Ağdam və Tərtərdə bayram aksiyası - FOTOLAR
Bizi izləyin

Digər

Ağdam və Tərtərdə bayram aksiyası - FOTOLAR

Müqəddəs Qurban bayramı münasibətilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatlaçılığı və Türkiyə səfirliyinin Din xidmətləri müşavirliyinin dəstəyi ilə Ağdam və Tərtərdə tədbir keçirilib.

Birlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Qurban bayramının mühüm əhəmiyyəti insanlar arasında varlı, kasıb demədən hər kəsi bir araya gətirməsidir: “Cəbhənin ən qaynar xəttində yaşayan həmvətənlərimiz öz varlıqları ilə şanlı ordumuza ruh yüksəkliyi verir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bu bayramın dini mahiyyətini vurğulayaraq qeyd edib ki, Allah-Təala Qurban bayramında varlılara savab qazanmaları üçün bir fürsət verir: “Varlılar öz mal-mülklərindən bir miqdarını qurbanlıq alıb kəsərək, imkansız insanlara paylayırlar. Bununla da Allah qatında yaradanın rizasını qazanmış olur”.

Qarabağ Qaziləri İctimai Birliyinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Şamil Əbilov, Ağdam Cümə məscidinin axundu Barat Bağırov və digərləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin həyata keçirdiyi bu humanitar aksiyanı yüksək qiymətləndirib.

Daha sonra birliyin təşkilatçılığı ilə Ağdamın Xındırıstan kəndində və Tərtər şəhərində şəhid və qazi ailələrinə qurban payları paylanıb. Eyni zamanda Tərtərin cəbhə bölgəsində yerləşən Çaylı, Şıxarx kəndlərindəki ailələrə də qurban və ərzaq payları verilib.

Qeyd edək ki, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən təşkil olunan bu aksiya Bakıda da davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm