Allahın “ol” əmri materiyaya necə çevrilib? – Kəşf
Bizi izləyin

Digər

Allahın “ol” əmri materiyaya necə çevrilib? – Kəşf

Bu elm kimya, biologiya, həndəsə, fiziki, təxminən 6-7 elmin, o cümlədən dinin birgə həqiqətini tətbiq edir. Bütünlükdə ruhun olması, həyatın necə əmələ gəlməsi, ruhun o dünyaya necə köçməsi, bütün bunların cavabını tapmışam.

Sərdar Cəlaloğlu Aristotel və Lütfizadənin səhvlərini tapıb

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Publika.Az –a müsahibəsində yeni kəşfi və bunun saxta olduğunu deyən iddialarla bağlı danışıb.

-Siz yeni elm kəşf etdiyiniz deyəndən sonra bunun saxta olduğu iddia edildi. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

-
Mən hələ kəfşimin nədən ibarət olduğunu açıqlamamışam. Müsahibənin birinci hissəsi gedib, hələ ardı var. Camaat da birinci hissəsini oxuyub elə bilir ki, kəşfim bundan ibarətdir. Mən orda hələlik dünya elmində, fəlsəfəsində açıq qalmış sualları qoymuşam-həyat necə əmələ gəlib, ölüm nədir, ruh var, ya yox, kosmos varmı, yoxmu? O dünya varsa, o dünyadan bu dünyaya, burdan ora keçid necədir?
Bildirmişəm ki, bu sualların cavabını tapan, izahını verən bir kəşf etmişəm, amma kəşfin nə olduğunu açıqlamamışam. Mən dəhşətə gəlirəm. İnsanlar bilmir ki, nədən danışıram, kəşfim nədir, düşüblər üstümə.

-Amma Fəlsəfə institutunun keçmiş əməkdaşı Rəhim Müseyibov bunun XIII-XIV əsrlərdə mövcud olduğunu deyib.

-Çünki mənim nə dediyimi bilmir. Mən demişəm ki, müasir dünyada ən böyük problem elmi biliklərlə dini biliklərin uzlaşdırılmasıdır. O, elə bilir ki, mənin kəşfim guya elmin dini təsdiq etməsidir. Belə deyil. Bu məsələni Kant belə qoymuşdu ki, dinsiz, ancaq fiziki dünyanın öyrənilməsi ilə Allahı kosmosda kəşf etmək olar, ya yox? Yəni peyğəmbər nə deyib, dinlər nə deyib bilmirik. Biz elmi tədqiqatla Allahı kəşf edə bilərikmi? Sonrada bu məsələni özü izah edə bilməmişdi.

Açıqlamışdı ki, fiziki dünya ilə Allahı kəşf etmək üçün psixoteologiya deyilən qanun yaratmaq olar. Necə olub ki, Allah “ol” deyib və bu söz materiyaya necə çevrilib. Ruh doğrudan varsa, insan bədəninə necə keçib, oradan necə çıxır. Bu kimi sualların cavabı açıq qalıb.

Mən Aristotel məntiqinə alternativ məntiq hazırlamışam. Yeni elmi metodologiyam əsasında mütləq həqiqətin aşkarlanmasının yollarını göstərmişəm. Nə elm, nə də fəlsəfə həqiqəti mütləq qəbul etmir. Həqiqət mövcuddur, amma biz onu nisbi dərk edirik. Mən sübut etmişəm ki, həqiqəti insan mütləq dərk edə bilər. Əslində nisbi dərk edilməsinin yeganə səbəbi Aristotel məntiqinin qüsurlarındadır. Mən Aristotelin səhvini, Enşteynin yanlışınını izah etmişəm və Allahın dünyanı yaratması, sözün maddəyə, maddənin də fikrə keçməsinin elmi qanuna uyğunluqlarını kəşf etmişəm. Bu da nə XIII-XIV əsrlərdə, nə də heç vaxt olmayıb. O adamların heç biri mənim nəyi kəşf etdiyimi bilmir.

-Sizin kəşf etdiyiniz elm nədir?

-Bu elmin adı mütləq həqiqəti öyrənən elm- kondisiologiyadır.Mənim təklif etdiyim kəşfim mahiyyət etibarilə, hansı ki, bunu Nobel mükafatına təqdim etmək istəyirəm, mütləq nisbilik haqqında nəzəriyyədir. Sonuncu olaraq Enşteyn ümumi nisbilik nəzəriyyəsini kəşf edib. Onun nəzəriyyəsi qüsurlarını göstərmişəm. Özüm iki nisbilik nəzəriyəsi-biri ən ümumi, digər mütləq nəzəriyyə tətbiq etmişəm ki, həmin nəzəriyyələrlə, Nyutonun da xüsusi nisbilik nəzəriyyəsini nəzərə almaqla, kosmosdan Allahın kəşfi, fikrin materiyaya, materiyanın fikrə çevrilməsinin elmi qanuna uyğunluqlarını sübut etmişəm.

-Nəyə əsasən sizə etiraz edirlər?

-Təsəvvür edin ki, alimin biri həmin institutun keçmiş işçisidir. Heç bilmir nə yazmışam, dərhal rəy verir ki, bunu filan vaxtı deyiblər.Biz deyirik ki, yük. Yük ümumi anlayışdır, amma mənfi yük, müsbət yük var. Yük sözü hər ikisini ifadə edir. Əslində bu anlayışların yaradılması məntiqin problemidir. Mən dünyanın yaradılmasından danışıram, bu adam qanmır ki, anlayışların yaradılması məni maraqlandırmır. Mən dünyanın yaradılmasının nəzəriyyəsini vermişəm.

Bu elm kimya, biologiya, həndəsə, fiziki, təxminən 6-7 elmin, o cümlədən dinin birgə həqiqətini tətbiq edir. Bütünlükdə ruhun olması, həyatın necə əmələ gəlməsi, ruhun o dünyaya necə köçməsi, bütün bunların cavabını tapmışam.

Mən hələ elan etməmişəm, biri yazır ki, Sərdar Cəlaloğlunun başı xarab olub. İndi sizə dediyim də nəzəriyyəinin adıdır. Səhvlərin nədən ibarət olması, iki ümumi nisbilik nəzəriyyəsinin nə olması 40 səhifədən ibarət böyük elmi işdir. Sən necə məni tənqid edə bilərsən.

-Nəyə əsasən Aristotelin səhv etdiyini deyirsiniz?

-
Aristotelin moduslarında böyük qüsurlar var. Ondan sonra Qərb alimləri 4-cü modus əlavə etdilər, lakin yenə də həqiqəti tapa bimədilər, həqiqət nisbi olaraq qaldı. Məni qeyri-səlis, çarpaz, paralel məntiqləri kənara qoymuşam. Onların nöqsanlarını əsas gətirib vəhdətin məntiqini irəli sürmüşəm. Əslində dünya necə dərk olunmalıdır? Burda nisbilik nəzəriyyəmi vermişəm, dünyanın necə yaranmasını göstərmişəm. Nə yazdığımı bilmədən danışırlar, çünki buna ağılları çatmır. Bu günə qədər hamı Aristotel məntiqinə əsaslanıbsa, mən dediyimi necə kəşf edə bilərlər. Bu adamın alim kimi başı işləmir.

Telefonda da dedim ki, bütün Aristotelin səlis, ardıcıllıq məntiqinə istinad etdiyi üçün deyirlər ki, mütləq həqiqət nisbidir. Mənsə deyirəm ki, Aristotelin məntiqi dəyişiləndən sonra mənim məntiqimlə həqiqəti dərk etmək olar. Onun əsasında istənilən mütləq həqiqəti dərk edə bilərik. Mən uşaq-zadam? Kifayət qədər tanınmış adamam, partiya sədriyəm, ictimaiyyətə qeyri-ciddi fikir verərəm heç.

-Yarımçıq müsahibə dediniz. Davamında nələr var?

-
Müsahibənin arxasında Enşteynin nisbilik nəzəriyyəsi, Darvinin təkamül nəzəriyyəsi, Lomonosovun enerjinin saxlanılması qanunun səhvləri, Freydin yanlışlığı nədən ibarətdir, onları açıqlıamışam. Mən dünya elminin korifeylərinin çaşmalarının səbəbini yazmışam ki, nədə səhv edirlər, niyə biz deyirik ki, həqiqət nisbi dərk edilir. Bütün bunların günahları Aristoteldədir. Məhz onun məntiqinə görə sübut olunur ki, Allah dünyanı yaratmayıb. Məhz Aristotel məntiqinə görə Allahla bağlı sübut yoxdur. Bugünkü bütün elmlərdə qüsurlar var.

-Misal üçün nəyi nəzərdə tutursunuz?

-Misal üçün, riyaziyyatın vurma qanunu var. Deyir ki, iki ədədin hasili həmin ədədlərin hər birinin hasilindən böyükdür. Mən deyirəm ki, 1 vurulsun 1 neçə edir, deyəcəksiniz ki, 1. Bu necə bərabər oldu. Riyaziyyat deyir k, bu, kənara çıxmadır. Əgər bu, idealdırsa, kənara necə çıxmaq olar.

Necə olur ki, yerdə qalan bütün rəqəmlər bu qanuna tabe olur, amma 1 vurulsun 1, bir vurulsun 0 yox. Əgər riyaziyyat dəqiq elmdirsə, bu, necə olur. Mən sizə yüzlərlə belə kənara çıxmanı saya bilərəm.

Yaxud aksiomanı götürək. Biz deyirik ki, Allah var, materialistlər deyir sübut elə. Mən deyirəm ki, paralel xətlər kəsişmir, sən sübut elə. Deyir ki, bu, aksiomadır. Aksioma mütləq həqiqət kimi qəbul edilən qanundur. Əgər aksioma mütləq həqiqətdirsə, nə üçün deyirlər ki, həqiqət nisbi dərk olunandır. Artıq bunu mütləq dərk edibsən də, mütləq həqiqətində sübuta ehtiyacı yoxdur.

Fizikada ümumdünya cazibə qanununda deyilir ki, cazibə olunan maddələrin kütləsinin hasili onların arasındakı məsafə ilə tərs mütənasibdir. Bundan başqa orda xüsusi cazibə sabiti var. Kütləni, onlar arasındakı məsafəni kosmosdan tapırıq. Bəs xüsusi cazibə sabitini biz hardan tapırıq. Deməli, bunu ora subyekt, yəni o qanunu kəşf edən alim əlavə edib. Burda məlum olur ki, fizika elminin qanunları təkcə fiziki dünyanın qanunları deyil, həm də fiziki dünyanı kəşf edən subyektlərin qanunudur. Ona görə bir qanun Nyuton, digəri Arximed, o biri Enşteyn adlanır. Bunlar onların subyektivliyi ilə bağlıdır. Enşteyn də bir adamdır, mən də bir adamam. Bu onun subyektiv qanunudur. Mən də deyirəm, sən yanlış deyirsən, mənim qanunumda belədir. Onda həqiqət hardadır?

Həndəsini götürək. Çevrənin uzunluğunu necə tapırlar, 2 P-L ilə.
L çevrənin radiusudur, bunu bildik. Bəs Описание: \pi~(Pi) - 3.14 hardan çıxıb. İstənilən çevrənin radiusu ilə əlaqəsi varsa, onda istənilən çevrənin uzunluğunu tapa bilərsiniz. Mən yeni elm təklif edirəm ki, oda çevrənin uzunluğunu 2 Pi-L ilə hesablamayacağıq. Bütün elmlərdə bu cür kontaktlar var.

Bütün bunların hamısı izah edən bir elm verirəm. Mütləq həqiqəti öyrənən elm- kondisiologiyadır. Bunun da metodologiyası var. Mən hələ metodologiyasından danışmamışam, gic-gic danışırlar. Mənim dediyimi dünyada heç kəs deməyib. 30 ildən artıqdır ki, bunun üzərində işləyirəm. Dünən yatıb bu gün ayılmamışam. Mən burda hələ nə qədər yenilikləri demirəm.

Azərbaycanda elmi mühit ölüb. Mən ciddi bir adamam, fikrimi deyirəm. Ölkənin akademikləri, professorlar var. Bir nəfər zəng edib deyir ki, dediyiniz mövzu ilə bağlı akademiyada iş götürmüşəm. Mən deyirəm ki, hansı mövzudan danışırsan. Nə bilirsiniz axı. Mən hələ kəşfim haqqında danışmamışm. Ümumiyyətlə kəşfim haqqımda bir kəlmə söz deməmişəm. Deyir ki, gəlib sizinlə danışmaq istəyirəm. Gəlin dedim. Gəlmək əvəzinə qəzetə zəng edib deyir ki, mən sübut etdim ki, Sərdar Cəlaloğlunun dedikləri saxtadır. Nəyi sübut etmisən axı.

Kəşf etdiyim elmin öz metodologiyası, öz məntiqi var. Bu elm bugünkü dünya elminin böyük kəşf adlandırdığı kəşflərin 99 faizini yanlış olduğunu, çaşmalardan ibarət olduğunu, ona görə də həqiqətlər nisbidir deyildiyini sübut edir. Misal üçün, Nyutonun qanunlarına mexanikanın qızıl qanunları deyirdilər. Enşteynin ümumi nisbilik nəzəriyyəsi, baxmayaraq ki, o da yanlışdır, sübut edir ki, Nyutonun qanunları başqa sistemdə özünü doğrultmur.

Nyuton qanunları kəşf edərkən obyektiv formasını nəzərə almayıb. Yalnız bir ideal forma götürüb və bunun üzərində hərəkəti öyrənib. Halbuki fizika elmində ginematika sahəsi forma ilə hərəkəti öyrənir. Nyutondan fərqli olaraq kütlə ilə təzyiqi kənara qoyub hərəkətin forması ilə hərəkətin qanunları öyrənilir. Burdan nisbi həqiqəti aşkar edirsən. Mən isə deyirəm ki, hər bir obyektin həm formasını, həm kütləsini, həm də təzyiqini nəzərə alaraq nəzəriyyə vermək olarmı? Bunu inkişaf etdirəndə hara gedib çıxırıq. Məlum olur ki, bununla Allahın dünyanı necə yaratdığını kəşf edirik.

-Siz Lütfizadənin kəşflərinə necə baxırsınız?

-Lütfizadənin qeyri-səlis məntiqi əslində Aristotelin məntiqinin modifikasiyadır. Yeni məntiq yaratmaq üçün yeni modus əlavə etmək lazımdır. Lütfizadənin qeyri-səlis məntiqində yeni modus yoxdur. O Arostotelin modusu ilə yaranma proseslərini şərh etməyə cəhd edir. Yəni biri var, bir, bir də var birdən ikiyə qədər olan proses. Onun qeyri-səlis məntiqi proses haqqındadır. Amma yenə də Aristotel məntiqinə əsaslanır. Çünki yeni modus yoxdur. Misal üçün, paralel məntiq var, paralel məntiq Aristotelin məntiqindən ona görə fərqlənir ki, iki məntiq modusu ilə fikri inkişaf etdirərkən bunlar heç vaxt kəsişmir, paralel xətlərin kəsişmədiyi kimi. Yəni bir mövzunu iki fərqli məntiqlə götürsək, onların kəşfləri heç vaxt üst-üstə düşmür. O cümlədən dinlə elm fərqli moduslardan istifadə etdiyinə görə din dünyanı bir cürə təsvir edir, elm başqa cür. Burda paralel moduslar var. Aristotel ardıcıllıq modusunu əsas gətirərək bildirirdi ki, burda Allaha, o dünya anlayışına yer yoxdur. Nə var bu dünyadadır. Bir də var çarpaz moduslar. Misal üçün, iki müxtəlif məntiq eyni modusdan istifadə edirsə, hansısa nöqtədə onların kəşf etdikləri həqiqətlər həmin modusdan keçir. Buna çarpaz, yəni iki fərqli məntiqin kəşf etdiyi həqiqət deyirlər. Elmlə dinin bir məsələni eyni qaydada tətbiq etməsi çarpaz moduslu məntiqdir. Mən bunların hamısının nöqsanlarını izah edib kənara qoymuşam. Əlavə kondisioloji məntiq vermişəm. Bu, bütünlükdə vəhdətin məntiqi haqqındadır. Bu zaman biz Kosmosu da düzgün dərk edəcəyik, dünyanı yaranmasını da. Bugünkü elmlərin böyük əksəriyyətinin boşboğazlıqdan başqa bir şey olmadığını da sübut edirik.

-Kəşfi siz etmisiniz. İndi bizim kosmos haqqında bilmədiyimiz nə var ki, siz onu bilirsiniz?

-Adi bir şey deyim. Elektrik mənfi yüklü hissəciyin hərəkətidir. İkinci yük müsbət yükdür, bəs bunun hərəkəti nədir? Heç kəs deməyəcək ki, müsbət yükün hərəkəti nədir. Çünki bu hərəkətin heç bir fəlsəfi, elmi fikri yoxdur. Çünki bunu işəməyiblər. Yalnız mənfi yükün qanuna uyğunluqlarını işləyiblər. Bəs müsbət yük harda qaldı?

Fizika elmi müsbət yükün hərəkətini öyrənmədiyinə görə də, fikrin materiyaya necə çevrilməsini öyrənə bilməyib. Allah dedi “ol”, dünya oldu. Allahın “ol” sözü materiyaya necə çevrildi. Bunu öyrənmək üçün müsbət yükün hərəkət qanuna uyğunluqlarını öyrənmək lazımdır.
Daha bir misal. İstənilən biologiya alimindən soruşun ki, metamorfoza nədir. Yəni necə olur ki, tır-tır sonradan qanadlanıb kəpənək kimi uçur. O, tırtırın kəpənəyə keçməsini nə ilə izah edə bilər?

Yaxud onkoloqlardan soruşun ki, metastaz nədir. Bir orqanın xəstəliyi necə olur ki, başqa orqana, hansı ki, hüceyrəsi fərqlidir, öz xətləri ilə ötürülür. Bir alim bunu izah edə bilər?!

Fizika elmində bir çox hərəkətlər var ki, orda heç bir məntiq yoxdur. Bunları bilmədiyimizə görə necə idrak edirik, ruh insan bədəninə necə keçir, necə çıxır, o dünya necə yaranıb. Bu dünya nədir, o dünyadan bura, burda o dünyaya keçid necədir kimi suallara cavab tapa bilmirik. Çünki biz yalnız fiziki hərəkətləri bilirik. Bir də ən dərin bildiyimiz elektorunun hərəkətləridir. Elektronun əksinə olan müsbət yükün hərəkəti haqqında heç nə bilmirik.

Əgər Azərbaycanda fizika sahəsində bir akademik, bir filosof sübut etsə ki, Sərdar Cəlaloğlu yanlış deyir, onda məni biabır edin. Nə bilirsiniz, bəlkə mənə buna görə Nobel mükafatı verəcəklər. İndidən düşmüşünüz ortalığa.
Yenə deyirəm: kəşfimin mahiyyəti fikrin materiyaya, materiyanın fikrə çevrilməsinin hərəkətlərinin qanunları haqqında nəzəriyyədir. Dünyada kimsə bu haqda deyə bilib?- Yox.

-Kəşfinizin dünyada tanınması, qəbul olunması üçün nə edəcəksiniz?

-Bu dəqiqə iki xətlə, həm elmi, həm də qeyri-elmi xətlə buna çalışıram. Roma papasına, eləcə də Xamnəyiyə bunu çatdıracağam. Bir də Nobel Komitəsinə təqdim edəcəyəm . Çünki bu, bir tərəfdən elm, bir tərəfdən də dinlə bağlı ciddi problemin həllidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm