Rayonlardan gələn avtomobillər Bakıya buraxılmayacaq
Bizi izləyin

Digər

Rayonlardan gələn avtomobillər Bakıya buraxılmayacaq

Bakıda tıxacları aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi mühüm qərar qəbul edib.

Bundan sonra rayonlardan Bakıya gələn avtomobillər şəhərə buraxılmayacaq. Nazirlik bunu rayonlardan gələn sürücülərin bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də şəhərdə qəzalar törətmələrilə izah edir. Nəqliyyat Nazirliyindən bildirirlər ki, problemin həlli istiqamətində artıq layihələr də var.

Belə ki, Bakıda rayondan gələn avtomobillərin park edilməsi üçün xüsusi dayanacaqlar yaradılacaq. Yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq.

Rayondan gələn sürücü maşını burada qoyacaq və istədiyi yerə ictimai nəqliyyat, yaxud taksilə gedəcək. Nazirlikdən bildirilir ki, bu paytaxtda tıxacların azalmasına səbəb olacaq. Nazirliyn mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, hələlik bu addım məcburi yox, könüllü xarakter daşıyır.

“Hələlik bu məcburi deyil, könüllüdür. Lakin belə davam edərsə, bunu məcburi şəkildə edəcəyik”, - deyə N.Həsənov bildirib.

Ekspertlər isə bunu məcburi tətbiq etməyi uğursuz addım hesab edirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənovun verdiyi məlumata görə, ümumiyyətlə bu addım insanlara xeyirdən çox zərər verəcək.

“Rayondan Bakıya gələnlərin məqsədləri müxtəlif olur. Bəziləri şəhərə xəstə, bəziləri kənd təsərrüfatı məhsulları gətirir. Onlar öz avtomobillərilə Bakıya gələndə, çəkdikləri xərc də az olur. Lakin onlar şəhərə buraxılmadıqda məcbur olacaqlar ki, əlavə xərc çəksinlər”, - deyə Azər Allahverənov vurğulayıb.

Ekspertin fikrincə, belə bir ideya varsa, bu könüllü olmalıdır. Bundan başqa, bu layihə hazırlanarkən kiçik nüanslar nəzərdən qaçmamalıdır.

“Həmin dayanacaqlardan şəhərin istənilən nöqtəsinə ictimai nəqliyyat işləməlidir. Bu nəqliyyat vasitələri də kifayət qədər ucuz olmalıdır. Yəni həmin nəqliyyat vasitələri dövlət tərəfindən təşkil olunmalıdır. Əgər belə olarsa, bəlkə o zaman bu ideya öz bəhrəsini verər”, - deyə Azər Allahverənov əlavə edib.

Ekspertin sözlərinə görə, bu addım tıxacın azaldılmasına çox az şəkildə təsir edəcək: “Düşünürəm ki, bunu geniş şəkildə yox, sadəcə pilot layihə kimi həyata keçirtmək olar. Yəni şəhərin girişlərində dayanacaqlar qurmaq olar. Yəni bunu məcburi etmək olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm