Əli Həsənov məcburi köçkünləri qəbul edib
Bizi izləyin

Digər

Əli Həsənov məcburi köçkünləri qəbul edib

Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabineti Aparatının vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, eyni zamanda, digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.

Publika.az-ın məlumatına görə, qəbulda Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Ə. Həsənov qəbulda bildirib ki, prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir. Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var: “Təkcə Bakıda ağır şəraitdə yaşayan məcburi köçkünlərin sayı 300 min nəfərdən çoxdur, həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq”.

Baş nazirin müavini bu dəfə də qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləyib, bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapıb, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 17.00-dək davam edib və bu dəfə ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib. Sonda Ə. Həsənov qəbula yazılmayan məcburi köçkünləri də qəbul edib, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb. Ə. Həsənov bildirib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm