SOCAR "Palmali"nin səhmlərini alır: Danışıqlar aparılır
Bizi izləyin

Digər

SOCAR "Palmali"nin səhmlərini alır: Danışıqlar aparılır

“Palmali International Holding Co Ltd”-nin (“Palmali”) səhmlərinin bir qisminin alınması ilə bağlı danışıqlar aparır.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov səhmlərin çoxluğunu nəzarətində saxlamaq şərti ilə, səhmlərin bir qisminin satışı ilə bağlı SOCAR və ABŞ-ın “Goldman Sachs” bankı ilə danışıqlar aparır. Satılması nəzərdə tutulan səhmlərin sayı və qiyməti açıqlanmayıb. Səhmlərin satışı ilə bağlı danışıqların avqustun sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. “Hürriyet” avqustun sonuna qədər bitəcək müzakirələrin yekununda M. Mənsimovun “Palmali”-nin səhmlərinin bir qismini məhz SOCAR-a satmasının daha yüksək ehtimal olduğunu yazıb. Gəmilərinin yükdaşıma həcmini 3 milyon tondan 5 milyon tona çatdırmağı qarşısına məqsəd qoyan M. Mənsimov səhmlərin bir qisminin satışı nəticəsində yeni gəmilər almağı planlaşdırır.

Qeyd edək ki, SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında SOCAR-ın "Palmali International Holding Co Ltd"-yə 120 mln. ABŞ dolları məbləğində kredit ayırdığın əksini tapıb. Kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik LİBOR üstəgəl 4,5% dərəcəsi ilə ayrılıb. Müqavilənin şərtlərinə əsasən, əsas və faiz məbləği hər rüb ödənilməlidir. 31 dekabr 2015-ci il tarixinə "Palmali"yə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri 122 milyon manatdır.

SOCAR və "Palmali"nin səhmdarları arasında 7 oktyabr 2009-cu il tarixində imzalanmış Səhmlərin Girovu haqqında Sazişə və Korporativ Zəmanətə uyğun olaraq qarşı tərəf 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi və "Palmali"dəki müvafiq iştirak payını yuxarıda qeyd olunan kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi girov qoyub. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı 20 mart 2008-ci il tarixində SOCAR-ın törəmə müəssisələrindən biri ilə imzalanmış nəqliyyat xidmətləri üzrə müqaviləyə uyğun olaraq, "Palmali" əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoyub. Bu girov müqavilələri "Palmali"nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm