
Masallı sakininin həyətindən külli miqdarda çətənə kolları aşkarlanıb. Maraqlıdır ki, saxlanılan şəxs narkotik vasitədən düz 40 ildir ki istifadə etdiyini və bu narkotik maddələrin onun üçün hələ az olduğunu deyir.
Publika.az-ın məlumatına görə, Masallı
polisinin həyata keçirdiyi əməliyyat - axtarış tədbirləri
nəticəsində rayon sakininin həyətyanı sahəsindən külli miqdarda
narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Rayon
Polis Şöbəsinin (RPŞ) təhqiqat bölməsinin rəisi Aslan Rzayevin
verdiyi məlumata görə, Masallının Ərkivan qəsəbə sakini, 51 yaşlı
Lazım Şahrza oğlu Hüseynovun narkotik vasitələri qeyri-qanuni əkib
becərməsi ilə bağlı şöbəyə məlumat daxil olub.
Daxil olan məlumat əsasında polis şöbəsinin əməkdaşları dərhal hərəkətə keçiblər. Lazım Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ev sahibinin bostan və tərəvəz bitkiləri arasında dibçəklərdə və torpaqda qanunsuz olaraq əkib -becərdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 37 çətənə kolu aşkar edilib. Lazım Hüseynov isə saxlanılaraq şöbəyə aparılıb. O, törətdiyi cinayət əməlini etiraf edərək, çətənəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.