başımı aldadırmış kimi, dedi: “Bu daha qəşəngdir, qoyun bu onluq qalsın məndə, beşliyi götürün!.. Bütün millətlərin valyutasından kolleksiya düzəldirəm...” Məsələ aydın idi; bu adam alverçi idi və qatarda da malını (şərabını) çox ustalıqla sata bilirdi...

Gülümsəməkdən başqa çarəm yox idi, on manatı ona verdim, ən azı iki stəkan şərabını içmişdim – niyə borclu qalaydım ki?!..

Simferopola yetişdiyim zaman burda mənim ana dilimdə danışan insanlarla tanış oldum. Bunlar Krım tatarları idilər. O qədər mehriban, qayğıkeş, sevimli insanlar idilər ki, düz yarım ay onlardan ayrıla bilmədim. Bu müddət ərzində böyük bir konsert də düzənləndi – türk xalqlarının dostluq konserti. Bütün türk ölkələrindən bura sənətçilər, müğənnilər dəvət olunmuşdu və mən də onların arasında, böyük yay zalında saysız – hesabsız tamaşaçılar qarşısında, bir Azərbaycan müğənnisi olaraq, çıxış etdim. Sonra çox dəyərli dostum, iş adamı, həmyerlimiz Əli bəylə Krımın məşhur Bağçasaray şəhərinə, daha sonra Qara dəniz sahilində yerləşən Aluştaya, Yaltaya səfər etdik, doyunca gəzib dolaşdıq.

Krımda özümü çox rahat hiss edirdim. Bu, bəlkə də Krım tatarlarıyla bir soydan, bir kökdən olmağımdan irəli gəlirdi.

Dostum Əli bəyin xahişilə Simferopolda yerləşən ona məxsus geniş və rahat istirahət mərkəzində mənim konsertimi düzənlədik. Əli bəyin dəvətilə Sevostopolda, Kerçdə yaşayan həmvətənlərimiz konsertə təşrif gətirdilər, unudulmaz bir gecə yaşadıq.

Krımda olduğum müddətdə Krımın tarixiylə, Krım tatarlarının adət - ənənələriylə çox maraqlandım, müəyyən bilgilər əldə etdim. Krımın da, doğma Azərbaycanımız kimi, tarixən başı üstündə bəlaların dolaşmasından xəbərdar oldum. İkinci Dünya Müharibəsindən sonra başlarına gətirilən müsibətlərlə tanış olduqca ürəyim göynədi. Özbəkistan ərazisinin müxtəlif vilayətlərinə - Səmərqəndə, Daşkəndə, Əndican, Fərqanə vilayətinə, Urala deportasiya olunmasından xəbərdar olduqca, çox sarsıldım. Niyə dünyanın, az qala hər yerində bu qədər başıbəlalı idi, böyük türk övladları? Nəydi onların bu bəlalara tuş olmasına səbəb? Bəlkə genişürəklilik, bəlkə mərdanəlik, qonaqpərvərlik?!..

Dostum Əli bəylə Simferopolun küçələrində gəzişirik. Mən belə istəmişdim. Maşınla gəzmək zövq vermirdi. Bu zaman şəhərlə lazımınca tanışlıq da yaranmırdı.

Əli bəy maraqlı insandır, dost, qohumcanlıdır. Azərbaycandan ona pənah gətirmiş bir kimsəni darda, çətində qoymayıb. Amma özü indiki çağına gələnəcən çox çətinliklər görüb. İllərlə çəkdiyi müsibətlərdən danışır mənə. Ağrılı – acılı taleyi olub. Günlərlə ac – susuz qaldığı da olub. Bu gün əldə etdiyi bütün maaddiyat, var – dövlət o gərgin çalışmaların bəhrəsi, ac – susuz qalmağın mükafatıdır, sanki. İşin bir ağrılı tərəfi də var ki, o, ürəyincə yeyib – içə bilmirdi. İllər öncə, günlərlə ac –susuz qalması onun sağlamlığına ciddi zərər vurmuşdu. Dünyanın bütün naz – nemətlərinə həsrət qalmışdı, az qala. Buna baxmayaraq, xoşbəxt idi; bir oğlu, qızı, mehriban xanımı – ailəsi vardı. Onların xoşbəxt olduğunu duyduqca, o da xoşbəxt olur, dünyanın heç bir naz – neməti eyninə də gəlmirdi.

Əli bəy məni şəhərlə tanış edirdi. Gözəl iyul günləri idi. İmkanı, vaxtı olan hər kəs Qara dəniz çimərliklərinə gedirdi. Əli bəy mənə də təklif etməsinə baxmayaraq, boyun qaçırdım; çimərliklərlə bir o qədər aram yox idi. Amma şəhəri gəzib – dolaşmaq zövq verirdi. Xüsusən də Bağçasarayı gəzmək. Doğrudur, Krımın təbiəti Azərbaycan qədər gözəl, heyranedici deyildi, amma Krım mənə Azərbaycan qədər doğma, Krım xalqı azərbaycan xalqı qədər əziz idi.

Yol kənarında gözümə sataşan gilas ağacını görəndə təəccübləndim: “Maraqlıdır, burda gilas da yetişir?” Əli bəydən soruşdum.

-Əlbəttə! Gilas elə Krımda yetişir də. Bu gilasa “Krım gilası” deyirlər, Azərbaycanda. Azərbaycana da burdan gedib. Çox dadlı gilasdır. Bu saat dərib yeyərik, - Əli bəy dilləndi və gilasın budağını əyib yetkin gilas dənələrini qopararaq, mənə uzatdı.

-Hımm, mən elə bilirdim, Rusiyada olduğu kimi, bu yerlərdə də bu cür meyvələr yetişmir!.. Demək, bu gilas həmin Krım gilası imiş!..

Və mən yenidən uşaqlıq illərinə qayıtmalı oldum. Yadıma kənddəki evimiz, ata yurdumuz, məhləmizdə bitib böyümüş, ucalmış qoşa gilas ağacları düşdü. İndi yediyim gilaslar həmin gilasların dadını – tamını xatırladırdı mənə.

Və... aradan düz beş il ötüb. Bu beş ildə bir neçə dəfə yenidən Krıma səfər etmək istəsəm də bir çox səbəblər üzündən bu, baş tutmadı. Bu gün yenə də doğma Krımın başı üstündə dərd – bəla buludu dolaşmaqdadır. Bu yaz Krıma səfər etmək arzusundaydım, amma mənə elə gəlir ki, daha Krıma yaz gəlməyəcək!.. Ah! Gözəl Krım, zavallı Krım!..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm